Skip to content

Şəki

Azərbaycanın bölgələri arasında ən sevdiyim və fürsət düşdükcə getdiyim rayon Şəkidir. Şəkini xatırlayanda isə ilk ağlıma gələnlərdən biri Xan sarayının qarşısındakı tütək çalan babadır.

Açığı, tütək səsini gündəlik həyatda o qədər də sevmirəm. Televizorda qarşıma çıxanda kanalı dəyişirəm desəm yalan olmaz. Amma Şəkidə, Xan sarayının qarşısında, çəmənliyin üstündə eşidilən tütək səsi tamam başqadır. Sanki insanın ruhuna toxunur.

Bəs niyə?

Magistratura təhsili aldığım dövrdə Gülçöhrə Məmmədova tədris etdiyi fəndə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan mədəni irs nümunələrimizdən bəhs edirdi. Həmin dərsdə aşıq sənətinin də UNESCO tərəfindən tanındığını bildirdikdə, biz tələbələrin üzündə yaranan “Aşıq sənəti?” :/” ifadəsi yarandı. Amma heç birimiz risk edib dilimizə gətirəcək qədər cəsarətli deyildik. Nə də olsa, ciddi bir rektorun qarşısında oturmuşduq. Gülçöhrə xanım sağ olsun üzümüzdəki ifadəsi oxuyaraq sözünə davam etdi ki “Siz 16-cı mərtəbədə oturub böyük plazma televizorunuzda aşıq çalğıların dinləsəniz əlbəttə ki, bəyənməyəcəksiniz amma dağın ətəyində qoyun-quzu sürüsünün yanında otursanız aşıq musiqisi ruhunuza toxunacaq.

Və bu gün anlayıram ki həqiqətən də hər şeyin öz yeri var, qidanı da öz yerində yeməlisən, musiqini də öz yerində dinləməlisən ki ondan zövq ala biləsən. Şəhər plazalar, paketli qidalar və dinamik musiqilər üçündür… Şəki isə mənim üçün tamam başqa bir dünyanın adıdır.

Şəki tacirlərin, səyyahların gəlib-keçdiyi, müxtəlif mədəniyyətlərin bir-birinə toxunduğu qədim bir şəhərdir. Bəlkə də məhz buna görə bu şəhərə qarşı belə böyük simpatiyam var. Mən ümumiyyətlə mədəni mühitləri və müxtəlif mədəniyyətlərin bir-birinə təsir etdiyi yerləri sevirəm.

Şəkiyə etdiyim səfərlərin birində bir xanımla söhbət edərkən:

“Buranın insanları digər regionlarımızın insanlarından fərqlənir. Çox mədənidirlər. Digər regionlardan fərqli olaraq burada xanımlar daha sərbəstdirlər. Sərbəst şəkildə gəzir, əylənirlər.”

O isə çox maraqlı bir cavab verdi:

“Bura İpək Yolunun üstündə olan şəhər olub. Gəlib-gedən müxtəlif xalqların müsbət xüsusiyyətlərini mənimsəyə bilmişik.”

Nə qədər sadə, amma nə qədər dərin fikirdir.

Turistik şəhərlər ancaq insanların maddi vəziyyətini yaxşılaşdırmaqla inkişaf etmirlər. Onlar həmçinin əsrlər boyu şəhərə gəlib-gedən insanların, tacirlərin, səyyahların və müxtəlif xalqların gətirdiyi mədəni xüsusiyyətləri də mənimsəyirlər.

Karvansaraylar

Şəkinin çoxsaylı maraqlı tikililəri var. Amma mənim ən sevdiyim məkanlardan biri bəlkə də birincisi karvansaraydır.

Qalın daş divarlar, böyük tağlı qapılar, geniş həyət…

Karvansaraylar öz dövrünün ehtiyaclarından yaranmış memarlıq nümunələridir. Bir növ, bugünkü motelə bənzəyirlər. “Otel” demirəm, çünki karvansaraylarda yalnız insanlar üçün deyil, dəvələr və digər yük heyvanları üçün də yerlər nəzərdə tutulurdu.

Bugünkü dəvə isə maşındır 🙂

Şəkidə vaxtilə bir neçə karvansarayın mövcud olduğu məlumdur. Onlardan bu günə qədər gəlib çatan ən məşhurları Yuxarı və Aşağı Karvansaraydır.

Yuxarı Karvansaray

XVIII əsrin sonlarında inşa edilən Yuxarı Karvansaray üç mərtəbəli quruluşa malikdir. Böyük həyətin ətrafında yerləşən çoxsaylı otaqlar, tağlı keçidlər və qapalı məkanlar binanın əsas funksiyasına uyğun şəkildə formalaşdırılıb.

Burada ilk növbədə təhlükəsizlik, rahatlıq və funksionallıq dayanırdı.

Tacir malını zirzəmidə saxlayır, birinci mərtəbədə alver edir, ikinci mərtəbədə isə yaşayırdı. Beləliklə, ticarət və yaşayış eyni tikilinin daxilində birləşirdi.

Darvazaların içəri hissəsində kərpicdən tağlı günbəzlər yerləşir. Əsas girişin zəngin bəzədilmiş tağı isə relyefin böyük mailliyi səbəbindən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilib.

Bu gün həmin həyətə daxil olanda nə karvanların səsini, nə də uzaq ölkələrdən gələn tacirlərin danışığını eşidirik. Amma memarlıq bütün bunların izlərini hələ də qoruyur.

Tarixi binaları dəyərli edən əsas xüsusiyyətlərdən biri də elə budur ki ora daxil olanda zamanda səyahət edirsən. Kimlərin burada yaşadığını, kimlərin buradan keçdiyini təsəvvür edə bilirsən.

Karvansarayın mənə düşündürdüyü başqa bir məsələ isə funksiyasını itirmiş tikililərə münasibətimizdir. Bir bina ilkin təyinatını itirdikdə onun taleyi mütləq sökülmək olmamalıdır. Onu yeni funksiyaya uyğunlaşdıraraq yaşatmaq mümkündür.

Yuxarı Karvansaray bunun gözəl nümunəsidir.

Bu gün karvansaray-mehmanxana kompleksi kimi fəaliyyət göstərir. Tağvari məkanların quruluşu və qalın divarlar isti yay günlərində təbii sərinliyin qorunmasına kömək edir. Burada müasir kondinsionerlərə ehtiyac yoxdur çünki yüz illər əvvəl insanlar iqlimə və materiala uyğun memarlıq həlləri yaradırdılar. Bu gün bunu etmək mümkün deyil? Bir ədəd şamla isinə bilən hamamlar tikilirdi. İndi siz deyin, biz inkişaf etmişik, ya geri getmişik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir