Universitetdə oxuduğum illərdə müəllimlərimiz dünyada mövcud olan nümunələr əsasında memarlıq zövqümüzü formalaşdırmağa çalışırdılar. Yaxşı nümunələri də izah edir, pisləri də. “Pis” nümunələr arasında Fransanın Eyfel qülləsi də var idi. Onu mənasız dəmir yığını adlandıran müəllimimdə olub, şəhərin mərkəzini zibilxanaya çevirdiyini deyən də. Memarlıqla heç bir əlaqəsi olmayan, göz zövqünü korlayan bir dəmir parçası kimi təqdim olunurdu.
Bu gün isə Paris deyəndə ilk ağla gələn məhz Eyfel qülləsidir. Halbuki zamanında ona qarşı çıxanlar az olmayıb. Hətta deyilənə görə, bu günə qədər sökülməməsinin əsas səbəbi də estetik dəyəri yox, sökülmə xərclərinin həddən artıq baha olmasıdır.
Eyfel Qülləsinin tarixi
Eyfel qülləsi əslində əbədilik üçün yox, müvəqqəti bir nümayiş üçün düşünülmüşdü. Fransa İnqilabının 100 illiyi münasibətilə keçirilən 1889-cu il Paris Dünya Sərgisi (Expo 1889) üçün. Yəni Parisin ürəyində ucaldılan bu nəhəng metal konstruksiya əvvəlcədən “bir az qalacaq, sonra söküləcək” niyyəti ilə inşa edilmişdi.
Hətta maraqlıdır ki, bu ideya ilk olaraq Parisə yox, Barselonaya təklif olunmuşdu. Lakin orada rədd edildi.
Aleksandr Qustav Eyfelin adını daşıyan bu quruluş, təxminən 3000 işçinin əməyi ilə ərsəyə gəldi. 18 min ayrı-ayrı dəmir detal, 2,5 milyon pərçimlə bir-birinə bərkidildi. Antenası ilə birlikdə 324 metr hündürlüyə çatan bu “mənasız metal yığını” o dövr üçün ağlasığmaz bir ölçü idi.

Elə bu səbəbdən də 1931-ci ildə Empire State Building tikilənə qədər dünyanın ən hündür quruluşu olaraq qaldı. Eyfel isə bu “cəsarətinə” görə Fəxri Legion ordeni ilə təltif edildi. Maraqlıdır ki, bir tərəfdən dövlət onu mükafatlandırırdı, digər tərəfdən şəhərin intellektual elitası qülləni nifrətlə qarşılayırdı.
Əslində, layihə başa çatanda imzalanan lisenziya müqavilələrinə görə, qüllənin ömrü cəmi 20 il hesablanırdı və onun tezliklə söküləcəyi gözlənilirdi. Hətta müzakirələrin ortasında, 1913-cü ildə ictimai rəy qüllənin sökülməsi ilə bağlı razılığa gəlmişdi. Bir neçə böyük metal qırıntıları şirkəti sökülməni araşdırmış, lazımi sınaqlar aparıb. Lakin nəticələr göstərib ki, əməliyyat xərcə dəyməyəcək. Başqa sözlə, Eyfel qülləsindən çıxacaq metal sökülmə xərclərini ödəmirdi və plan bir müddət təxirə salındı.
Buna baxmayaraq, Dünya Sərgisini iki milyon insan ziyarət etdi və qülləyə olan maraq onu bir anda Fransanın sənaye gücünün simvoluna çevirdi.

Qüllənin qalıcı olacağına inanan Qustav Eyfel bunu elmi yollarla əsaslandırmağa uzun müddət çalışdı. Müxtəlif təcrübələr apardı, alimlərin – astronomların, fizioloqların – rəylərini topladı. Amma bütün bu elmi arqumentlərə baxmayaraq, qülləni sökülməkdən həqiqətən xilas edən əsas səbəb onun radio antenaları üçün ötürücü kimi istifadəsi oldu. Əvvəlcə müvəqqəti olaraq hərbi rabitə məqsədilə istifadə edilən bu funksiya zamanla daimi xarakter aldı. Xüsusilə Birinci Dünya Müharibəsi dövründə telekommunikasiyanın vacib hissəsinə çevrilərək Eyfel qülləsi Fransa tarixində öz yerini möhkəmlətdi.
Gi de Mopassan
1887-ci ildə Eyfel qülləsinin tikintisi başlayanda məşhur yazıçısı Gi de Mopassanda etirazçılar sırasında idi. Hətda o demişdiki:
“Əgər bu çirkin qüllə Parisdə tikilərsə, mən bu şəhəri tərk edəcəyəm.”

Bütün varlığı ilə Eyfel Qülləsindən nifrət edən Mopassan, qatıldığı hər forumda bunu ifadə edirdi. Yazılarında qülləni elektrik dirəyinə bənzətməkdən, gözəl Paris şəhərinə yaraşmadığını deməkdən çəkinmirdi. Ona görə də qüllənin tikintisi başladıqdan, tamamlanana qədər Mopassanı Parisdə görmək çətin idi.
Qüllə tamamlandı, sənaye sərgisində açıldı və ziyarətçilər görürlərki
Gi de Mopassan…. Eyfel qülləsinin birinci mərtəbəsindəki kafedə oturmuşdu.
“Burada nə edirsən?” – soruşurlar. O isə cavab verdi:
“Bura Parisdəki Eyfel qülləsinin görünmədiyi yeganə yerdir. Burada oturub nahar etməkdən başqa çarəm yoxdur.”
Həqiqətən də Mopassan bu qəribə, ziddiyyətli davranışı ilə məşhur idi: Eyfel qülləsini tənqid edirdi, lakin demək olar ki, hər gün onun kafesində oturub günün çox hissəsini keçirirdi.
Buna baxmayaraq, Eyfel qülləsi zamanla bütün dünyanın diqqətini cəlb etdi. Bu gün dünyanın ən çox ziyarət edilən turistik yerlərindən biridir; milyonlarla insan onu görmək üçün Parisə gedir.
Beləcə, Mopassanın nifrəti ilə başlayan hekayə, Eyfel qülləsinin ironik cazibəsi ilə tamamlanır.