Heç fikirləşmisinizmi, şəhərlərdəki binalar niyə bu qədər ciddi görünür? Küncləri düz, rəngləri solğun, formaları sərt və sanki hamısı bir-birindən “çox vacibəm” havası alır. Gəzəndə adam özünü bir az tərbiyəli, bir az ciddi aparmaq istəyir. Sanki binalar “oynama, sakit dur, düz get” deyir bizə. Amma sual budur: Binalar bizi ciddi edir, yoxsa biz ciddi olduğumuz üçün belə binalar tikirik?
Almaniyayadan misal çəksək, şəhərləri qayda-qanunla tikilib: səliqəli, ciddi və bir o qədərdə nizamlı. İnsanları da eynilə elədir – dəqiq, sistemli, məsuliyyətli. Amma bu tikililər bu xarakteri gücləndirmirmi? Səliqəli fasadlar, paralel xəttlər və vahid rəng palitrası insanlara “burada hər şey planlaşdırılıb, hər detal nəzarət altındadır” mesajını ötürmürmü?
Ya da götürək SSR dövrünü – alçaq, dar evlər, bir-birinə bənzəyən bloklar… İnsan orda özünü böyük, güclü, yaradıcı hiss edə bilərmi? Məsələn, qapalı və ciddi görünüşlü binalar – sanki “nəzarət” və “intizam” dövrünün göstəricisidir. Bu binalar insanlara fərdilikdən daha çox kollektivlik mesajı verir, hər kəsin eyni qalması, fərqliliyin isə istənməməsi vurğulanır. Hər künc, hər divar sanki “sən yalnız bu qədərsən” deyir, insanın öz potensialını görməsinə imkan vermir. Buna görə də, binaların sərtliyi və monotonluğu insan psixologiyasına da təsir edib, yaradıcı ruhları tələyə salan görünməz divarlara çevrilir.
Bir az da xəyal edək…
İndi isə gəlin əksini təsəvvür edək. Tutaq ki, yaşadığın bina çizgi film qəhramanlarının evinə bənzəyir. Qonşuluqdakı ev gülümsəyirmiş kimi görünür. Pəncərələr yuvarlaqdır, qapılar əyri, pilləkənlər nağıl kimi. Hər tərəf rəngli və sərbəst formalarda. Bu mühitdə özünü necə hiss edərdin?
Məncə insan bir az da uşaq kimi, daha sərbəst, yaradıcı, ruhən yüngül hiss edərdi. Elə bil cizgi filmində yaşayırsan. Belə bir şəhərdə insanlar daha çox gülümsəyərdi, daha çox ünsiyyət qurardı. Çünki ətraf mühit yalnız gözümüzü yox, ruhumuzu da formalaşdırır.
Düzdür, cizgi film üslubunda binalar dünyada çox nadirdir. Amma var! Məsələn, Moskvada Pasxa yumurtası formasında bina, ya da Salvador Dalinin Figueresdəki muzeyi – bu tikililər təkcə memarlıq deyil, bir ruh halıdır. Onlara baxanda ciddi mövzulara da gülümsəməklə yanaşmağın mümkün olduğunu anlayırsan.

Adətən uşaq bağçaları, məktəblər rəngli olur. Niyə? Çünki uşaqların şənliyə ehtiyacı var deyə. Bəs biz – böyüklər? Bizim də rənglərə, fantaziyaya, zarafata ehtiyacımız yoxdumu? Bəlkə də biz binaları ciddi formaya salmaqla özümüzü də ciddiyə salırıq – amma bəlkə də daha şən binalar bizə daha şən bir həyat yaşada bilər.

Bəzən bir bina, bizim gündəlik ovqatımıza, yanaşmalarımıza, düşüncəmizə təsir edən bir görünməz tərbiyəçi”yə çevrilir. Bəlkə də şəhərlərimizi bir az nağıla bənzətsək, gündəlik həyatımız da bir az daha nağılvari keçərdi.
Belə bir şəhərdə yaşayan insan sosial davranışlardan kənar ola bilərmi? Misal üçün, şən bir insanın yanında əhvalımız necə yüksəlirsə, rəngli, canlı, “gülümsəyən” bir binanın yanında da ovqatımız yüngülləşməzmi?
Əksinə, qaranlıq, sıx və boz tikililər arasında uzun müddət yaşayan insan – bəlkə də səbəbini anlamadan – getdikcə daha tutqun, daha içəqapanıq ola bilər. Çünki ətraf mühit təkcə gözümüzə deyil, ruhumuzun ritminə də təsir edir.
Bəs səncə, yaşadığın bina sənə kim olduğunu xatırladır, yoxsa kim olmalı olduğunu?