Skip to content
Home » Milan kafedralı və Oskar Uayld

Milan kafedralı və Oskar Uayld

Bu günə qədər yazdığım yüzə yaxın bloqda müxtəlif ölkələrin memarlıq abidələri haqqında az-çox yazmışam, amma maraqlısı odur ki, ən sevdiyim ölkə haqqında bir cümlə belə qələmə almamışam.

İnsan ən çox sevdiyini özünə saxlamaq, onu heç kimlə paylaşmaq istəmir. Sanki paylaşsa, sevgisi azalar. Uşaqlıqdan bəri musiqisini dinlədiyim, dilini öyrəndiyim, mədəniyyətinin hər detalına maraq göstərdiyim xəyallarımın ölkəsi — İtaliya.

Bəzən düşünürəm: görəsən, İtaliya sevgisi məni memarlığa gətirib çıxardı, yoxsa memar olduqdan sonra bu ölkəni daha çox sevməyə başladım? Bəlkə də əvvəlki həyatımda elə İtaliyada yaşamışam, kim bilir…

Bu gün isə bu füsunkar ölkənin möhtəşəm incilərindən biri olan Milan Cathedralı haqqında danışmaq istəyirəm.

Milan kafedralı

Milan Cathedralı Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidələrindən biri olmaqla yanaşı, dünyanın dördüncü ən böyük kilsəsidir. Ağ mərmərdən tikilmiş bu möhtəşəm məbəd dünyada ən çox heykəli olan kilsəsidir, beləki heykəllərin sayı 3400-dür.

40 000 nəfərlik tutuma malik olan bu möhtəşəm tikili 600 memar və saysız sənətkarın əməyi formalaşıb. Məbədin zirvəsində isə şəhərin səmasını qoruyan Madonnina dayanır. 1774-cü ildən bəri qızılı parıltısı ilə Milanın üzərində ucalan Məryəm Ana heykəli dini fiqur olmaqla yanaşı, həm də şəhərin qoruyucu rəmzi hesab olunur. Hündürlüyü 108,5 metrə çatan bu nöqtə uzun illər Milanın həm dini, həm də dünyəvi tikililərinin ən yüksək nöqtəsi olub.

Bir zamanlar Milanlılar üçün yazılmamış bir qayda vardı ki, şəhərdə heç bir bina Madonninanın hündürlüyünü keçməməlidir. Bu səbəbdən illərlə alçaq binalar tikilmişdir. Görünür tarixə hörmət və itaət belə bir şeydir.

Lakin zaman dəyişir, müasir düşüncə Milandan da yan keçmədi. Son illərdə şəhərin mərkəzindən uzaq ərazilərdə daha hündür və müasir göydələnlər ucalmağa başladı. Bu, bir tərəfdən urbanizasiyanın təbii axını, digər tərəfdən isə şəhərin kimliyi ilə müasirliyin sintezidir. Lakin maraqlı olan odur ki, bir çox yeni binaların damında Madonninanın kiçik surətləri yerləşdirilir. “Biz yüksəlirik, amma köklərimizi unutmuruq” mesajını verir.

Bu yerdə bir hekayəni xatırladım, mövzudan uzaq olsda danışmasam olmaz. Demək, Sultan Ahmed məscidi tikilərkən Ahmed I məscidi 6 minarəli planlaşdırır. O dövrdə bu, çox iddialı qərar idi. Çünki Məkkədə yerləşən Masjid al-Haram (yəni Kəbənin yerləşdiyi, İslam dünyasının ən müqəddəs məkanı sayılan Məscidül-Həram) da 6 minarəli idi.

Sultana deyirlər ki, ən müqəddəs məkanla eyni sayda minarə tikmək uyğun olmaz. Amma artıq tikinti başlamış, təməllər qoyulmuşdu. Planı dəyişmək çətin idi. Rəvayətə görə, Sultan minarələrin sayını azaltmaq əvəzinə Məscidül-Həramda yeddinci minarənin tikilməsini əmr edir.

Memarlıqda tarixi tikililərə qarşı bu cür hörmət hər dövürdə olubdur.

Milan Cathedralına qayıtsaq, burada hava şəraitindən asılı olmayaraq möhtəşəm siluet öz ecazkarlığını daima qoruyur. Havanın yağışlı və ya dumanlı olduğu günlərdə belə, kafedralın silueti özünü tam əks etdirəcək şəkildə inşa edilmişdir.

İçəriyə daxil olduqda isə insan nəhəng bir meşədəymiş kimi hiss edir. Kilsə beş hissəyə ayrılıb və içərisində 50 böyük sütun yerləşir. Vitrajlardakı müxtəlif rənglər və işıq oyunları interyeri canlı, ritmik və mistik edir. Heykəltarşlıq dekorlarla bəzədilmiş elementlər isə gotik üslubun ritmik və canlı təsirini qoruyur.

Milan kafedralı və Oskar Uayld
Milan kafedralı və Oskar Uayld

Kilsənin tikintisi altı əsr çəkmişdir. İlk daş 23 may 1386-cı ildə qoyulmuş, işlər qırmızı kərpiclə başlamış, daha sonra mərmər daşlarla davam etdirilmişdir. Tikintidə yalnız italyanlar deyil, həmçinin Almaniya və Fransadan mütəxəssislər də iştirak etmiş, Leonardo da Vinçi və Bramante intibah dövrünün memarlıq elementlərini layihəyə daxil etmişdir.

Oskar Uayld

Bu cür nəhəng tikililər haqqında hər zaman müxtəlif fikirlər səsləndirən insanlar az olmayıb. Sagrada Familia haqqında yazmışdım.

Milan Katedrali haqqında isə Oskar Uayldın fikirləri diqqət çəkir. Belə ki, Mark Tven bu əsəri çox bəyənsə də, Oskar Uayld daha ziddiyyətli bir yanaşma sərgiləyir. O, 1875-ci ilin iyun ayında Milana səfər etmişdi. Anasına yazdığı məktubda belə deyirdi:

“Katedral dəhşətli bir uğursuzluqdur. Xaricdən dizayn dəhşətli və qeyri-bədii görünür. Həddindən artıq işlənmiş detallar heç kimin görə bilmədiyi yüksəklikdə yapışdırılıb; içindəki hər şey iyrəncdir; lakin, böyük ölçüsü və mürəkkəb icrası sayəsində o, bir uğursuzluq kimi təsirli və nəhəngdir.”

Bu fikirlər sərt və hətta ədalətsiz görünə bilər. Amma burada yazıçının öz üslubunu nəzərə almaq lazımdır. Söhbət estetikaya qarşı həssaslığı ilə seçilən, paradoksu sevən və gözəlliyi adi ölçülərlə qiymətləndirməyən Oskar Uaylddən gedir.

Uayld üçün gözəllik harmoniya, ölçü və zəriflik demək idi. O, artıq detallarla yüklənmiş, hər qarışı oyma və heykəllərlə dolu olan Milan Cathedral-ı bəlkə də klassik estetik meyarlarla qiymətləndirirdi. Onun “uğursuzluq kimi” ifadəsi isə əslində ziddiyyətli bir heyranlıqdır. Bu tam bəyənmədiyi bir əsərin qarşısında belə təsirlənmədən qala bilməmək kimi şərh etmək olar.

Bəs sizcə, nəhəng və mürəkkəb tikililər həqiqətən gözəlliyi artırır, yoxsa onu “udur”? Əgər artırırsa, o zaman bu günkü bir-birinə bənzəyən hündür şüşəli binalara da gözəl deyə bilərikmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir