Skip to content
Home » Hüseyn Cavid və Memarlıqda İblis

Hüseyn Cavid və Memarlıqda İblis

İnsan olaraq qəribə bir xüsusiyyətimiz var: əlimizdə olanın dəyərini adətən onu itirmədən anlamırıq. Həyatımızdakı insanlara qarşıda beləyik, karyeramıza qarşıda.

Eynisini şəhərimizə də edirik. Hər gün işə gedərkən keçdiyimiz küçələr, axşam evə qayıdarkən addımladığımız yollar və yanından keçdiyimiz binalara çox vaxt diqqət yetirmirik. Amma bilirik ki, orada bir bina var və bir səhər həmin küçədən keçərkən binaların hər-hansısa birini görməsək, boşluq dərhal diqqətimizi çəkir. Heyifslənirik. Onun digər binalarla necə ahəng təşkil etdiyini, bu boşluğun isə necə böyük çatışmazlıq olduğunu düşünürük.

Hüseyn Cavid heykəli

Bu gün mən bu hissi Hüseyn Cavid parkından keçərkən yaşadım. Amma yoxluqla yox varlıqla. Yerini səhv salmış bir binanın varlığı ilə.

Yəqinki Elmlər Akademiyası metro stansiyasından ən az bir dəfə çıxmış hər kəs Hüseyn Cavidin heykəlin görmüşdür. O necə möhtəşəm bir əsərdir. Düşünürəmki bu, heykəltəraş Ömər Eldarovun ən güclü və ən təsirli işlərindən biridir.

Heykəltəraşlıq və memarlıq ansamblının bədii ideyası insan ruhunda yaxşılıqla pislik arasındakı əbədi mübarizəni simvolizə edir.

Kompozisiyanın əsasında Hüseyn Cavidin “İblis” və “Vətən” əsərləri dayanır. Kompozisiyanın aşağı hissəsində İblis əlində qılınc tutaraq yerə enir: dağıdıcı, qaranlıq və təhlükəli bir güc kimi. Yuxarı hissədə isə mehribanlığı və saflığı təcəssüm etdirən Vətənin obrazı yerləşir.

İblislə Vətən arasında ananın varlığı, İblisdən qurtulub göylərə can atan, yaxşılıq etmək üçün yuxarıya çatmaq istəyən bir insanın təsviri var.  Sanki bu insan qaranlıqla işıq arasında sıxışıb qalmış insanlığın özüdür.

Bu kompozisiya mənə elə gəlir ki, Cavidin taleyini, onun “insanlıq”, “ədalət” və “azadlıq” ideallarını bütöv şəkildə özündə cəmləyir. Parkın sakit mühiti də heykəlin emosional təsirini daha da gücləndirir. Səs-küylü şəhərin içində insanı dayanmağa, düşünməyə və özünə qulaq asmağa məcbur edir.

Lakin məni narahat edən başqa bir məqam var, düşüncələrə dalmağa imkan verməyən bir detal. Bu dəfə məni narahat edən hansısa binanın sökülməsi yox, məhz tikilməsidir.

Əvvəllər o heykələ baxanda səmanın rəngi ilə necə ahəng təşkil etdiyini düşünürdüm. Səmanın boşluğunun kompozisiyanı necə ön plana çıxardığını hiss edirdim. Heykəlin hər bir detalını rahatlıqla seyr etmək mümkün idi. Bu gün isə bu mümkün deyil.

Təəssüf ki, yeni nəsil artıq bu görüntüdən məhrumdur. Çünki indi heykəlin fonunu kəsən, ona baxanı arxa planla yoran bir bina var.

Bina gözəldirmi, ya çirkindirmi bu, artıq başqa mövzudur. Amma bir şey dəqiqdir ki, bu bina heykəlin vizual təsirinə zərər verir.

Beləki, 1981-ci ildə Heydər Əliyev tərəfindən Hüseyn Cavidin 100 illiyi ilə bağlı verilən qərarda Bakı şəhərində abidənin ucaldılması vurğulanmışdı. Bu abidə təsadüfi yerdə qoyulmamışdı, düşünülmüş mədəni siyasətin nəticəsi idi.

Heydər Əliyev memarlıq təhsili almışdı və bu onun məkana baxışını dəyişmişdi, məkanı boşluq kimi yox, ideya daşıyıcısı kimi oxumaq gərəkdiyini bilirdi. Çünki abidənin harada dayanacağı, onun ideoloji və estetik taleyidir.

Heydər Əliyev memarlara və heykəltaraşlara sadəcə icraçı kimi baxmazdı. Yaradıcılıq prosesi ilə maraqlanar, suallar verər, seçimin səbəbini öyrənərdi.

Düşünürəm ki əgər o qərar imzalanarkən bu məkanın simvolik yükü bu qədər həssaslıqla ölçülmüşdüsə, bu gün həmin məkana qarşı edilən dəyişikliklər nə ilə əsaslandırılır?

Memar möhtəşəm bina layihələndirə bilər, amma şəhərsalma baxımından həmin bina mövcud kompozisiyaya uyğun olmalıdır. Şəhər tək-tək binalardan ibarət deyil. Şəhər bütöv vizual və mənəvi bir məkandır. Hər yeni tikili ətrafındakı hər şeyi dəyişir: perspektivi, miqyası, yaddaşı və hətta insanların həmin məkana münasibətini. Yaxşı memarlıq yalnız gözəl bina yaratmaq deyil, mövcud şəhər ruhuna zərər vermədən ona yeni bir cümlə əlavə etmək bacarığıdır.

Yoxsa “Təzə Gəldi Bazardan, Köhnə Düşdü Nəzərdən” prinsipi ilə şəhəri inkişaf etdirmək olmaz. Hüseyn Cavidin İblisi heykəldə qalmalıdır bina simasına keçməməlidir…

Hüseyn Cavid

İblis!.. O böyük ad nə qədər calibi-heyrət !

Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.

Hər qülbədə, kaşanədə, viranədə İblis!

Hər Kəbədə, bütxanədə, meyxanədə İblis!

Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,

Hər kəs bana aciz qul ikən, bəslər ədavət.

Lakin bəni təhqir edən, ey əbləhü miskin!

Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,

Daim ayaq altında sönüb məhv olacaqsın.

Bənsiz də əmin ol, sizə rəhbərlik edən var.

Qan püskürən, atəş savuran kinli krallar,

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,

Altun və qadın düşgünü divanə bəbəklər.

Bin hiylə quran tülki siyasilər, o hər an

Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,

Onlar duruyorkən bəni təhqirə nə hacət?!

Onlar, əvət onlar sizi göynətməyə kafi,

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi…

Bən tərk edərim sizləri əlan nəmə lazım!

Heçdən gələrək, heçliyə olmaqdayım azim.

İblis nədir?

Cümlə xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir?

İblis…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir