Rəfiqəmlə söhbət edərkən mənə belə bir sual verdi: “niyə bizim də Memar Sinan kimi tanınmış memarımız yoxdur?”
Mən təəccüblə “niyə yoxdur, Memar Əcəmi var axı” dedim. “Hə, düzdür, onu unutmuşdum”, – dedi. Daha sonra XIX–XX əsrin tanınmış memarlarını sadalamağa başladım: Zivər bəy Əhmədbəyov, Sadıx Dadaşov, Mikayıl Useynov. Lakin təəssüf ki, onların heç birini tanımadı, hətta Əcəminin hansı tikililərin müəllifi olduğunu da bilmədi.
Maraqlıdır, əgər “Memar Əcəmi” adına metro stansiyası olmasaydı, o, yenə də ölkəmizdə hamı tərəfindən tanınardımı? Yaxud memarlarımızı tanıtmaq üçün onların hər birinin adına metro stansiyası, küçə və ya prospekt olmalıdır?
Və ya sualı başqa cür ünvanlamalıyam: memarların tanınmamasında bəlkədə günahkar bizik, yəni günümüzün memarları? Bəlkə də kifayət qədər danışmırıq.
Bu sualların cavabını bilmirəm, amma bildiyim bir şey var ki, biz memarlığı şüurlu müşahidə obyekti kimi yox, adi şəhər fonu kimi qəbul edirik. XX əsr Azərbaycan memarlığının simvoluna çevrilmiş bir şəxs var ki, yaratdığı binalar hər gün gözümüzün önündə olsa da, adı çox vaxt kölgədə qalır. Bu yazıda məhz həmin memar haqda, yəni Mikayıl Useynov haqda danışmaq istəyirəm.
Mikayıl Useynov
Fikrimcə, Mikayıl Useynov Bakının ən əzəmətli və monumental binalarının müəllifidir. Onun layihələri şəhər memarlığının danışan dilidir.
Mikayıl Ələsgər oğlu Useynov 1905-ci ildə Bakıda anadan olmuş, ömrü boyu həm yaratdığı monumental binalarla, həm də memarlıq elminin inkişafına verdiyi töhfələrlə yadda qalıb.
Useynov 1922–1929-cu illərdə Azərbaycan Politexnik İnstitutunda memarlıq üzrə təhsil almış, 1930-cu illərdən etibarən ölkənin aparıcı layihə təşkilatlarından biri olan Azərdövlətmemarlayihədə çalışmışdır.
1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri, 1948–1988-ci illərdə isə Memarlıq və İncəsənət İnstitutunun direktoru olmuşdur. 1945-ci ildə SSRİ EA-nın akademiki seçilməsi isə memarlıq sahəsində nüfuzunun göstəricisidir.
1992-ci ildə Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının yaradılmasına rəhbərlik etmiş, həmin ilin 7 oktyabrında Bakıda vəfat edərək I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mikayıl Useynov İmzası
Hər memarın özünəməxsus üslubu olur. Elə binalar var ki, onlara baxanda istər-istəməz üzdə təbəssüm yaranır, elələri də var ki, insanı heyrətə salır, qarşısında bir anlıq dayanmağa məcbur edir. Mikayıl Useynovun binalarında isə əsasən sərtlik və ciddilik hiss olunur. Amma bu sərtlik soyuqluq deyil, əksinə insanı düşünməyə vadar edən, daxili dialoq yaradan bir ciddilikdir.
Onun əsərlərinə diqqətlə baxanda möhtəşəm bir dəqiqlik hiss edirsən. Proporsiyalar, qızıl bölgünün incə hesablanması, heykəltəraşlıq detallarının memarlıqla harmoniyası…
Bakıda yaşayan və ya bu şəhərə yolu düşən hər kəs ən azı bir dəfə Mikayıl Useynovun layihələndirdiyi hansısa binanın qarşısından keçib. Amma çox vaxt biz binaya diqqətlə baxmadıqda onu “hiss etmirik”. O, şəhərin fonuna qarışır, gündəlik tələsik baxışların arasında görünməz olur. Halbuki həmin binanın qarşısında duranda, fasadına, ritminə, kütləsinə baxanda onun əzəmətini dərk edirik.
Müəllifin layihələndirdiyi binaların fotolarını paylaşacağam. Amma sizə tövsiyəm, yolunuz o binaların yanından düşəndə ayaq saxlayıb diqqətlə baxın, hiss etməyə çalışın. Fürsətiniz varsa, mütləq daxilinə keçin, həmin məkanın içində olun. Çünki Mikayıl Useynovun memarlığı yalnız baxılan deyil, yaşanan memarlıqdır.

Azərbaycan Texniki Universiteti – 1960-cı il

Üzeyir Hacıbəyob adına Bakı Musiqi Akademiyası, 1936-ci il.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.

Nizami küçəsində “Buzovnaneft” tresti işçilərinin yaşayış evi, 1949-1952-ci illər
Milli Dəyərləri Müasir Memarlıqla Birləşdirən Ustad
Mikayıl Useynov müasir Bakı memarlığının ən uğurlu lahiyələrinin müəllifidir. Onun yaratdığı binaların ideyası və memarlıq dili bu gün də aktuallığını itirməyib. Ənənəyə hörmətlə yanaşan memar bu dəyərləri müasir forma ilə birləşdirərək Bakıda, eləcə də Gəncə, Qazax, Naxçıvan və Şəki şəhərlərində çoxsaylı yaşayış və ictimai binaların, mədəniyyət və elm ocaqlarının layihələrini ərsəyə gətirib. Mikayıl Useynovun istedadı ölkə hüdudlarından kənarda da özünü göstərib. Berlin, Moskva və Düşənbədə Şərq koloritini və milli ornamentləri daşıyan fərqli memarlıq nümunələri onun təxəyyülünün məhsuludur.
Mikayıl Useynov Azərbaycan memarlığının digər parlaq nümayəndəsi Sadıq Dadaşovla birlikdə bu sahədə bir sıra mühüm işlər görüb. Arxivdə qorunan, tərcümeyi-hal sənədləri göstərir ki, onun həm təhsil illəri, həm də sonrakı elmi və praktik fəaliyyəti Sadıq Dadaşovla sıx bağlı olub. Məktəb illərindən başlayan bu dostluq zamanla böyük memarlıq layihələrində öz əksini tapıb. Bu səmimi münasibətlər sonradan qohumluq əlaqələri ilə də möhkəmlənib (Mikayıl Useynovun bacısı Sadıq Dadaşovla ailə qurub). 1939-cu ildə isə onlar Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Azərbaycan pavilyonunun layihəsini birgə hazırlayıb və bu işlərinə görə Stalin mükafatı və Qırmızı Əmək ordeni ilə təltif olunublar.
Mikayıl Useynov işlərində həmişə milliliyi və ənənələri önəmli sayırdı. O, çıxışlarında tez-tez deyirdi: “Milli memarlıq ilk növbədə milli formadır, ənənədir.” SSRİ Memarlar İttifaqı onu bəzən bu mövqeyinə görə tənqid etsə də, Useynov fikirlərinə sadiq qalır və əsərlərində bu prinsipləri əks etdirirdi.
Azərbaycan Milli Elmlər Akademiyası
Əslində müəllifin hər bir əsəri haqda ayrıca uzun uzadı danışmaq lazımdır, bunları gələcək bloglarımda mütləq edəcəm. Bu dəfə isə AMEA-nın binası haqda yazmaq istəyirəm, çünki onun layihələri içində mənim ən sevdiyim məhs odur. Bəli Milli kitabxananın fasadında olduğu kimi heykəllər yoxdur, nizami kinoteatırının binası kimi əkiz binalar deyil, AzTUnın binası kimi əzəmətli girişi yoxdur. Amma onunda özünə məxsus fərqli monumental sadəliyi, ölçülmüş proporsiyaları və intizamı var.
Kompozisiya mərkəzində yerləşən üçqapılı tağlı giriş fasadı binaya akademik rəsmi xarakter verir. Tağların ritmik düzülüşü həm simmetriyanı gücləndirir, həm də binanın ictimai funksiyasını vizual olaraq vurğulayır.
Uzun və eninə uzanan korpus klassik monumental memarlığın ağır kütləsini modernist sadəliklə birləşdirir. Fasadın daş materialı binaya möhkəmlik və ciddi institusional görünüş verir. Ətrafındakı yaşıllıq zolağı isə sərt memarlıq formalarını yumşaldır və binanın şəhər mühitinə daha uyğun görünməsini təmin edir.

Fəvvarə
Anam ixtisasca memar olmasa da, memarlıq barədə dediyi fikirlər həmişə diqqətimi çəkir. Onunla tez-tez uzun-uzadı müzakirələr aparırıq. Maraqlı yanaşmaları və detalları ayırd etmə qabiliyyəti var.
Bir gün Elmlər Akademiyasının binası haqda danışırdıq. Anam dedi ki: “Düşünürəm, bu binanın qarşısına fəvvarə sonradan yerləşdirilib. Çünki memar öz möhtəşəm əsərinin qarşısını fəvvarə ilə kəsməz.”
Çox incə detaldır, anam haqlı idi? Köhnə şəkilləri, layihənin ilkin versiyasını tapdım, orada əvvəldə fəvvarə olub amma kiçik həcmli. Nadirən işləyən nəhəng fəvvarə o binanın qarşısına sonradan qoyulmuşdu. Maraqlıdır, niyə biz yol gedərkən bu binanı hərtərəfli və detallı görə bilmirik?

Azərbaycan Milli Elmlər Akademiyası, 1950-ci illər
İlkin plandakı fəvvarə memarlıq baxımından meydanın genişliyini vurğulayır, binanın monumental təsirini balanslaşdırır və fasadın vizual oxunu daha aydın göstərir. Eyni zamanda rəng və material baxımından binanın fasadı ilə ahəng yaradırdı.
Günbəzsiz qalan Akademiya
Unudulmaz Rasim Əfəndiyev danışırdı ki, bir dəfə institutdakı növbəti elmi şuradan sonra digər üzvlər getmişdi, otaqda Mikayıl müəllimlə mən, Lətif Kərimov, Əbdülvahab Salamzadə, Əhməd İsazadə qalmışdıq. Kimsə dedi ki, “Qobustan” jurnalında memar Qəzənfər Əlizadənin bir müsahibəsini oxuyub. Qəzənfər müəllim Üzeyir bəydən soruşubmuş ki, yazdığınız əsərlərdən ən çox sizə hansı əzizdir. Deyir, zənn edirdim cavab verəcək ki, elə hamısı. Ancaq gözlədiyimin əksinə olaraq birbaşa qayıtdı ki, “O olmasın, bu olsun“.
Sükut oldu, Mikayıl müəllim dilləndi ki, mənimçün də hər əsərimin ürəyimdə öz yeri, öz tarixçəsi olsa da, ikisinin yeri ayrıcadır. Biri Elmlər Akademiyası binası ki, 40 ilə yaxındır iş yerimdir, hər gün bura gəlib-gedirəm, ikincisi də “Alimlər Evi” ki, özüm də orada yaşayıram.
Ancaq evdən fərqli olaraq, hər dəfə Akademiyanın qarşısına çatıb maşından düşəndə, aşağdan yuxarı əsas binanı seyr edəndə pərişan oluram. Çünki bu binanın üstü belə olmamalı idi, binanı tamamlayan, ona xüsusi gözəllik verən milli üslublu dörd günbəz son anda layihədən çıxarıldı. Çünki Nikita Xruşşov memarlıqda ifratçılığa və israfçılığa qarşı bir çıxış etmişdi, mənim də haqqımda şəxsən söyləmişdi ki, ölkənin belə memarlara ehtiyacı yoxdur. Həmin ixtisarlarla layihənin o cür şikəst edilməsi məni binanı hər dəfə təzədən görəndə yenidən ağrıdır.
Siyasətlər də, o siyasətləri yeridən xadimlər də gedir və çox vaxt onların haqqında qalan elə lətifəvari hekayətlər olur. Sənətkardansa əsərlər qalır və onu sağlığında olduğu kimi, gələcəkdəkilərin də minnətdar sevgilərində yaşadır.
Nə düşünürsünüz, sizcə bina memarın ilkin layihəsinə uyğun tamamlanmalıdırmı? Memarın arzusunu yerinə yetirmək lazımdırmı? Məncə yox. Çünki bu gün ölkəmizdəki bərpa və restavrasiya təcrübələri belə bir binaya toxunmaq üçün kifayət qədər etibarlı deyil.
Metro stansiyalar
Düşünürəm ki, metro stansiyasının layihələndirilməsi asan iş deyil, hətta deyərdim ki, bina layihələndirməkdən daha çətindir. Mikayıl Useynovun 200-ə yaxın layihəsi var və onların bir çoxu həyata keçirilmişdir. Ancaq bu layihələrdən üçü xüsusi olaraq diqqət çəkir. Bunlar metro stansiya layihələridir.
O, N. Nərimanov metro stansiyası ilə yanaşı Nizami və Elmlər Akademiyası metro stansiyalarını da layihələndirmişdir. Nizami metro stansiyası bədii tərtibatı ilə diqqət çəkən stansiyalardan biridir. Onun əsas özəlliklərindən biri mozaik elementləridir; incə işlənmiş mozaik nümunələr stansiyaya xüsusi estetik görkəm verir. Bu mozaiklər yalnız vizual gözəllik yaratmır, həm də memarlıq baxımından stansiyanın ümumi simmetriyasını və ritmini vurğulayır. Stansiyanın interyeri klassik və müasir elementlərin harmoniyasını əks etdirir.



Hökumət Evi Layihəsi
1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər davam edir və 1932-ci ildə müsabiqə elan olunur. İkiillik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları Mikayıl Useynov, Sadıq Dadaşov, SSRİ Memarlar Akademiyasının həqiqi üzvü L.V. Rudnev iştirak edirlər. Qiymətləndirmə uzun çəkir və 1939-cu ildə yekun toplantı keçirilir. İclasda Mircəfər Bağırov və respublikanın bütün rəhbərliyi iştirak edir, layihələrin üstün və çatışmayan cəhətləri müzakirə olunur.
Onu da qeyd edək ki, memar Mikayıl Useynov Kommunist Partiyasının üzvü olmayıb. İclasda bu faktı qabardan Daxili İşlər komissarı (naziri) Stepan Yemelyanov Mikayıl Useynovun təqdim etdiyi layihədə sovet dövlətinin qurucusu Vladimir İliç Leninin heykəlinin binanın aşağı hissəsində (indiki Azadlıq meydana baxan postament üzərində) yerləşdirilməsinə etirazını bildirir. O, M.Bağırova müraciətlə deyir:
– Yoldaş Bağırov, başa düşmürəm, nə üçün memar Mikayıl Useynov proletariatın dahi rəhbəri Vladimir İliç Leninin heykəlinin binanın aşağı hissəsində qoyulmasını təklif edir? O, bununla nə demək istəyir? Axı bina çoxmərtəbəli olmaqla, həm də çox əzəmətli olacaq. Belə olan halda Lenin yoldaşın heykəlini binanın aşağı hissəsində yerləşdirməkdə hansı məqsədi güdür?
Bu sözlərdən sonra salon sükuta qərq olur. Hamının nəzərləri Useynova dikilir. Yaranmış sükutu M.Bağırov pozur və deyir:
-Yoldaş Useynov, sizə tutulan irad çox ciddidir. Bu barədə nə deyə bilərsiniz?
O, dərhal ayağa qalxır və təmkinlə deyir:
– Dahi rəhbər Vladimir İliç Leninin heykəlinin binanın aşağı hissəsində qoyulmasını bilərəkdən təklif edirəm (bu sözlərdən sonra vəziyyət bir az da gərginləşir). Çünki Lenin yoldaş heç vaxt zəhmətkeşlərdən uzaq olmayıb. Ona görə heykəli kütləyə yaxın yerə qoymağı nəzərdə tutmuşam.
M.Bağırov gənc memarın bu cavabından sonra ona heç bir söz demir. Ancaq baxışlarından hiss olunur ki, cavabdan razı qalıb. Sonra üzünü S.Yemelyanova tutub deyir:
– Yoldaş Yemelyanov, cavab sizi qane etdimi? Əlavə sualınız yenə varmı?
Gənc memarın gözlənilməz cavabından o, bir az tutulur. Ancaq özünü ələ alır və deyir:
– Yoldaş Bağırov, bu gənc memar çox ağıllı və məntiqli cavab verdi. Onunla razılaşmamaq düzgün olmazdı.
Bütün bunlara baxmayaraq, Useynov və Dadaşovun layihəsi təsdiqlənmir. Buna baxmayaraq mütəxəssislər hesab edirdilər ki, onların layihəsi daha təkmil və əzəmətlidir. Müsabiqədə birinci yer Moskva münsifləri tərəfindən Lev Rudnevə verilir.
Bu gün Bakının küçələrində addımlayarkən Mikayıl Useynovun binalarının gözəlliyini bəlkə də tam anlamırıq. Amma onların hər biri şəhərin tarixindən, mədəniyyətindən və memarlıq irsindən danışır. Mikayıl Useynov bütün siyasi, ideoloji və mühafizəkar qadağalara baxmayaraq, bu məhdudiyyətlərin içindən çıxış yolu tapmağı və o layihələri gerçəkləşdirməyi bacarıb. Onun memarlığı kompromislərin yox, səbrin, düşüncənin və zamanla yarışan iradənin məhsuludur. Bu əsərlər bir dövrün sıxıntıları içində qorunub saxlanmış yaradıcılıq azadlığının izləridir.