Skip to content
Home » Psixoloji Oksigen

Psixoloji Oksigen

Psixoloji Oksigen

Təbiət insanın ehtiyaclarını ödəyən mənbədir, yoxsa öz dəyəri və mənası olan müstəqil bir varlıq? Tarix boyu biz ona daha çox maddi baxışla yanaşmışıq: meşələri kəsib, çayların axarını dəyişdirib, yeraltı sərvətləri tükəndirmişik. Hər şeyi “istifadə ediləcək resurs” kimi qiymətləndirmişik.

Lakin Rocer Ulrixin məşhur tədqiqatı tibbdə maraqlı bir həqiqəti aşkar etdi. O, böyrək daşı əməliyyatı keçirmiş xəstələrin sağalma prosesini izləyərək sadə, amma dərin bir nəticəyə gəldi. Beləki, palatanın pəncərəsindən təbiət mənzərəsini görən xəstələr daha tez sağalır və özlərini daha yaxşı hiss edirdilər, amma eyni əməliyyatı keçirmiş və pəncərədən yalnız beton divar və asfalt görən xəstələr isə daha gec sağalırlar.

Bu tapıntıdan sonra bir çox araşdırmalar göstərdi ki, təbiət mənzərəsinin insan psixikasına və fiziologiyasına təsiri düşündüyümüzdən daha da güclüdür. Sadəcə bir ağac, günəş işığı və ya kiçik yaşıllıq mənzərəsi belə beynin stress reaksiyasını azaldır, ürək döyüntülərini tənzimləyir, qan təzyiqini sabitləşdirir və sakitlik hissi yaradır.

Təbiətin təsiri yalnız emosional rahatlıqla bitmir, o, həmçinin düşüncə tərzimizi də dəyişir. Şəhər mühitində diqqətimiz daim kəskin və gərgin olur: hərəkət edən obyektləri izləyir, səs və vizual məlumatlara davamlı reaksiya veririk. Təbiətdə isə, baxışlarımız sakitləşir, gözlərimiz bir nöqtədən digərinə yumşaq şəkildə keçir, sanki beyin “fasilə” verir. Bu isə zehni enerjimizin bərpasına, konsentrasiyanın artmasına və daxili balansın formalaşmasına kömək edir.

Əslində, bu çox qədim mexanizmdir, çünki təbiət, bədənimiz və zehnimiz üçün hələ də ən uyğun “mühit”dir. Ona görə də parkda gəzinti, pəncərədən ağacları izləmək və ya sadəcə təbiət səsini dinləmək bəzən ən təsirli terapiyaya çevrilir.

Amma təbiətlə təmasın təsiri bununla yekunlaşmır. Frensis Kuo və Uilyam Sallivan kimi tədqiqatçılar göstəriblər ki, yaşıl mühitdə yaşayan insanlar yalnız daha xoşbəxt deyil, həm də özlərini daha təhlükəsiz hiss edirlər.

Müşahidələr göstərir ki, ağaclarla, parklarla və yaşıllıq zolaqları ilə dolu məhəllələrdə insanlar bir-biri ilə daha çox ünsiyyət qurur, qonşularını yaxından tanıyır və nəticədə daha sıx, güclü sosial əlaqələr yaranır. Belə məhəllərdə aqressiya və cinayət də xeyli az olur.

Kollin Ellard isə təbiətin insan psixikasına təsirini araşdırarkən bir sualın cavabını tapmaq istəyirdi: “Niyə təbiəti bu qədər çox sevirik?” Bunun bioloji əsaslarını öyrənmək üçün laboratoriyada maraqlı təcrübələr qurdu.

Texnologiya o qədər irəliləyib ki, artıq böyük ekranlarda real təbiət mənzərələrini göstərmək və onları interaktiv etmək mümkündür. Ellard da bunu sınadı. O, virtual bir meşə mühiti yaratdı. O qədər real görünürdü ki, bəzi iştirakçılar bir müddət sonra ətrafdakı ofis mebelləri və naqillərlə dolu laboratoriyada olduqlarını tamamilə unutdular.

Təcrübənin əvvəlində iştirakçılarda süni şəkildə stress yaradılırdı. Beləki, onlardan xoşagəlməz xatirələri yada salmaq və eyni zamanda sənaye səs-küyü altında çətin riyazi tapşırıqları yerinə yetirmək tələb olunurdu. Ardınca isə iştirakçılar bu gərgin mühitdən virtual meşəyə “keçirilirdilər”. Nəticələr heyrətamiz idi: cəmi on dəqiqə ərzində psixoloji göstəricilər sabitləşir, əhval-ruhiyyə yüksəlirdi.

Ən maraqlısı isə o idi ki, təbiət mənzərələrinin təsiri, nəzarət üçün göstərilən şəhər görüntülərindən qat-qat güclü idi. Bu, sübut etdi ki, insan beyninin təbiətə reaksiyası yalnız texnologiyanın yaratdığı yeni təcrübə həyəcanından qaynaqlanmır bu həmçinin, daha dərin, bioloji bir mexanizmdir. Ellardın nəticələri göstərdi ki, hətta virtual şəkildə belə, təbiət görüntüləri bizdə bərpaedici prosesləri işə salır.

Bu tədqiqat göstərir ki, real təbiətə çıxışı məhdud olan insanlar (yaşlılar, yataq xəstələri, əlil arabasında olanlar) texnologiyanın köməyi ilə təbiət mənzərələrindən və onların sakitləşdirici təsirindən faydalana bilirlər.

Bəs texnoloji təbiət real təbiəti tam əvəz edə bilərmi?

Psixoloq Piter Kan bu mövzunu dərindən araşdırıb və maraqlı nəticələr təqdim edib. Beləki, Kan pəncərədən görünən real bağ mənzərəsinin təsiri ilə eyni mənzərənin veb-kamera vasitəsilə plazma ekranda göstərilən versiyasını müqayisə edib. Nəticə təəccüb yaratmadı: monitordakı görüntü iştirakçılarda real təbiət qədər sakitləşdirici və bərpaedici təsir yaratmadı. İnsan bədəni və beyni “saxta təbiət”i hiss edir, vizual oxşarlıq olsa da, duyğusal səviyyədə eyni təsiri göstərmir.

Lakin, eyni texnologiya başqa şəraitdə müsbət nəticələr verə bilir. Pəncərəsiz ofislərdə divar ekranlarında göstərilən təbiət mənzərələri işçilərin əhvalını yüksəldib, stres səviyyəsini azaldıb və məhsuldarlığı artırıb.

Beləliklə, texnoloji təbiət real təbiətin yerini tam tuta bilmir. Amma, beton divarlar arasında, işıqsız ofislərdə, nəfəs almağın belə çətin olduğu yerlərdə bir növ “psixoloji oksigen” rolunu oynaya bilər. Amma unutmamalıyıq ki, bu süni rahatlıq onun dərinliyini daşımır; o, bizi təbiətə yaxınlaşdırır, amma heç vaxt onun yerini tuta bilmir.

Bu iki təcrübənin müqayisəsi göstərir ki, elektron vasitələrlə təqdim olunan təbiət təsvirləri müəyyən mənada faydalı olsa da, real pəncərənin qarşısında olduqda onların təsiri xeyli zəifləyir. Yəni, həqiqi təbiət mənzərəsi əlçatandırsa, monitorun verdiyi “təbiət effekti” demək olar ki, əhəmiyyətsiz olur.

Bunun bir neçə səbəbi ola bilər. Piter Kana görə məsələ paralaks effektindədir: yəni biz pəncərədən baxanda mənzərə hərəkətimizlə birlikdə dəyişir, bir addım sağa, bir addım sola və dünya da sanki bizimlə hərəkət edir. Monitorda isə bu canlılıq yoxdur, hər şey donub qalır, beyin də dərhal fərqi anlayır.

Bir başqa səbəb də, biz o mənzərənin “saxta” olduğunu bilirik. Bu da, hisslərimizin içinə sızır və təsvirin sehrini azaldır.

Amma maraqlıdır ki, pəncərəsiz ofislərdə vəziyyət dəyişir. Orada bu “saxta” təbiət bir növ nəfəs kimi işləyir. Ekrandakı meşə, dəniz, səma insanı bir anlıq beton divarların arasından çıxarıb başqa bir yerə aparır. Əhval yüksəlir, gərginlik azalır, sanki hava bir az təmizlənir. Deməli, texnoloji təbiət həqiqi təbiətin olmadığı yerlərdə az da olsa həyat gətirə bilir.

Bu nəticələr təbiət və insan psixikasının əlaqəsini aydın göstərir: açıq yaşıl sahələr, meşələr və açıq mənzərələr insanın zehni və emosional sağlamlığı üçün əvəzsizdir. Real təbiət stressi azaldır, əhval-ruhiyyəni yüksəldir, diqqəti bərpa edir və sosial harmoniyanı gücləndirir. Texnoloji vasitələrlə yaradılan virtual təbiət təsvirləri bəzi hallarda faydalı olsa da, onların təsiri həqiqi pəncərə və ya açıq sahə ilə müqayisədə məhduddur. Bu fərq paralaks effekti və vizual-realizmin çatışmazlığı ilə izah oluna bilər.

Qərar sizindir. Texnologiya bizə “saxta təbiət” təqdim edirsə, biz bu saxtalığı “həqiqi rahatlıq” saymağa razıyıqmı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir