Skip to content

Niyə Biz Mükəmməl Olmağa Çalışırıq? – Le Corbusier

Diqqət etmisinizmi, təbiətdə nə mükəmməl düzlükdə bir xətt var, nə də tam 90 dərəcəli bucaq və ya ideal çevrə. Hər şey sərbəstdir, axıcıdır, öz-özünə yaranıb inkişaf edir. Və qəribə olsa da, məhz bu qeyri-dəqiqlik bizə daxili rahatlıq gətirir.

İnsan isə çox vaxt bu təbiiliyin əksinə gedir. İstər davranışda, istər mühitdə, istərsə də zahiri görünüşdə mükəmməllik axtarırıq. Bəzən elə bilirik ki, “ideala” çatmaqla həyatımız da daha dəyərli və mənalı olacaq. Amma unuduruq ki, insanın özü təbiət kimidir – dəyişkən, fərqli və bəzən də ziddiyyətli.

Bu dərk etmə ilə yanaşı, həyatımızın ən vacib hissələrindən olan yaşadığımız məkanların da təbiətdən uzaqlaşması paradoksal görünür. Bəs niyə tikdiyimiz binaları sərt xətlər, kəskin bucaqlar və ölçülü, qapalı otaqlarla inşa edirik? Niyə məkanlarımız təbiəti izləmək əvəzinə ondan uzaqlaşır?

Yəqinki, bu sualın cavabı,  modern memarlığın öncüllərindən olan Le Corbusierə dayanır. O, şəhərləri “yaşayan maşınlar” kimi görürdü. İnsan ölçüsünü əsas meyar kimi qəbul etsə də, əslində insanı sistemə tabe edən, şəxsiyyəti yox sayan bir yanaşma ilə standartlaşdırılmış, mexaniki və ruhsuz şəhərlər qurmağa başladı.

Le Corbusier, şəhərləri “yaşayan maşınlar” kimi təsəvvür edirdi. Onun üçün ev sadəcə “yaşamaq üçün bir maşın” idi. İnsan ölçüsünü əsas meyar kimi götürsə də, yanaşması son nəticədə insanı sistemə tabe edən, fərdi ehtiyacları yox sayan bir istiqamətə yönəldi.

Le Corbusier-in ideyaları ilə inşa edilən şəhərlər səliqəli, funksional, kəskin xətli və standartlaşdırılmış strukturlarla doludur. Bu cür şəhər planlamasında yollar düz, binalar kvadrat, məkanlar ölçülüdür — amma ruhsuzdur. İnsanın psixoloji ehtiyaclarını nəzərə almaqdan çox, funksionallıq və riyazi dəqiqlik əsas tutulur. Bu isə zamanla insanın öz mühitindən uzaqlaşmasına, şəhərlərlə emosional əlaqənin qırılmasına səbəb oldu.

Bəs sual yaranır: Le Corbusier olmasaydı, memarlıq bu gün də eyni şəkildə inkişaf edərdimi? Yoxsa daha təbiiyə yaxın, insani duyğuları nəzərə alan, harmonik formalar üzərində qurulmuş bir memarlıq mədəniyyəti formalaşardı?

Le Corbusier urbanizasiyanı inkişaf etdirdi, yoxsa urbanizasiya Le Corbusier-i bu şəkildə düşünməyə məcbur etdi?

Əslində, Le Corbusier tək deyildi. O dövrün sürətlə sənayeləşən cəmiyyətləri, əhalinin şəhərlərə axını və funksionallığa olan ehtiyac modernist düşüncəni dəstəkləyirdi. Bu səbəbdən onun ideyaları zamanın ruhu ilə ayaqlaşırdı. Amma bu, alternativ yolların mümkün olmadığı demək deyildi. Elə Frank Lloyd Wright və ya Alvar Aalto kimi memarlar təbiətə daha yaxın, insanla uyğunlaşan dizaynlar təklif edirdi. Onların yanaşmasında sərt bucaqlardan çox axıcı keçidlər, təbiətlə inteqrasiya və insan mərkəzli məkanlar var idi. Bəlkə də memarlıq Le Corbusier-in deyil, Wright və Aalto-nun cığırından getsəydi, bu gün şəhərlərimiz daha yumuşaq, daha canlı və daha yaşanılası olardı. 

Bu yanaşmanın müasir dövrdəki davamçılarından biri də Zaha Hadid idi. Onun memarlıq dili sərt xətlərdən və riyazi dəqiqlikdən uzaq, axıcı, futuristik və sərbəst formalar üzərində qurulmuşdu. Hadid-in layihələri çox vaxt dalğa kimi əyilən divarları, spiralvari keçidləri və simmetriyadan uzaq, lakin vizual baxımdan harmonik strukturları ilə seçilirdi. Məhz bu fərqlilik, bu sərt olmayan üslub onu dünya miqyasında sevilən və tanınan bir memara çevirdi. Zaha Hadid-in memarlığı insan duyğularına toxunur, mexaniki sistemlərdən çox, təbiətin axıcılığına bənzəyirdi. Onun dizayn etdiyi məkanlarda insan özünü daha sərbəst və yaradıcı hiss edir.

Təbiətlə harmoniyada qurulmuş evlər — yalnız fiziki deyil, həm də psixoloji baxımdan dincəlmək üçün ən əlverişli mühitdir. Belə məkanlarda insan özünü daha balanslı, daha rahat və daha dərin bir bağlılıq içində hiss edir.

Bu ehtiyacımızı şüuraltı olaraq etiraf edirik. Evin dizaynını tamamlayarkən son toxunuş olaraq təbii otaq bitkiləri əlavə edirik. Çünki onların sərbəst forması, simmetrik olmayan görünüşü və yaşıl rəngi süni mühitə canlılıq gətirir. Hər şeyin qaydasında və ölçülü olduğu bir interyerdə bu “təbii xaos” insana nəfəs almaq imkanı verir.

Memarlıq və dizayn anlayışımız yenidən soruşmalıdır: Mükəmməllikmi bizi xoşbəxt edir, yoxsa təbiətin içindəki sadə, qeyri-standart və azad formalarmı?

A minimalist perspective of a modern building facade with sleek windows against a pale sky.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir