Skip to content
Home » Bayırşəhər

Bayırşəhər

“Bayırşəhər” vaxtilə Bakının kənarında, heç kimin yaşamaq istəmədiyi bir məhəllə idi. Əsasən ətraf kəndlərdən və digər şəhərlərdən gələn insanlar burada məskunlaşır, sadə həyatlarını dar və əyri küçələr arasında qururdular. XX əsrin əvvəllərində isə neft gəlirlərindən zənginləşən Bakı milyonçuları qədim qala divarlarının kənarında möhtəşəm binalar tikməyə başladılar. Bu binalar yalnız zənginliyi nümayiş etdirmir, həm də şəhərin memarlıq tarixində yeni dövrün başlanğıcını simvolizə edirdi. Beləcə, Bayırşəhər həm sadə sakinlərin gündəlik həyatına ev sahibliyi edir, həm də zənginlərin təsiriylə şəhərin vizual və mədəni mənzərəsini dəyişməyə başladı.

Mənim kimi insanlar üçün bu binalar keçmişin izlərini daşıyan qiymətli abidələrdir, başqaları üçünsə “heç bir tarixi dəyəri olmayan” sadə tikililər kimi görünür. Burada yaşayış evləri, ticarət binaları və ictimai tikililər mövcuddur. Bir neçə əsr əvvəl Bakıda tikilən bu binalar sanki bir-biri ilə rəqabətə girmişdi çünki hər kəs daha yaraşıqlı və daha əzəmətli mülk inşa etdirməyə çalışırdı.

Fasadlarda müxtəlif ornamentlər, naxışlar, oymalar vasitəsilə fərqli mədəniyyətlərin izləri bir araya gəlirdi. Evlərin interyerləri isə həm yerli adət-ənənələri, həm də Qərb zövqünü özündə birləşdirir, üstəlik iqlim şəraitinə də uyğunlaşdırılırdı.

Bayırşəhərdə məni valeh edən bir evin şüşəbəndindən bayıra baxarkən maraqlı bir fakt öyrəndim: sən demə, bir neçə əsrdən artıq yaşı olan bu bina inşa edilərkən onun pəncərələrinə ayrıca taxılıb çıxarıla bilən pəncərə toru da quraşdırılıbmış. Bir neçə əsr əvvəl Bakıda ağcaqanadların olması təəccüblü deyil, amma o dövrdə belə bu texniki detalın düşünülməsi mənim üçün olduqca maraqlı və gözlənilməz fakt olmuşdu.

Memarlar yalnız estetik gözəllik və möhtəşəm fasadlar haqqında düşünmür onlar həm də sakinlərin gündəlik rahatlığını, sağlamlığını və yaşadıqları mühiti nəzərə alırdılar. Hər detal, hər funksional element insanların rahatlığı və rifahı üçün nəzərdə tutulmuş sənət əsəri olduğunu göstərir. Bu gün isə tikilən hündür mərtəbəli binalarda sakinlərin rahatlığı yox, yalnız fasadın estetik görünüşü nəzərə alınır. Yeni tikililərin bir çoxunda pəncərə yoxdur, onun yerinə panorama qapılar qoyulur. Havalandırma pəncərəsi (fortoçka) isə ümumiyyətlə tarixə qovuşub. Əvvəllər sadə bir texniki həll kimi görünən bu kiçik detallar indi unudulub, estetik görünüş və “modern” dizayn anlayışı onların yerini tutur.

Bayırşəhərdə hündür tavanlı evlərin tavanlarında yer alan oymalar və naxışlar insana sanki keçmişə səyahət etdiyini hiss etdirir. Hər detal, hər naxış öz dövrün həyat tərzini, zövqünü və estetik duyğusunu bizə çatdırır. Divarlardakı camaxatanlar və taxçalar, üzərlərinə yerləşdirilmiş incə oymalı qapılar isə, insanı tarixlə bağlayan görünməz bir körpü rolunu oynayır. Divarlardakı rəsm əsərləri isə sadəcə dekorasiya deyil; insanın ruhuna toxunur və keçmişin incəliklərini, mədəni zənginliyini bizlərə göstərir.

Bəli, Bayırşəhər baxımsızdır və bir çox tikili uçuq-sökük vəziyyətdədir, amma baxımsız olan hər yer sökülməlidirmi? Bu sual sadəcə fiziki vəziyyətlə deyil, mədəni və tarixi əhəmiyyətlə də bağlıdır. Həqiqətən, bu evləri yaşatmaq asan deyil; onların bərpası və rekonstruksiya işləri xeyli vəsait və uzun müddət tələb edir. Amma bu maliyyə və əməyin müqabilində şəhərin ruhunu, keçmişini və mədəni kimliyimizi qorumuş oluruq. Hər bir bərpa edilən ev, hər bir saxlanılan küçə gələcək üçün canlı bir xəzinədir.

Yaxın keçmişdə İçərişəhəridə köhnə və yararsız bir məkan kimi görürdük; şəhərsalma planlaşdırıcıları buranın əhəmiyyətsiz olduğunu düşünərək bir çox tarixi tikilini sökmək qərarına gəlmişdilər. Bir neçə binanın dağıdılmasından sonra isə anlaşılmışdı ki, bu məkan bizim tariximiz, mədəniyyətimiz və kimliyimizin simvoludur. Tarixə ehtiyacımız olduğunu dərk edənlər işləri dəyişdirdilər; İçərişəhəri qorumaq, bərpa etmək və UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil etmək üçün ətraflı işlərə başlanıldı. Bu qərar təkcə içərişəhərin xilas etmək deyil, həm də gələcək nəsillərə bir tarix kitabı təqdim etmək demək idi.

Bayır şəhərdə İçərişəhər kimi açıq hava muzeyi rolunu oynayır. Burada hər küçə, hər əyri yol və hər qədim ev öz hekayəsini yaşadır. Dar, əyri və meylli küçələrimiz bizim misilsiz xəzinəmizdir; onlar bir dövrün, bir yaşayış tərzinin, insanların gündəlik həyatının izlərini saxlayır. Bəli, şəhərdə düz və geniş yollar çoxdur, amma bu əyri küçələr tarixin müəyyən bir dövründə yaranıb və o dövrün ruhunu əks etdirir. Bu gün avtomobillərin, yeni texnologiyaların və geniş ticarət sahələrinin ələ keçirdiyi şəhərlərdə belə küçələri eyni formada inşa etmək mümkün deyil; onları qorumaq, bərpa etmək və gələcək nəsillərə ötürmək isə bizim əlimizdədir. Bayırşəhər xalqın keçmişi ilə gələcəyi arasında bir körpüdür.

Bayırşəhərdə Turistik məkan

Digər şəhərlərin təcrübəsi ilə müqayisə aparsaq coğrafi cəhətdən bizə o qədər də uzaq olmayan Ankara ilə müqaisə etmək mümkündür. Ankaranın gəzməli-görməli yerlərinin sayı azdır, iki-üç belə məkan mövcuddur və onlardan biri Hamamönüdür. Dar küçələr, qədim evlər və kiçik meydanlar şəhərin tarixi ruhunu qoruyur. Biz isə dağıdıb sökdüyümüz üçün, belə nadir və qiymətli məkanlarımızın sayı azalıb; itirilənlər geri qaytarılmayacaq bir boşluq yaradır. Ankarada isə dağıtmaqla yox, yaratmaqla və bərpa etməklə bu nadir məkanları qoruyub saxlaya biliblər.

Hamamönü, bizim Bayırşəhər kimi, əvvəllər baxımsız, uçuq-sökük və dağınıq bir ərazi idi. Hətta vəziyyət o qədər acınacaqlıydı ki, insanlar o dar və əyri küçələrdə gəzməyə qorxurdular; hava qaralanda evlərindən belə çıxmazdılar. Lakin şəhər bələdiyyəsi illərdir burada davamlı təmir və bərpa işləri aparır, binaların fasadlarını eyni üslubda bərpa edir, ağ divarlar və taxta balkonlarla küçələrə vahid estetik görünüş qazandırır. Nəticədə, Hamamönü artıq gəzildikcə hüzur verən, tarixi ruhu qoruyan və eyni zamanda canlı bir şəhər həyatı ilə nəfəs alan turistik məkan halına çevrilib.

Oranın sakinləri də bu dəyişikliklərə uyğunlaşaraq evlərinin birinci mərtəbələrini restoran və mağazalara çeviriblər. Beləcə, onlar yalnız tarixi mühitdə yaşamır, həm də turistlərin cəlb olunduğu küçələrdən öz evlərinin içindən gəlir əldə edirlər. Bu yanaşma həm tarixi məkanı qoruyur, həm də insanlara iqtisadi imkanlar yaradır, şəhər həyatını və mədəni irsi eyni zamanda yaşadır.

Bayırşəhərdə bunu etmək mümkün deyildimi? Görünür, yox. Çünki bizim prioritetlərimiz fərqli qurulub: şəhərin mərkəzində yeni göydələnlər tikmək üçün torpaq sahəsi əldə etmək bir çox hallarda əhalinin maddi rifahından və ya tarixi irsin qorunmasından üstün tutulur. Axı turistlər də tarixi məkanları yox, şüşədən ibarət hündür binaları sevir, elə deyilmi?

Bir turist kimi Bakıya gəlsəniz, bu şəhərə neçə gün ayırarsınız? Günlərin çox olması üçün gəziləcək yerlərin də sayı çox olmalıdır. Amma bu, pərakəndə şəkildə tikilmiş iki-üç müasir muzeylə məhdudlaşmamalıdır. Turistlər üçün əsas cəlbedici olan yerlər tarixi əhəmiyyət daşıyan məkanlardır. Hətta bu, maraqlı bir qəbiristanlıq belə ola bilər. Əsas odur ki, həmin yer baxımlı, qorunmuş və ruhunu itirməmiş olsun.

Turistləri cəlb edən şey parlaq binalar və ya müasir muzeylər deyil, bir şəhərin tarixidir, yaddaşıdır. Tarixi məkanları itirdikcə şəhərin ruhunu və onun kimliyini itiririk, görünür biz elə kimliyimizi və tariximizi unutmaq istəyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir