Skip to content

Sosializm, yoxsa kapitalizm?

İnsanların bir-birinin evinə xəbərsiz getdiyi dövrü görən son nəslin nümayəndəsiyəm. Evlər hər an kimsə gələcəkmiş kimi səliqəyə salınar, süfrəyə qoymaq üçün şirniyyatlar hazırda gözləyərdi. Çünki o dövrdə qapının qəfil döyülməsi heç də təəccüblü deyildi.

Bu həyat tərzinin formalaşmasında adət-ənənələrdən daha çox, dövrün sosial-iqtisadi quruluşu mühüm əhəmiyyət kəsb edirdi.

Sosialist sistemdə istehsalat bugünkü qədər çox olmadığından, insanları daha çox birlikdə yaşamağa təşviq edirdilər. Böyük ailə xoşbəxtliyin simvolu kimi, tək yaşayan və ya kiçik ailəsi olan insanlar isə bədbəxt insanlar kimi qələmə verilirdi. Hətta bir evdə bir neçə ailənin birlikdə yaşaması ailə səadəti nümunəsi hesab olunurdu.

Kapitalist sistem isə bunun əksinə, istehsalatı artırır və insanları tək yaşamağa təşviq edir. İnsan tək yaşasın ki, ona daha çox əşya sata bilək. Boşansın ki, iki ayrı evə ehtiyac yaransın. Hətta evlənsə belə, ayrı evlərdə yaşasınlar (hələ ki ölkəmizə gəlib çatmayan yeni trend). Evlənməyənləri isə ev heyvanı saxlamağa təşviq edək ki, uşaq böyüdüb pul xərcləmirlərsə, ev heyvanına daha çox xərcləsinlər.

Bəs bütün bunlar memarlığa necə təsir edir?

Ev tikintisi bazarına təsirindən danışmayacağam. Onsuz da məlumdur ki, kiçik kvadratmetrajlı mənzillərə tələbat artıb. Bunun arxasında iqtisadi səbəblərlə birlikdə, tək yaşayan insanların sayının artması da dayanır.

Amma əsas məsələ mənzillərdə yox, “üçüncü məkanların” çeşidliyindədir.

Sosialist sistemdə insanlar bir-birinin evinə qonaq gedər, böyük süfrələr açar, ad günlərini və bayramları evdə qeyd edərdilər. Bu gün isə xüsusi günlərin restoranlarda keçirilməsi, dostların görüşmək üçün kafelərə üz tutması, uşaqların belə evdə deyil, əyləncə mərkəzlərində bir araya gəlməsi adi hala çevrilib.

Evə qonaq gəlməsi isə əvvəlki qədər normal qəbul edilmir.  Çünki kapitalist sistem üçün evdə keçirilən görüşün birbaşa iqtisadi dəyəri yoxdur.

Bu dəyişiklik isə bir anda baş vermədi. İnsanların evdən kənarda sosiallaşmağa alışması üçün tanış mühiti xatırladan məkanlar formalaşmalı idi.

Bir çoxunuz yəqin ki, təxminən 15 il əvvəl Bakıda olan “Çudo Peçka”ları xatırlayır. Oradakı mühit bugünkü kafelərdən fərqli idi. Orada adını bilmədiyimiz qidalar yox, ev ab-havasını xatırladan dadlar var idi. Hətta uşaqlığımızda anamızın hazırladığı südlü kakaonu belə orada tapmaq mümkün idi.

Çudo Peçka tipli məkanlar vasitəsilə insanların kafe və restoran mədəniyyətinə alışması mərhələli şəkildə baş verdi. Əgər bu dəyişiklik bir anda baş versəydi, yəqin ki, cəmiyyət onu indiki qədər rahat qəbul etməzdi. Əvvəlcə ev rahatlığını xatırladan məkanlar yarandı, sonra isə bu məkanlar tədricən müasir kafe konsepsiyaları ilə əvəz olundu.

Sonra kafe mühitinin özündən də bezdik və daha sərbəst, qeyri-formal mühit axtarmağa başladıq. Beləcə antikafelər ortaya çıxdı. Çayxana mədəniyyətini özünə yaxın hiss etməyən müasir gənclər üçün isə book kafelər yarandı. Işləmək üçün coworking-lərə, dostlarımızla vaxt keçirmək üçün isə Art kafelərə üz tutduq.

Kapitalist sistemin maraqlı tərəflərindən biri də odur ki tələb yaratmaqla yanaşı, həmin tələbə uyğun yeni məkanlar da yaradır.

İnsanların həyat tərzi dəyişdikcə məkanlara olan ehtiyacları da dəyişir. Ev əvvəlki kimi əsas sosiallaşma məkanı olmaqdan uzaqlaşdıqca, onun funksiyalarının bir hissəsini restoranlar, kafelər, əyləncə mərkəzləri və digər “üçüncü məkanlar” öz üzərinə götürür.

Düşüncələrimizin, seçimlərimizin və istəklərimizin belə sistemlər tərəfindən formalaşdırıldığı bir dünyada, həqiqətən nə istədiyimizi necə ayırd edə bilərik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir