Skip to content
Home » Ali Məhkəmə

Ali Məhkəmə

İnzibati binalar yalnız funksionallığı ilə seçilən strukturlar deyil, onların fasad görünüşü kənardan baxanlara həm əzəmətli, həm də nizamlı təsir bağışlamalıdır. Çünki bu binalar təkcə dövləti deyil, həm də cəmiyyəti simvolizə edir. Bu binaların memarlığında estetik gözəllikdən əlavə, psixoloji dil də mühüm rol oynayır. İnzibati binalar dövlətin görünən üzüdür. Onların memarlığında güc, nizam və məsafə hissi duyulmalıdır. Memarlıqda fasad təkcə estetik deyil, həm də psixoloji dildir. Hündür tavanlar, sərt xətlər, soyuq daşlar hər biri insana nə ilə, daha doğrusu, kimlə qarşı-qarşıya olduğunu xatırladır.

Bu binalar insan miqyasından bir qədər böyük olmalıdır ki, içəri daxil olanda məsuliyyət hissi oyatsın. Pilləkənlərlə yuxarı qalxmaq sadəcə fiziki hərəkət deyil, simvolik olaraq “hakimiyyətə doğru qalxmaq” mənasını daşıyır. Burada gözəllikdən çox nizam və ciddiyyət əhəmiyyətlidir, çünki bu məkanlar ədalət, qayda və dövlət anlayışının memarlıqda təcəssümüdür. İnsan bu binalara baxanda içində bir tərəfdən güvən, digər tərəfdən isə məsafə hiss edir, məhz bu da inzibati memarlığın əsas məqsədidir.

Bu gün Ali Məhkəmənin binası haqqında danışmaq istəyirəm. Yuxarıda yerləşdirdiyim fotoya diqqətlə baxanda, qarşıda nisbətən kiçik ölçülü girişin, arxada isə mərhələ-mərhələ böyüyən həcmlərin varlığını görürük. Sanki memarlıq dili ilə burada bir iyerarxiya qurulub — insanı addım-addım yuxarıya, böyüklüyün içərisinə doğru aparan bir nizam.

Bəlkə bu, kiçik insanın qarşısında dayanan böyük gücün təzahürüdür? Ya bu böyüklük insanı nəzarətdə saxlamaq üçün deyil, ona məsuliyyətini xatırlatmaq üçündür?

Sütunlar insan siluetlərinə bənzəyir: sükut içində bir sıraya düzülmüş, ədaləti daşıyan fiqurlar kimi. Bəlkə də ön fasaddakı səkkiz sütun səkkizguşəli ulduzumuzun memarlıqda əks olunmuş formasıdır. Və ya bəlkə də hər sütun bir prinsipi simvolizə edir: ədalət, nizam, bərabərlik, vicdan, dürüstlük, məsuliyyət, güvən və dövlətçilik.

2006-cı ildə təməli qoyulan və 2009-cu ilin 12 may tarixində açılışı olan bina memar Vüqar Həsənovun layihəsidir. Tikili klassik-eklektika üslubunda inşa edilmiş, layihədə milli daş memarlığı elementləri ilə dövlət atributları uğurla birləşdirilmişdir.

Binanın hündürlüyü 29 metr, ümumi tikinti sahəsi 22 916,36 kvadratmetr, yararlı sahəsi isə 14 388,92 kvadratmetrdir. Tikinti 1,4 hektar ərazidə aparılmışdır.

Daxili dizaynda taxta üzlüklər, şüşə arakəsmələr, geniş iclas və plenum zalları, eləcə də muzey və kitabxana nəzərdə tutulmuşdur. Bütün bu elementlər məkanın həm funksional, həm də mənəvi dəyərini artırır.

Ali Məhkəmənin binası yalnız funksionallığı ilə deyil, həm də milli memarlıq ənənələrini müasir tərzdə ifadə etməsi ilə seçilir. Bu layihə Azərbaycan Memarlar İttifaqının “Müstəqillik dövrünün ən yaxşı layihəsi” nominasiyası üzrə ikinci mükafata layiq görülmüşdür.

Klassik üslublu binaları necə qəbul edirsiniz?

Hər bir üslubu sevən, bəyənən və onu öz məkanında tətbiq edən insanlar olur. Məncə, bir insan hansı üslubu seçirsə, bu, onun xarakterinin bir parçasıdır. Klassik üslubu sevən insanlar intizamlı, sabit düşüncəli və ənənəyə sadiq düşüncəlidirlər. Elə buna görə də inzibati binalarda klassik üslub üstünlük təşkil edir, çünki bu üslub ciddiyyət, nizam və sabitlik hissi oyadır.

Ali Məhkəmənin binası da tam simmetrik quruluşu ilə insan psixikasında ədalət, sabitlik və balans hissi yaradır. Binanın əsas ideyası ədalətin və bərabərliyin üzərində qurulub.

Simmetrik fasad – “hamı qanun qarşısında bərabərdir” mesajını daşıyır.

Düz xətlər və sərt sütunlar – qərarların qəti və dəyişməz xarakterini simvolizə edir.

Binanın hündür və güclü sütunları psixoloji olaraq qüdrət, möhkəmlik və qoruyucu güc hissi oyadır. İnsan bu binanın qarşısında dayananda, içində təbii bir ehtiram hissi yaranır ki, bu da “qanunun ucalığı” duyğusunu formalaşdırır.

Binanın açıq bej-ağ daş tonları şəffaflıq, təmizlik və obyektivlik hissi yaradır. Axşam saatlarında sütunların və fasadın işıqlandırılması isə “qaranlıqda belə ədalət işıq saçır” təsiri yaradır. Bu, sanki memarlığın dilində “ədalət heç vaxt sönmür” mesajını verir.

Bütün bu elementlər birləşərək Ali Məhkəmənin binasını yalnız inzibati funksiya daşıyan obyekt deyil, həm də ədalət, nizam və sabitliyin memarlıqdakı ifadə formasıdır. Bu bina insanlarda həm etimad, həm də ehtiram hissi oyadır.

Bəs siz bu binanın qarşısında dayandığınız zaman hansı hissləri yaşayırsınız:  dəyər, qorxu yoxsa ədalətə inam?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir