Kafkanın həyatı ilə tanış olduqda maraqlı bir fakt oxumuşdum. Kafka yaxın dostuna vəsiət edir ki, mən öldükdən sonra yazılarımın hamısını yandırıb yox edərsən. Dostu isə onun vəsiətinə əməl etmir. Və bütün yazdıqlarını çapa verir. Yaxşı etdi, yoxsa pis, bilmirəm, ümumiyyətlə Kafkanın həyatını müzakirəyə çıxarmak fikrim yoxdur.
İncəsənət belə bir sahədir ki, burada fəaliyyətini hər kəsdən gizlədə bilərsən. Ona görə də introvert insanların əksəriyyəti incəsənətə yönəlir. Kafka kimi. Onlar bu sahədə özlərinə rahatlıq tapır. Əlbəttə bir çoxunuz yəqin ki, memarlıqda bunun mümkün olmadığını düşünürsünüz. Axı memarlıqda sənin əsərin hər kəs tərəfindən görünür, yaxşı layihədirsə, dünyanın hər yerindən insanlar onu görməyə gəlir. Pisdirsə, ən azından şəhər sakinləri tərəfində görünür amma bir müddət sonra sökülüb yerində yenisi tikilir. Elə deyilmi?
Xeyr, həmişə belə deyil. Çünki memarlıq incəsənətin ən bahalı qoludur. Burada yaratmaq üçün qələm vərəqlə və ya fırça, boya və kətanla kifayətlənə bilməzsən. Yaradıcılığımızla öndə olmağı, tanınmağı xoşlayan memarlar üçün isə bu işin ən çətin tərəflərindən biridir, yaratmaq istəyir, amma resurs yoxdur.
Məhz belə çətinliklərdən yola çıxılaraq kağız memarlıq hərəkatı başlanılmışdır. İntrovert, insanlar üçün daha uyğundur, deyə bilərik. Cəsarətli deyilsənsə və qınanılmaqdan qorxursansa, çək, amma heç kimlə paylaşma. Kağız memarlığı xəyali dünyanın xəyali şəhəri üçün gerçək layihə hazırlamaqdır. Sənin layihən heç vaxt tikilməyəcək, amma sən onu istədiyin kimi yarada bilərsən. Düzdür bunun yaranma səbəbinin ekstrovertlərlə heç bir əlaqəsi yoxdur.
Ümumiyyətlə hər bir memarlıq layihəsi ağ bir vərəqdən başlayır. Amma hər layihə həyata keçmir. Siyasi və ya iqtisadi səbəblərdən layihələr dayandırılır, bəziləri heç tikinti mərhələsinə də çatmır. Bu gün sürətli tikinti dövründə isə hər kəs pul və vaxt kimi resursları maksimum qənaətlə istifadə etməyə çalışır. Bəs belə olan halda memarlar nə etməlidir? Onun praktik fəaliyyəti əlindən alınanda, real dünyada tikinti ilə məşğul ola bilməyəndə memar fantaziyasına necə həyat verə bilər?
Kağız memarlığının yaranması
Kağız memarlığı Avropada yaransada SSRİ-də 1970-80-ci illərdə ortaya çıxdı. Niyə ortaya çıxdı? Çünki büdcə yox idi, amma yaradıcı azadlıq vardı. Memara azadlıq vermək üçün büdcə ayrıla biilmirdi. Layihə bir dəfə hazırlanırdı və təkrar-təkrar bütün şəhərlərdə eyni tikinti tikilirdi və belə olan halda yaradıcı düşüncələri itirdi. Kağız memarlığı bunun çıxış yolu oldu. Sərbəstlik, istədiyin kimi çəkmək, heç kimin “bu mümkün deyil” demədiyi bir dünya yaratmaq.
Belə nümunələr tarixdə az deyil Məsələn, Etien-Lui Bulle. O, klassisizm memarları ilə birlikdə öz unikal layihələrini yalnız kağız üzərində yaratdı: Newtonun kenoftafu, Böyük Fransız Operası, Kral Kitabxanası. Bulle üçün ən sevimli forma sfera idi – kainatın təcəssümü. Newtonun kenoftafı layihəsində günəş işığı sferaya düşəndə ulduzlu səma və ay görünürdü. Baxdıqda sanki planetariumdasan hissi yaşadır.


XX əsrdə bu ənənəni avantqard memarlar davam etdirdi. El Lisitski buna gözəl nümunədir. O, “proun” adlanan kompozisiyaları ilə memarlığı, rəssamlığı, fəlsəfəni birləşdirirdi. Malyeviç isə tez-tez deyirdi: “Bu işlərin heç bir praktik istifadəsi yoxdur.” Amma Lisitski inanırdı ki, onun əsərləri ideyaların dünyasından memarlığa keçid nöqtəsidir. Burada Platonun ideyalar dünyası ön plana çıxır, yəni gerçəklikdən daha əhəmiyyətli olan, düşüncə və yaradıcılıqdır.
Kağız memarlıq göstərir ki, memarlıq yalnız tikilən binalardan ibarət deyil, o həm də ideyadır, fantaziya, filosofik axtarış və xəyaldır. Bəzən isə ideyalar gerçəkləri üstələyir. “Kağız memarlıq” həm bir çıxış yolu, həm də memarın düşüncə və fantaziyasının sərbəst ifadəsi oldu.
Kağız Memarlığın müasir forması
Bu gün kağız memarlıq öz formasını dəyişib. Bu gün memar kağızda çəkmir ona görə də kağız memarlıq belə rəqəmsal memarlığa çevrilib. 3D modellər, virtual reallıq, oyunlar, digital sərgilər – memar hələ də “tikir”, amma artıq torpaq üzərində deyil.
Ümumiyyətlə, “kağız memarlığı” çox qeyri-müəyyən bir anlayışdır. Hər bir layihə kağız üzərində yaranıb və bu gün baxdığımız layihəyə tam bənzəyirdi. Bəziləri üçün, məsələn, Avstraliyanın yerli əhalisi tərəfindən bu gün tikilən binalar ideyası qeyri-mümkün görünəcək. Bizlər üçünsə Azteklərin və ya Misirlilərin tikdiyi binaları fantastik görünə bilər.
Bəziləri yuxarıda verilən layihələri gülünc hesab edə bilər, bəziləri isə heç nəyi təəccüblü saymayaraq onları sıradan, sadəcə “darıxan memarların” məşqləri kimi qəbul edə bilər. Amma bu layihələr memarlıq sənətinin fərqli tərəflərini göstərir, çünki çoxları üçün memarlıq yalnız ətrafdakı binalardan ibarətdir. Onların düşüncəsinə əsasən memarlıq tamamilə funksional olmalı və “sənət yalnız muzeydə olmalıdır”. Daha sadə desək, memarlıq sənəti digər hər hansı sənət növündən heç də geri qalmır. Həm kağız üzərində həm də torpaq üzərində var ola bilir.