Məktəbdə oxuduğum illərdə, yaz və payız mövsümlərində məktəbin bütün şagirdləri növbəli şəkildə iməciliklərə cəlb olunurdu. Hər birimiz məktəbin həyətini təmizləyir, ağacları budayır, yarpaqları süpürür, bitkiləri sulayırdıq. Bu proses təkcə fiziki əmək deyildi, eyni zamanda bizə yaşıl mühitə qayğını, ortaq məkana məsuliyyəti və təbiətlə düzgün münasibəti öyrədirdi.
Bu gün isə uşaqların çoxu “iməcilik” sözünün mənasını belə bilmir. Bəlkə də yaşıllığa, ağaca marağın azalmasının səbəbi elə buradan başlayır. Nəticədə beş manat artıq qazanc naminə beş ağacı kəsməyə hazır olan bir nəsil formalaşıb.
Amma məsuliyyəti yalnız yeni nəslin üzərinə yıxmaq da ədalətli olmaz. Çünki, qonşumun etdiyi bir hadisənin şahidi olmuşdum: yaşlı, “təcrübəli” sayılan insanlar, yeni aldıqları avtomobillərini park edəcək yer tapa bilmədikləri üçün, ağacın dibinə neft tökərək onu qurutmuşdular. Belə bir davranış qarşısında yeni nəsil nə edə bilər?
Yaşıllığa münasibət yaşla yox, toxunmaqla formalaşır. Torpağa heç vaxt əl vurmayan, ağacı yalnız maneə kimi görən insan ondan asanlıqla imtina edir. Ona görə də problem nə nəsildədir, nə də zamanda.
Peyzaj
Bu gün peyzaj memarlığına xüsusi vurğu etmək istəyirəm. Adətən “peyzaj memarlığı” memarlığın ən alt kateqoriyalarından biri kimi qəbul edilir və şəhərsalmaçılar, layihəçilər, bərpaçılarla müqayisədə “peyzaj memarı nə qədər ciddi iş görür ki?” sualı ortaya çıxır. Doğrudur, bu sahə ilk baxışda monumental və iddialı görünməyə bilər. Amma iqlimin qorunması, suya qənaət, təbiətlə harmonik yaşayış kimi bu gün hər kəsin səsləndirdiyi şüarların hamısı birbaşa peyzaj memarlığı ilə əlaqəlidir.
Suya qənaət etmək peyzajda ağaclardan imtina etmək demək deyil. Əksinə, düzgün su dövriyyəsi quraraq yağış və təmizlənmiş məişət sularını torpağa və yaşıllıqlara yönləndirməkdir. Təəssüf ki, bizdə bu cür sistemlər mövcud deyil, çünki bu sular hələ də şəhər kanalizasiya sisteminə ötürülür və peyzajda istifadə olunmur. Görünür, yağış sularını yaşıllıqlara yönləndirməkdənsə, körpülərin altına doldurmaq daha “məntiqli” seçim sayılır.
Zəkkum
Peyzaj memarlığı ucuz və “həmişəyaşıl” ağaclar əkərək estetik görüntü yaratmaqla da məhdudlaşmır. Bakı küçələrini bəzəyən “zəkkum” ağacları bunun ən tipik nümunəsidir. Halbuki əsl peyzaj şəhər sakinlərinə fəsilləri hiss etdirməlidir: yazda çiçək açan, payızda yarpaqlarını tökən, qışda lüt qalan ağaclarla.

Mart ayında ağacların çıtlamasını (tumurcuqdan əvvəl qabığının altında kiçik xırda qabartı), tumurcuqlanmasını izləməkdən daha gözəl nə ola bilər? Ayların, mövsümlərin dəyişdiyini müşahidə etmək, ağac çiçək açanda onun hansı ağac olduğunu təxmin etmək, meyvə verəndə dadına baxmaq… Bakı sakinləri bu hissi sonuncu dəfə nə vaxt yaşayıb?
Peyzaj torpaq və bitkilərlə də ölçülmür. Hətta səmada parlayan ulduzlar da bu böyük landşaftın bir hissəsidir. Bakı da sonuncu dəfə nə vaxt ulduzları seyr edə bilmisiniz? Mənim üçün bu o qədər uzaq keçmişdə qalıb ki… Şəhərin işıqları gecələrimizi təhlükəsiz edir, amma eyni zamanda ulduzları da yox edir. Halbuki əsl peyzaj gözlə görünən hər şeyi, həm torpaqda (bitki), həm göydə (ulduzlar), həm də havada (quşlar, böcəklər) olan bütün əlaqələri əhatə edir.
Avropa şəhərlərində parklarda bir ağacdan digər ağaca qaçan dələləri görəndə necə qibtə etdiyimi bir bilsəniz…
Məhəllə
Yeni salınmış yaşayış məhəllələrində yolunmuş (“peyzaj naminə” bir metirdən artıq böyüməyə imkan verilməyən) şam ağaclarından başqa demək olar ki, heç nə yoxdur. Yağış yağanda torpaq qoxusu belə hiss olunmur, axı necə hiss olunsun yerdə torpaq varki? Halbuki yarım əsir əvvəl planlaşdırılmış məhəllələr necədə təlatümsüz idi. Düzdür, orada da peyzaj problemləri az deyil.
Məsələn, külək əsəndə evlərə toz yığılır. Səbəb nədir? Yenə peyzaj. Çünki peyzajın bir çox nəzərə alınmayan incəlikləri var. Məsələn, binaya və pəncərələrə yaxın ərazilərdə qışda yarpağını tökən ağaclar əkilməlidir. Bunun iki əsas səbəbi var: birincisi, qışda yarpaqlar tökülsün ki, evə kifayət qədər təbii işıq düşsün; ikincisi isə toz məsələsidir.
Yuxarıda iməcilikdən danışırdım. Yaz aylarında məhəllələrə 15-20 nəfər təmizlik işçisi gələr və bir günün içində yerdə nə ot, nə yonca, nə də təbii bitki qalar, hamısını kökündən çıxarıb yandırırlar. Buna landşaft baxımı deyilir, yoxsa sadəcə “təmizlik”? Üstəlik, bu danışdıqlarım Bakı kəndlərində yox, şəhərin mərkəzi ərazilərində baş verir.
Halbuki yaşıllıq və ot örtüyü torpağı özündə saxlayır. Nəticədə küləkli günlərdə toz torpaq havaya qalxıb mənzillərə dolmur, yerində, yerdə qalır. Bakı hər zaman küləkli şəhər olub. Hətta deyərdim ki, son illərdə tikintilər səbəbindən küləyin gücü bir qədər azalıb. Amma buna baxmayaraq, əvvəllər Bakıda tozun miqdarı indiki qədər deyildi (Şəxsi müşahidəmə əsasən).
Çünki baxımsızlıq, səhv baxım və “təmizlik” anlayışından daha yaxşı idi. Öz-özünə, heç bir əlavə maddi xərc tələb etmədən bitən yoncalardan nə istəyirik?
Əslində bu məsələlərə kütlə olaraq yox, fərd olaraq baxmaq lazımdır. Mən bu təbiət üçün nə etmişəm? Həyatım boyunca neçə ağac əkmişəm, neçə bitkini sulamışam, neçə ağacı budamışam? Və ya əksinə, neçə ağacı kəsmişəm, neçə bitkini məhv etmişəm, neçə ağacı qurutmuşam?