Mən piyada gəzməyi çox sevirəm və Bakını illərlə addım-addım gəzmişəm, heç vaxt yorulmadan. Amma son illərdə şəhərdə gəzəndə tez yorulduğumu hiss edirəm. Əvvəl bunu “qocalıq” kimi qəbul edirdim, düşünürdüm ki, artıq 10 il əvvəlki enerjim yoxdur. Sonra anladım ki, başqa şəhərlərdə saatlarla gəzərkən bu yorğunluğu hiss etmirəm. Deməli, problem məndə yox, şəhərdədir. Demək ki, şəhərsalmamız ildən-ilə pisləşir.
Universitet illərində yaşlı bir professor müəllim vardı, həmişə deyirdi ki, gəzərkən ən alçaq səkiləri seçir, hətta bunun üçün yolunu belə uzadır. Fikirləşirdim ki, 3-5 sm fərq nə dəyişə bilər axı? İndi isə onu çox gözəl anlayıram.

Ümumiyyətlə, XX əsrdə Bakının səkiləri daha alçaq idi və piyadalar daha rahat hərəkət edirdilər, maşınlar isə səkiləri zəbt etmirdi. Bilmirəm, o vaxtlar insanlar daha mədəni idilər, yoxsa maşınlar az idi. Bu gün isə səkilərin hündürlüyü iki qat artıb; maşınlar səkiyə çıxa bilmir, amma piyadaların rahatlığına da heç kim cavabdehlik etmir.

Maşınlar üçün səkilər
Əminəm ki, çoxlarınız bunu görmüsünüz: bir vaxtlar səkilər demək olar ki, avtomobillərin dayanma yerinə çevrilirdi, maşınlar səkilərin üstünə çıxırdı və biz piyadalar məcburən yola düşürdük. O vaxt öz-özümə düşünürdüm ki, səkilər hündür olsaydı, maşınlar səkini zəbt edə bilməzdi. Sonra “arzuma” çatdım, amma başa düşdüm ki, dəyişməli olan səkilər yox, insanların düşüncə tərzidir. Çünki səkinin hündürlüyü əslində şəhər sakinlərinin mədəniyyət səviyyəsini göstərirmiş.
Burada “mədəniyyət” deyəndə bir neçə aspekt nəzərdə tutulur. İlk növbədə avtomobil sürmə mədəniyyəti gəlir: sürət həddinə əməl etmək, parklanma qaydalarına riayət etmək, yağışlı havada piyadaları nəzərə almaq və s. Bütün bunlar şəhərdə təhlükəsizlik və qarşılıqlı hörmətin əsas göstəriciləridir.
İkinci və daha ciddi məsələ isə kanalizasiya sistemidir. Qış yaxınlaşır, birazdan yenə yağış suları altında boğulanlar olacaq. Piyadalara “əziyyət” verməmək üçün səkiləri biraz da qaldıraq?
Yağış yağanda səkilərin altının boş qalması səbəbindən daşların oynaq olması suyun birbaşa üstümüzə sıçramasına səbəb olur. Qüsurlu döşəmə su toplayır, palçıq yaranır və adi yağış belə şəhərdə faciəvi mənzərə yaradır. Halbuki bu təsadüfi texniki problem deyil. Bir çox ərazilərdə səkilərin tez-tez sökülüb yenidən döşənməsi şəhər idarəçiliyi ilə podratçı şirkət əlaqələri çərçivəsində “gəlir dövriyyəsi” kimi qiymətləndirilir. Yəni məqsəd işi düzgün görmək deyil, davamlı layihə yaradaraq prosesi gəlir mənbəyinə çevirməkdir.
Belə şəraitdə səkilər ölkənin inkişaf səviyyəsini göstərən ən aydın göstəricilərdən birinə çevrilir. Davamlı və vətəndaş rahatlığını nəzərə alan şəhərsalma olmayan yerdə səkilər də, infrastruktur da sadəcə “göz boyamaq” səviyyəsində olur.
Bakı dənizkənarı şəhərdir və rütubət səviyyəsi yüksək olduğu üçün burada sümük və oynaq ağrılarından əziyyət çəkən insanların sayı çoxdur. Belə bir yerdə səkinin hər bir millimetr artıq hündürlüyü piyadalar üçün sözün əsl mənasında işgəncəyə çevrilir.
Şəhər piyada yönümlü olmalıdır ki, insanlar avtomobilə məhkum qalmasın, piyada gəzmək seçim olsun. Amma bu gün əksinədir, hər il avtomobil sahiblərinin sayı artır, piyada özünü zəif, avtomobil isə üstün tərəf kimi hiss edir. Nəticədə insanlar rahatlığı və eqolarını düşünərək maşına üstünlük verirlər.
Səkilər isə tamamilə başqa bir hekayədir: qeyri-bərabər, nahamar, çuxurlarla dolu, kələ-kötür… Üstəlik, çox dar olduğundan iki nəfər yan-yana rahat gəzə bilmir. Və bu da azmış kimi, həmin dar səkilərin ortasına ağaclar əkilir. Bu kimin məntiqinə əsaslanıb? Uşaq arabası ilə gedən biri ya yola düşməlidir, ya da arabasını qaldırıb manevr etməlidir. Səkilər “survivor” oyun meydançasına çevrilib, keç, keçə bilsən.

İnkişaf nə bahalı materiallarla, nə də parıltılı infrastrukturla ölçülür; inkişafın piyada rahatlığı ilə ölçülür. Səki nə qədər yüksək olarsa, ölkə bir o qədər geridə qalmışdır. Sürücülər maşınlarını alçaq səkiyə çıxarmırsa, deməli, piyada sahəsi müdafiə olunmağa ehtiyac duymur; lakin bizdə səkiləri yüksəltməsək, avtomobillər birbaşa piyadaların üstünə park edəcəkmiş kimi davranılır.
Məsələn, Tokioda bir çox ərazilərdə ümumiyyətlə “bizim bildiyimiz” mənada səki yoxdur. Sadəcə piyada sahəsini göstərən ağ işarələr çəkilir. Heç bir fiziki divar, blok, bordür yoxdur və sürücülər o xətti keçmir, park etmir, piyadaya toxunmur. Çünki sistemin mədəniyyət dayağı insan davranışlarının özüdür.
Bir ölkədə yol və səki arasında böyük hündürlük fərqi yoxdursa, hətta sadəcə bir sarı xətt çəkməklə piyada ərazisi müəyyən edilirsə və sürücülər buna ciddi şəkildə riayət edirsə, deməli, həmin ölkədə mədəniyyət səviyyəsi çox yüksəkdir. Çünki orada qaydanı qoruyan beton yox, insanın məsuliyyət hissidir.
Əgər belə ölkələrdə səkilər bu qədər sadə şəkildə hörmət görürsə, deməli, nəqliyyatın digər sahələri də eyni dərəcədə qaydasındadır: sürücülər təhlükəsizlik zolağına girmir, işıqfor qaydalarına əməl edir, yol verir, təcili yardımın arxasına “ilişib getməyə” çalışmır. Yəni sistem insanı zorlamır, insan sistemə uyğunlaşmağı özü seçir.
Hər kəs üçün hərəkət azadlığı
Bizim şəhərimiz görmə məhdudiyyətli insanları demək olar ki, nəzərə almır. Təkərli kresloda hərəkət demək olar ki mümkün deyil, hətta sadəcə çamadanla belə irəliləmək çətindir. Düz səki döşəyə bilməmək necə bir bacarıqsızlıqdır? Həqiqətən, düz səth yaratmaq bu qədər çətindirmi?
Düz, təhlükəsiz və rahat səki yaratmaq texniki bacarıqla yanaşı, həm də şəhərsalma mədəniyyətini, düşüncə tərzini və vətəndaşlara hörməti göstərir. Bakıdakı səki problemləri isə göstərir ki, inkişaf yalnız gözəl infrastrukturla ölçülmür; inkişafın əsl ölçüsü piyada rahatlığı və hər kəsin şəhərdə sərbəst hərəkət edə bilməsidir. Bizim şəhərdə hələ çox iş görülməlidir ki, piyadalar addımlarını çəkinmədən atsın, hər kəs şəhəri öz hüququ ilə yaşasın.