Skip to content
Home » Niyə eyvandan istifadə etmirik?

Niyə eyvandan istifadə etmirik?

Bu yaxınlarda bir xanımla söhbət edirdik və maraqlı bir fikir səsləndirdi: Azərbaycanda eyvan mədəniyyəti demək olar ki, formalaşmayıb. Bunun səbəbini isə uşaqlıqdan gələn bir vərdişlə əlaqələndirdi. O vaxtlar eyvanlar çox vaxt evə qatılır, əlavə otaq kimi istifadə olunur, nəticədə eyvanın özü “lazımsız bir məkan” kimi şüuraltımıza hopurdu. Bu düşüncə bu gün də yaşayır. Yeni tikilən binalara baxanda görürük ki, insanlar eyvana ehtiyac duymur. Çünki hər kvadratmetrinə pul ödədiyimiz mənzilin bir hissəsinin “yararsız” eyvan olması bizə itki kimi görünür.

Bəs niyə eyvandan istifadə etmirik? Həqiqətəndə bu alışılmış genetik psixologiyadır ya daha həqiqi səbəblər var?

Şəxsən öz adıma danışım böyüdüyüm evin 12 metir uzunluğunda eyvanı varıydı, o eyvanı evə qatmağa heç düşünməmişdik çünki ev yetərinə geniş idi. Sonradan yaşadığım evlərdədə hər zaman eyvan oldu, amma qəribədir ki, eyvan xatirələrim barmaqla sayılacaq qədər azdır.

Niyə? Çünki eyvanda 1 stəkan çay içmək belə bəzən bir neçə saatlıq hazırlıq işinə çevrilir. Səbəbi: toz.

Bəli, boz şəhərin boz reallığı. Bakı həmişə küləkli olub, amma sanki küləyin gətirdiyi toz son illər ayrı bir həddə çatıb. Uşaqlığımda eyvanlar indiki kimi tozlu deyildi yada mən təmizləmədiyim üçün tozlu olmadığını düşünürdüm. İndi isə eyvanda 1 stəkan çay içmək ən yaxşı halda yarım saata bərabərdir.

Məsələ təkcə tozda deyil əslində, eyvan sevgisi yay aylarında daha çox olur,  axşamüstü boğanaq havada çıxıb bir az sərinləmək istəyirsən, amma nəticədə özünü ağcaqanadların nahar menyusunda tapırsan. Sərinlik yox, qaşıntı yadda qalır.

2000-ci illərin əvvəllərinə qədər evlərimizin eyvanları həm böyük, həm də çox idi. Sonralar, xüsusilə torpaq dəyərinin yüksək olduğu ərazilərdə, eyvanlardan imtina edilməyə başlandı. İnsanlar eyvanı sadəcə siqaret çəkmək və ya istirahət guşəsi kimi gördüyündən onun real potensialını çox da düşünmürdü. Bunu müşahidə edən developerlər isə zamanla eyvanları kiçiltməyə başladı.

Bu gün yeni tikili binada yaşayıram, 12 metrəlik olmasada, bir eyvanımız var. Eyvana çıxıb mənzərə seyr etmək istədikdə qonşu bina sakinlərinin evlərini izləyirəm. Çünki evin içini görməyimin qarşısını alan eyvanları yoxdur.

Bakıda tikilən binalara eyvan nə dərəcədə əhəmiyyətlidir?

Bakı kimi yay aylarında günəşin uzun müddət düşdüyü şəhərlərdə eyvan sadəcə istirahət yeri deyil həmçinin qoruyucu qatdır. Yayın yandırıcı istisindən, qışın sərt sazağından, küləyin hər mövsüm dəyişən hikkəsindən evimizi ayıran ilk müdafiə xəttidir.

Biz eyvanları adətən artıq əşyalar üçün “kiçik anbar”, paltarqurutma məkanı və ya siqaret çəkmə məkanı kimi qəbul edirik.  Lakin eyvan, ilkin funksiya olaraq evin daxili temperaturunu tənzimləyir, havalandırmanı yumşaldır, nəmişliyi balanslaşdırır və hətta ən sadə formada məxfiliyi qoruyur.

Ən sadə dillə desək, eyvan günəşlə ev arasında duran təbii filtrlərdən biridir. Birbaşa günəş şüalarının içəri daxil olmasını kəsir, çünki günəşin yaratdığı isti ilə daxildə mübarizə aparmaq mümkün deyil, onu mənzilə girmədən kəsməliyik. Eyvanlar binanın fasadında kiççik çıxıntı yaratdığı üçün, günəşin mənzilin içərisinə nüfuz etməsini xeyli azaldır.  Bu, sadəcə memarlıq detalı deyil; həmçinin şəhərlərdə mikroiqlimin tənzimlənməsi üçün bir həlldir.

Eyvanların tamamilə yox olması ciddi bir problemdir, lakin onu bir də şüşə ilə bağladıqda, yəni cam balkon etdikdə, xüsusilə həmin tərəf günəş alan cəhətdirsə, əslində etdiyimiz günəşi birbaşa evimizin içinə dəvət etməkdir.

Biz izolyasiya və, daha önəmlisi, günəşə nəzarət mövzusunda hələ çox geri qalırıq. Eyvan, sadəcə komfort məsələsi deyil; eyni zamanda memarlıq və şəhər mədəniyyətimizdəki itirilmiş balansın vizual və fizioloji nəticəsidir.

cam balkon

Cam balkonun içində hava qapalı qaldığından temperatur 50–60°C-ə qədər qalxa bilir. Bu istilik birbaşa otaqlara keçərək evin temperatur balansını pozur.

Cam balkonlar bağlandıqda hava dövranı dayanır. Nəticədə yay aylarında içəridə həddindən artıq istilik toplanır, payız-qış aylarında isə nəm və kondensasiya yaranır. Bu isə kif, xoşagəlməz qoxular və materialların aşınması kimi problemlərə yol açır. Qısacası, cam balkonların “müasir komfort” görüntüsü, əslində evin daxili iqlimini idarə etmək baxımından paradoksal nəticələr yaradır.

Eyvan olmadıqda pəncərə divardan kənara çıxan heç bir elementlə qarşılaşmır. Günəş şüası heç bir səthə dəyib sınmadan, kölgə yaratmadan düz xətt üzrə evin içinə daxil olur.

Eyvanın yaratdığı kölgə olmadıqda günəş şüası şüşəni birbaşa vurur. Buda yay aylarında evin sürətli isinməsinə təsir edir.

Bundan başqa problemlərdə yaradır, misal birbaşa günəş şüası boyalara, mebellərə, parketa və tekstil örtüklərinə daha sərt təsir edir. Eyvan kölgəsi olmadıqda bu proses sürətlənir və rənglər daha tez solur, materiallar tez yorulur.

Daha çox istilik daxil olduqca kondisioner daim yüksək rejimdə işləməli olur. Bu həm enerji sərfiyyatını, həm də xərcləri əhəmiyyətli dərəcədə artırır.

Qış aylarında eyvanın əhəmiyyəti

Eyvan qışda evin xarici divarı ilə daxili yaşayış sahəsi arasında tampon zona yaradır. Bu zona soyuq havanın birbaşa divara toxunmasının qarşısını alır. Nəticədə ev daha gec soyuyur, divarlar daha az nəm çəkir və içəri istiliyi daha yaxşı saxlanılır. Xüsusilə şimal tərəfi pəncərələri olan evlərdə bu, həyati əhəmiyyət daşıyır.

Bakı kimi küləkli şəhərlərdə, qış küləyi divar və pəncərələrə birbaşa toxunduqda istilik itkisi daha çox olur. Eyvan isə bu küləyi kəsir və pəncərənin üzərinə düşən soyuq yükü azaldır. Nəticədə pəncərə şüşəsi daha az soyuyur və evin içi daha sabit temperaturda qalır. Eyni zamanda eyvan, binanın ən həssas hissələrindən olan pəncərə səthlərini qoruyur. Qar birbaşa şüşəyə toxunmur, yağış divara vurub soyuq keçirici təsir yaratmır.

Qış aylarında evin içində rütubət artır mətbəx buxarı, nəfəs, hamam otağında yaranan buxar və s. Eyvan bu rütubətin bir hissəsinin evdən uzaqlaşması üçün təhlükəsiz çıxış nöqtəsi rolunu oynayır. Əgər eyvan cam balkona çevrilibsə, bu rütubət evin içində yığılır, pəncərələrdə buğ və damcı əmələ gəlir, nəticədə həm kif, həm də materialların uzun ömürlüyü üçün risk yaranır. 

Qısacası, eyvan həm memarlıq funksiyası, həm də yaşayış komfortu baxımından əvəzedilməzdir; onu yalnız “əlavə kvadratmetr” kimi görmək yox, evin nəfəsini qoruyan və həyat keyfiyyətini yüksəldən bir element kimi qiymətləndirmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir