Skip to content
Home » Dini memarlıq

Dini memarlıq

Dini memarlıq. Müsəlman ölkəsində yaşayan insanlar olaraq yəqin ki, hər birimiz ömrümüzdə ən azı bir dəfə məsciddə olmuşuq. Bəs məscidə daxil olarkən ilk düşüncənizi və təəsüratınızı xatırlayırsanız?

Mən ilk dəfə məscidə gedəndə uşaq idim, heç məktəbədə getmirdim, nənəm gedəndə məni özü ilə məscidə aparardı. Hər dəfə məscidin divarındakı rənglərə, işıqda parıldayan naxışlara baxanda sanki zaman mənim üçün dayanırdı. O əzəmətli bina qarşısında özümü cılız və bir o qədər də aciz hiss edirdim. Uşaq gözü ilə bu böyüklüyün sirrini anlamırdım, sadəcə heyrətlə baxardım. Sonradan memarlıq təhsili aldıqca anladım ki, bu bir iluziyadır. Bəli, memarlıqda da sehr var. Tanrının qarşısında özümü aciz və gücsüz hiss etməyimiz üçün dini abidələr yüksək tavanlı, yüksək sütunlu, böyük tağlı və əzəmətli inşa olunur.

Dini memarlığı araşdıranlar deyirlər ki, bir inanca nə qədər bağlı olduğumuzu düşünməyimizdən asılı olmayaraq, əgər bu inancın gücünü xatırladan məkanlarda yaşamırıqsa, bağlılığımızı qorumaq çətin olur. Belə məkanlar bizi pulun, mövqeyin və dedi-qodunun təsirindən uzaq tutmalı, ruhumuzdakı dəyərləri oyatmalıdır. Divarların və tavanın bəzəkləri Allaha yaxınlaşmağımıza və ya ondan uzaqlaşmağımıza təsir edə bilir.

İbadət edilən məkanların dizaynında istifadə olunan işıq, forma, akustika kimi detallar insanın ruh halına təsir göstərir və meditativ bir təcrübə yaradır. Vitraj pəncərələr və düzgün işıqlandırma dini məkanlarda xüsusi rol oynayır. Günəş işığının süzülərək daxili məkanı işıqlandırması ibadət edənlərdə sakitlik və dərin düşüncə yaradır. Rənglərin harmoniyası isə beyində rahatlıq və estetik zövq hissi oyadır.

Məscid memarlığında işıq və kölgə oyunu, məkanın psixoloji təsirini formalaşdıran əsas komponentlərdən biridir. Günəş işığının məkanın daxilinə nəzarətli şəkildə daxil olması, insanın ibadət zamanı diqqətini toplamasına şərait yaradır. İşıqlandırma yalnız vizual deyil, həm də simvolik funksiyaya malikdir. O, ilahi nizam və ruhi aydınlanma anlayışını təmsil edir. Kölgələrin varlığı isə məkanın dərinliyini artırır, insanın öz varlığı üzərində düşünməsi üçün uyğun atmosfer yaradır.

Dini memarlıqda akustikanın ruhani təsiri

Dini məkanlarda akustika xüsusi nəzərə alınır. Kilsələrdə və məscidlərdə səslərin rezonansı, musiqi və ya dua oxunuşları ibadət zamanı daha böyük və əzəmətli hiss etdirilir. Bu, insanın emosional təcrübəsini gücləndirir və ibadət prosesini daha mənalı edir.

Simmetriya və ornamentlərin rolu
Minimalizm və təkrar prinsipləri məscid interyerində struktur və ritm hissini gücləndirir. Geometrik ornamentlərin və simmetrik planlaşdırmanın təkrarı insanın şüurunda nizam və harmoniya duyğusu yaradır. Bu təkrar olunan formalar ibadət prosesində zehni sabitliyi dəstəkləyir.

Bir çox məscidlərin həyətində yerləşdirilən su elementləri – hovuz və ya fəvvarələr – həm fiziki təmizliyi, həm də ruhi aydınlanmanı simvolizə edir. Bu elementlərin birləşməsi nəticəsində məscid sadəcə ibadət yeri deyil, həm də psixoloji rahatlıq və daxili sükunət mühiti yaradan memarlıq sisteminə çevrilir.

Ucalıq effekti və mistik təcrübə
Dini məkanlarda yüksək tavanlar, minarələr və qotik qüllələr insanı kiçik və mülayim hiss etdirir. Bu “ucalıq effekti” ibadəti daha dərin edir və insanın Tanrı qarşısında kiçikliyini hiss etməsinə imkan yaradır.

Mehrab

İslam inanclarına görə Mehrab insanın cismani varlıqdan mənəvi yüksəlişinə gedən yoldur. Məscidlərin memarlıq kompozisiyası yer səthindən göyə doğru istiqamətlənən hündür tavanlar, səmaya açılan günbəzin forması insanın ruhani yüksəlişini təcəssüm etdirir. Hər bir memarlıq elementi, sanki insanın yer üzündən Tanrıya doğru mənəvi səyahətini vizual şəkildə ifadə edir. Məscid sadəcə ibadət yeri deyil, həm də insanın “mehrab” halını – yəni düşüncə, sükut və dua vasitəsilə daxili yüksəlişini simvolizə edən məkandır. Burada işıq ilahi nura, sükut isə ruhi sabitliyə çevrilir.

Şəkildə gördüyünüz mehrab Şuşanın Aşağı Gövhərağa məscidinə aiddir. Şuşaya gedənlərin çoxu Yuxarı Gövhər Ağa məscidini ziyarət edir, lakin mənim fikrimcə, Aşağı Gövhərağa məscidi daha gözəldir. Hazırda onun 2-ci mərtəbəsi muzey kimi fəaliyyət göstərir. Mehrabın daxilində bir ağac kök salmışdır və restavrasiyası zamanı o da qorunub saxlanılıb, beləliklə həm təbii, həm də memarlıq elementi birləşərək məkanın unikallığını artırır.

Məscidlər, əslində, insanın içindəki kiçikliyi, əhəmiyyətsizliyi xatırlatmaq üçün ucaldılır. Onlar bir növ kainatdakı yerimizi göstərən güzgülərdir. Hər bir sütun, hər bir qövs bizi gerçək ölçülərimizə, həyatın və varlığın böyüklüyünə qovuşdurur. Yalnız Allahın deyil, hətta bir tikilinin qarşısında belə nə qədər aciz olduğumuzu xatırlamağımız üçün hündür tavanlı və əzəmətli formada tikilir. Çünki bu tikililər inancların, qorxuların, ümidlərin və səssiz duaların edildiyi məkanlardır. Minarələr səmaya uzanan əlləri təmsil edir, insanın yer üzündən Allaha çatmaq istəyini simvolizə edir. İnsan o məkanlara sadəcə ibadət etmək üçün getmir, həm də öz varlığı ilə üzləşmək üçün gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir