Əvvəlki yazılarımda müxtəlif iqlimlər və onların memarlıqda necə əks olunduğundan danışmışdım. Bu dəfə mövzum qarlı iqlimlər haqdadır. Ölkəmizdə bu cür təbiətə malik bölgələr əsasən Kəlbəcər-Laçın zonasıdır. Təəssüf ki, uzun illər bu yerlərə həsrət qaldıq. Paytaxtda yaşayan bizlər isə qarı həm sevinclə, həm də bir az qorxu ilə qarşılayırıq. Qar yağanda uşaq kimi sevinirik, amma az keçmir ki, yollarda tıxac, şaxtalı hava, donmuş pilləkənlər bizi yorur və o sevinc əriyir.
Qarlı hava memarlıq üçün həm çətinlik, həm də ilham mənbəyidir. Belə iqlimlərdə evlərin quruluşu, xüsusilə də dam forması, təbiətin bu sərt şəraitinə uyğunlaşdırılır. Qarın çox yağdığı yerlərdə damlar adətən dik və hündür olur ki, qar yığılmadan asanlıqla sürüşüb axsın. Beləcə, həm binanın ağırlığı azalır, həm də qışın bütün çətinliyinə baxmayaraq, həyat davam edir.
Qarlı hava şəraitinə uyğun tikilən Gassho-zukuri evləri
Gassho-zukuri – Yaponiyanın Şirakava bölgəsinə məxsus ənənəvi ev tipidir. Bu evlər taxtadan tikilir və dam hissəsi iki əlin birləşmiş formasını xatırladır. Dik, samanla örtülmüş damlar qarın asanlıqla sürüşüb düşməsi üçün xüsusi bucaq altında hazırlanır. Bu memarlıq üslubu bölgənin sərt iqliminə və təsərrüfat həyatına uyğunlaşdırılıb. Şirakavada qışlar uzun və qarlı keçdiyi üçün Gassho-zukuri evləri həm soyuğa, həm də küləyə qarşı davamlıdır. Evlərin şimal-cənub istiqamətində yerləşdirilməsi küləyin təsirini azaldır, günəşin hərəkətinə uyğun tikilməsi isə yayda sərinlik, qışda isə istilik yaradır. Beləcə, bu evlər təbiətlə ziddiyyətə girmədən, onun ritminə uyğun şəkildə yaşayır.

Ev tikilən zamanı uclarında yerləşən üçbucaq formalı divar hissələrinə — geybellərə (gable walls) — xüsusi diqqət yetirilir. Bu hissələr külək və günəşə açıq saxlanılır ki, həm təbii işıq içəri daxil olsun, həm də hava dövranı təmin edilsin.
Yan divarların bir qədər xaricə maili tikilməsi isə yağış sularının damın altına axmasına mane olur. Bu divarlarda yerləşən iri pəncərələr çoxmərtəbəli tavan arasını işıqlandırmaq və havalandırmaq üçün nəzərdə tutulub. Keçmişdə həmin tavan araları ipəkqurdu yetişdirmək üçün istifadə edilirdi.

Evləri qorumaq üçün əlavə tədbir kimi yukigakoi adlanan taxta baryerlər qurulurdu. Onlar damdan sürüşüb düşən qarın divarlara zərər verməsinin qarşısını alırdı. Bu gün Şirakava bölgəsi ilboyu açıq olsa da, bir zamanlar qış aylarında yollar qalın qarla bağlanırdı. İndi isə yanvar və fevral aylarında Oqimaçi kəndində keçirilən qış işıqlandırma tədbirləri həm bu qədim memarlığın gözəlliyini vurğulayır, həm də saysız turistləri cəlb edir.
Irori ocaqları və evin daxili quruluşu
Gassho-zukuri evlərinin mərkəzində yerləşən irori ocağı həm istilik mənbəyi, həm də ailənin toplandığı əsas məkandır. Burada yemək bişirilir, su qaynadılır, ailə üzvləri və qonaqlar ocağın ətrafında toplaşaraq isti atmosfer yaradır.

Irori ocağından qalxan istilik və tüstü evin yuxarı hissəsinə tavan aralarına yayılır. Bu həm taxtanı nəm və zərərvericilərdən qoruyur, həm də samanla örtülmüş damı quru saxlayır. Beləliklə, evin içində sabit istilik yaranır ki, bu da ipəkqurdu yetişdirilməsi üçün vacib şərait yaradır.
Hiama taxtası
Hər Gassho-zukuri evində irori ocağının üstündə hiama adlanan taxta lövhə yerləşir. Bu lövhə ocağın şüalarının tavana və saman dama çataraq yanğına səbəb olmasının qarşısını alır. Eyni zamanda, hiama alətlərin asılması və yeməklərin qurudulması üçün də istifadə olunur. O, tüstünün ev boyu bərabər yayılmasına kömək edir və daxili istiliyi qoruyur.
Şirakava-qoda ipəkqurdu yetişdirilməsi (serikultura) XVIII əsrdən aparılır və XIX əsrin ikinci yarısında bölgənin əsas sənaye sahəsinə çevrilmişdi. Bu dövrdə dik damlı Gassho-zukuri evləri geniş şəkildə tikilməyə başlamışdır. Bununla yanaşı, bölgənin ətraf yamaclarında tut ağaclarının yetişdirilməsi və ailə üzvlərinin birgə əməyilə Şirakava-qo Yaponiyanın əsas xam ipək istehsalçılarından birinə çevrilmişdi. Bu fəaliyyət XX əsrin ilk onilliklərinə qədər davam edərək, həm iqtisadi, həm də mədəni baxımdan bölgənin həyat tərzini formalaşdırmışdı.
A-Çərçivəli Evlər
A-çərçivəli evlər çoxlarının sevdiyi, qarlı iqlimlərin klassik simvollarından biridir. İndi onlar əsasən gözəl görünüşünə görə tikilsə də, əslində bu formanın yaranma səbəbi qarın asanlıqla sürüşüb düşməsi və evin möhkəm qalması olub. Bu tip evlərə ölkəmizin turistik bölgələrində də tez-tez rast gəlmək olur, elə baxanda da insana dağ havası, sakitlik və istirahət hissi gətirir.

Qarlı iqlimlər memarlıq dizaynına xüsusi tələblər qoyur. Qar yükü, soyuq havanın təsiri və qış aylarında günəş işığının məhdudluğu evlərin funksionallığına və davamlılığına ciddi şəkildə təsir edir. Belə mühitdə A-çərçivəli evlər memarlığın həm estetik, həm də praktik tərəfini mükəmməl şəkildə birləşdirən unikal nümunələrdir. Bu evlərin ən fərqləndirici elementi onların dik damlarıdır. Bu üçbucaqlı dam forması qarın evdə toplanmasının qarşısını alır və ağır qar yükünü struktura bərabər paylayır. Belə dizayn qarlı bölgələr üçün optimaldır, çünki dam üzərində yığılan qar təzyiqi divarlara və təməllərə minimal təsir göstərir.
Dik damın sıldırımlı xətləri təkcə konstruktiv üstünlük yaratmır, həm də yağış suyunun asan və səmərəli şəkildə axmasına şərait yaradır. Nəticədə, həm qış aylarında qar, həm də ilin digər dövrlərində yağış suyu evin təhlükəsizliyini pozmadan təbii şəkildə axır. Məhz bu xüsusiyyətləri sayəsində, A-çərçivəli evləri həm dağlıq, həm də şimal-qərb iqlimində yaşayan sakinlər üçün ideal edir.
Təbii İşıq
Qarlı iqlimlərdə günəş işığı az və dəyərlidir. A-çərçivəli evlərin geniş, üçbucaqlı pəncərələri daxili məkanı təbii işıqla doldurur, qış günlərini daha isti və rahat göstərir. Açıq planlı interyerlər və loft tipli sahələr məkanı həm vizual, həm də funksional baxımdan genişləndirir. Yüksək tavanlar istiliyin daha bərabər yayılmasına kömək edir, bu da enerjiyə qənaət deməkdir. Adətən ağacdan tikilən evlər həm estetik, həm də istilik baxımından üstünlük verir. Müasir modellərdə isə ağacın təbiiliyi metal və digər davamlı materiallarla birləşərək A-çərçivəli evləri həm ənənəvi, həm də uzunömürlü edir.
Ümumilikdə qarlı iqlim memarlığı sərt təbiət şərtləri ilə estetik dəyərlər arasında tarazlıq yaradır. Bu memarlıq forması insanın təbiətə uyğunlaşma bacarığını, eyni zamanda onunla harmoniyada yaşamaq istəyini ən gözəl şəkildə əks etdirir.