Bu gün Hökumət Evinin binasına memarlıq psixologiyası baxımından nəzər salmaq istəyirəm. Hər birimiz bilirik ki, memarlığın siyasi və psixoloji dili var və bu dil xüsusilə inzibati binalarda özünü daha aydın göstərir. Dünyanın hər hansı şəhərinə ilk dəfə gedərkən, bir binanın qarşısından keçəndə onun hansı məqsədlə tikildiyini bilməsək belə, funksiyasını intuitiv olaraq hiss edə bilirik. Çünki memarlığın insanlar üzərində yaratdığı bilinməyən təsiri var.
Şəhərin mərkəzində ucalan inzibati binalar dövlətin gücünü və nüfuzunu simvolizə edən memarlıq nümunələridir. Buna görə də tarix boyu bu tikililərə xüsusi diqqət yetirilmiş, onların cəmiyyətin düşüncəsinə təsir edə biləcək şəkildə layihələndirilməsinə çalışılmışdır. Belə binaların fasadları adətən simmetrik qurulur, istifadə olunan materiallar isə müəyyən siyasi mesajlar daşıyır. Möhkəm divarlar və monumental ölçülər təhlükəsizlik və davamlılıq hissi yaradır, açıq və şəffaf elementlər isə demokratik yanaşmanı ifadə edir.
Hökumət Evinin tarixi
Hökumət Evinin təməli 1936-cı ildə qoyulmuşdur. Layihələndirmə işlərinə tanınmış sovet memarları Lev Rudnev və Vladimir Munts rəhbərlik etmişdir. Əvvəlcə bina 13 mərtəbəli olaraq planlaşdırılsa da, maliyyə çətinlikləri və dövrün siyasi-iqtisadi şəraiti nəticəsində yalnız 10 mərtəbəsi inşa edilmişdir. Tikinti işlərinə İkinci Dünya Müharibəsinin başlanması da öz mənfi təsirini göstərmiş, işlər müvəqqəti dayandırılmışdır. Müharibə bitdikdən sonra tikinti prosesi yenidən sürətlənmiş və nəhayət, bina 1952-ci ildə tam istifadəyə verilmişdir.
Hökumət Evi barokko üslubunda layihələndirilsə də, onun fasadında Azərbaycan memarlıq məktəbinin klassik motivləri aydın hiss olunur. Xüsusilə Şirvanşahlar sarayının memarlığından ilham alınaraq istifadə olunan tağlar və sütunlar diqqəti cəlb edir.
Siyasi və psixoloji təsiri
Hökumət Evinə baxdıqda detallardan əvvəl, həcm diqqəti cəlb edir: böyük ölçü, geniş fasad və açıq meydan. İnsan ölçüsündən xeyli böyük olan bu tikili şüuraltı olaraq güc və sabitlik təsəvvürü yaradır.
Binanın şaquli elementləri insan baxışını yuxarı yönləndirir ki, bu da psixoloji olaraq üstün mövqeni qəbul etmək deməkdir. Tarix boyu yüksəklik güc və idarəçiliklə assosiasiya olunub; bu binada da yüksəklik hakimiyyətin dominant mövqeyini vizual şəkildə göstərir. Üfüqi xətlər sakitlik yaradırsa, şaquli xətlər ambisiyanı və gücü ifadə edir.
Binanın simmetrik quruluşu isə bu mesajı daha da möhkəmləndirir. Sol tərəf sağa cavab verir, yuxarı aşağı ilə balans yaradır. Pəncərələrin və tağların ritmik düzülüşü, yuxarı hissədəki memarlıq elementlərinin ahəngi, hətta işıq və kölgənin sərt bucaqlarda yaratdığı oyun tikilidə nizam və struktur hissi formalaşdırır. Simmetriya insana təhlükəsizlik və idarə olunan sistem təsuratı yaradır. Memarlıq dili ilə “mexanizm işləyir” mesajı ötürülür.
Fasadda istifadə olunan klassik elementlər legitimlik mesajı daşıyır. Bunlar qədim imperiya memarlığından gələn vizual kodlardır. Tarix boyu zəfər tağları imperiyaların gücünü və qalibiyyətini ifadə etmişdir. İnzibati binalarda istifadə olunan iri tağlar da hakimiyyətin özünü davamlı və möhkəm bir struktur kimi təqdim etməsi üsuludur.
Klassik sütun sistemi də eyni mesajı daşıyır. Sütun memarlıqda dayaq və sabitlik rəmzidir. O, fiziki olaraq binanı daşıdığı kimi, simvolik olaraq da sistemi daşıyan institutları ifadə edir. Bu forma vasitəsilə dövlət özünü “köklü” və “əsaslı” göstərir.
Memarlıq dilini rəssamlıq dili ilə də müqayisə etmək olar. Necə ki, tablolarda sarmaşıq adətən sədaqət və bağlılığı, quşlar isə sərbəstlik və ruhani yüksəlişi simvolizə edirsə, memarlıqda da hər kəsin bilmədiyi, lakin gördükdə hiss etdiyi belə gizli mənalar mövcuddur.
Hökumət Evinin torpaq səviyyəsindən yuxarı qaldırılması sosial üstünlük mesajı daşıyır. Platforma və pillələr həm fiziki, həm də sosial məsafə yaradır, çünki insan yüksəkliklə güc arasında avtomatik əlaqə qurur. Tarixən qalalar müdafiə məqsədilə yüksəklikdə tikilirdisə, bu gün bu effekt vizual şəkildə yaradılır.
Ümumilikdə Hökumət Evi yazılı qanunlardan əvvəl danışır. O, miqyası ilə dövlətin fərddən böyük olduğunu, simmetriyası ilə sistemin nizamını, hündürlüyü ilə üstün mövqeni, klassik elementləri ilə isə tarixilik və davamlılıq ideyasını ifadə edir. İnzibati binalarda memarlıq hakimiyyətin özünü təqdim etmə üsuludur və biz fərqində olmasaq da, bu mesajları oxuyuruq.
Memarlıqda “yuxarı” anlayışı güc, ilahi mənbə, üstün mövqe və idarəçiliklə assosiasiya olunur. Bu yerdə dini tikililərin təsirini xatırlatmaq istəyirəm. Biz məscidə daxil olduqda özümüzü aciz və cılız hiss edirik. Hündür gümbəzin altında olan çarəsiz insan kimi. İnzibati binaların qarşısında isə gücə tabe olmaq istəyən, fərd olaraq heçnə edə bilməyəcək amma cəmiyət olaraq bir idarəedicinin yanında duraraq çox şeylər bacara bilən biri kimi hiss edirik. İnsan ölçüsündən böyük olan tikili fərdi kimliyi arxa plana keçirir və kollektiv strukturun üstünlüyünü vurğulayır. Şəxsi miqyas yox, dövlət miqyası ön plana çıxır.
Miqyasın verdiyi mesaj həm də sabitlikdir. Böyük həcmli bina dəyişkənliyi yox, davamlılığı simvolizə edir, müvəqqəti qərarlardan yox, uzunmüddətli idarəetmədən xəbər verir. Həmçinin monumental ölçü hakimiyyətin dünən yaranmadığını, davamlı siyasi ənənənin parçası olduğunu göstərir.
Almanların tikintidə iştirakı
Binanın ümumi görünüşündə ki, sərt xarakter memarın düşünülmüş memarlıq qərarıdır lakin bununla yanaşı düşünürəmki bu soyuqluq və sərtlik birazda almanların payına düşübdür. Çünki ikinci dünya müharibəsi zamanı əsir düşmüş almanlar Bakıya gətirilərək bir çox binaların tikintisində işlədilmişdirki, bu binalardan biridə hökümət evidir.
Hətda deyilənlərə görə tikintinin getdiyi bir gün onlar işləməkdən imtina edirlər. Məsələ o yerə çatır ki, Mircəfər Bağırov özü məsələ ilə maraqlanır. Alman əsirləri etirazlarının səbəbini istifadə edilən sementin keyfiyyətinin aşağı olması ilə izah edirlər. Rəhbərlik onlardan soruşurki “Siz axı əsirsiz və fəhlə kimi işləyirsiniz, sizin üçün nə fərqi var?” Alman əsirləri isə cavab verirlərki “Biz alman xalqının adı ilə bu binanı ucaldırıq və bu işdə çatışmazlıq olmamalıdır”.
Alman dəqiqliyi hökümət evindəndə yan keçməyib…
Hökumət Evi Azərbaycan tarixində mühüm hadisələrin şahidi olmuşdur. Xalqın birliyini və gücünü dəfələrlə görmüşdür. 1990-cı il 20 Yanvar hadisələri zamanı Azadlıq meydanında keçirilən matəm mitinqi, sonrakı illərdə təşkil olunan milli paradlar və anım günləri Azadlıq meydanında təşkil olunmuşdur. Bu baxımdan Hökumət Evi xalqın tarixi təcrübəsini, ağrısını və qürurunu yadda saxlayan simvol kimi qəbul edilə bilər.

