Skip to content
Home » Ruhani səs – Kirxa

Ruhani səs – Kirxa

Ruhani səs deyəndə nədənsə ağlıma gələn ilk və yeganə məkan Kamera və Orqan Musiqisi zalı olur. Orqan musiqi aləti məndə bu təsüratı yaradırmı yoxsa oranın əvvəl kilsə olmağımı bilmirəm. Ümumiyyətlə səs bu dünyada var olan və ruhumuza toxuna bilən yegənə varlıqdır, bəlkə də. Çünki bu dünyada bir çox şey fiziki ehtiyyaclarımız üçün nəzərdə tutulub. Nadir hallarda ruhumuza xidmət edən dünyəvi nəiləsə qarşılaşarıq. Səs, musiqi o nadirliklərdən biridir. Qida bədənimizə, kitab beynimizə, musiqi isə ruhumuza xidmət edir.

Məsələn, müasir musiqi aləti “handpan”ın səsi birbaşa ruhumuza toxunur. Və ya daha qədimi musiqi, Sufi ritmləri… bəlkə SafAğ deməliyik?

Səs, musiqi birbaşa ruhun dərinliklərinə toxunur və insanı fərqli bir zaman və məkan hissinə aparır.

Kirxa

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı Bakının memarlıq nümunələri arasında xüsusi yer tutur. Burada musiqi dinləmək həmişə adi konsert təcrübəsindən fərqli olur, sanki məkanın özü də musiqinin bir hissəsidir. Şəhərin səsi kənarda qalır, yerini daha dərin, daha sakit bir ritm tutur.

XIX əsrin ortalarında neft bumu ilə birlikdə Bakıya müxtəlif ölkələrdən, xüsusilə Almaniya və İsveçrədən insanlar gəlməyə başlayır. Şəhər böyüyür, dəyişir, çoxmədəniyyətli bir ritm qazanır. Burada yaşayan alman və isveçrəlilər də öz dini həyatlarını davam etdirmək üçün ibadət evi və məktəbə ehtiyac duyurlar. Əsrlər boyu tolerantlığı ilə seçilən Azərbaycan isə bu təşəbbüsə açıq yanaşır.

1886-cı ildə indiki Dilarə Əliyeva küçəsində əvvəlcə bir məktəb binası inşa olunur və bu məkan bir müddət həm də ibadət yeri kimi istifadə edilir. Bir neçə il sonra, 1896-cı ildə gənc memar Adolf Eyxler tərəfindən İncilçi-Lüteran kilsəsinin yəni Kirxanın bünövrəsi qoyulur və 1899-cu ildə bina artıq tam şəkildə dini məkan kimi fəaliyyətə başlayır. 1900-cü ildə isə buraya orqan aləti quraşdırılır və ilk konsert keçirilir.

Ruhani səs - Kirxa

Sovet dövründə isə bir çox dini binalar kimi Kirxanın da fəaliyyəti dayandırılır…

1934-cü ildə kilsənin sökülməsi ilə bağlı qərar verilsə də, Bakıda yerləşən bir çox digər dini məbədlərdən Müqəddəs Bakirə Məryəm kostyolu, Aleksandr Nevski kafedralı, Bibiheybət məscidi və digərlərindən fərqli olaraq Xilaskar kilsəsi bu taleyi yaşamır. Maraqlıdır ki, onun dağılmamasının səbəbi dini yox, tamamilə təsadüfi və siyasi bir hadisə ilə bağlı olur.

Həmin il Sergey Kirovun qəfil ölümü Sovet hökumətini Bakıda ona heykəl ucaldılmasına tələsdirir. Bu iş heykəltəraş Pinxos Sabsaya həvalə olunur. Sabsay isə əsər üzərində işləmək üçün hündür tavanlı, geniş bir məkana ehtiyacı olduğunu bildirir və emalatxana kimi kilsə binasının ayrılmasını xahiş edir. Beləliklə, qəribə bir şəkildə, kilsə sənət naminə sökülməkdən xilas olur.

Sonrakı illərdə bina artıq yeni bir mərhələyə keçir. 1989-cu ildə Nazirlər Kabinetinin qərarı ilə kilsə Kamera və Orqan Musiqisi Zalı adlandırılır və Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir. Amma ad dəyişsə də, zaman öz sözünü demişdi. Uzun illər baxımsız qalan binanın tavanı demək olar ki, yararsız hala düşmüş, divarlar köhnəlmiş, mebel və digər detallarda isə aşınma açıq şəkildə hiss olunurdu. Və burada hər hansı tədbirin keçirilməsi qeyri mümkün deyildi.

Ruhani səs - Kirxa

Amma 2010-cu ildə binada əsaslı təmir və bərpa işlərinə başlanılır. Azərbaycanlı mütəxəssislər tarixi memarlıq üslubunu qorumağa çalışaraq bu işi xüsusi həssaslıqla həyata keçirirlər. Alman qotik memarlığının nadir nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilir, ilk dəfə havalandırma sistemi quraşdırılır, orqan aləti isə xaricdən dəvət olunan mütəxəssislər tərəfindən bərpa olunur. Bina uzun müddətli sükutdan sonra yenidən canlanır.

Kirxanın Mövqeyi

Binanın yerləşməsi isə mənim üçün ayrıca diqqət çəkən mövzulardandır. Küçənin qırmızı xəttindən bir qədər geridə tikilməsi, binaya özünü tam göstərmək imkanı verir. Həcm və forma sıxlığın içində itmir. Kirxanı izləmək üçün seçilmiş mövqe də əlverişlidir, insan onu məsafədən hiss edə bilir.

Bakının bir çox ensiz küçələrində binalar bir-birinin içində itir, vizual olaraq boğulur. Kirxa isə fərqlidir. Həm ölçüsü, həm də fəzası ilə dini mahiyyətini göstərə bilir. Ətrafdakı tikililər ona mane olmur, əksinə, kompozisiyada kirxa dominant element kimi önə çıxır.

Ruhani səs - Kirxa

Memarlıqda bəzən belə “geri çəkilmək”  həllər olur. İki bina üz-üzə tikiləndə onlardan biri digərinin görünüşünü bağlamamaq üçün bir qədər geridə yerləşdirilir. Bəzən isə Kirxada olduğu kimi, bina məhz bu geri addım sayəsində öz əzəmətini daha aydın göstərir. Yəni paradoksal olsa da, burada geri çəkilmək irəli çıxmaq deməkdir.

Beləliklə, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı memarlıq xüsusiyyətləri ilə yanaşı, həm də səsin və musiqinin ruhumuza toxunduğu nadir məkanlardan biridir. Orqanın və zalın melodiyaları insanı zaman və məkanın sərhədlərindən çıxarır, ruhun dərinliklərinə səfər etməyə imkan yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir