Skip to content

Ölüm

Memarlığın ölümü ilə insan ölümü bir-birindən fərqlənir. Bu gün insan ölümlərindən danışmaq istəmirəm, çünki bu mövzuda düşüncələrim hələ tamamlanmayıb; bəlkə də yanlışdır, bəlkə də zamanla dəyişəcək və mən də əksəriyyət kimi düşünəcəyəm. Bəlkə yaşlandıqca ölüm mənim də qapımı döyməyə hazırlaşanda, onun qorxusu həyatımın bir parçasına çevriləcək. Amma indi, bu yaşımda ölümü özümə çox uzaq hesab edirəm, sonsuz bir həyatım varmış kimi planlar qururam. Sanki ölüm mənə yox, başqasına aid bir hadisədir. Həyatı yaşamağı çox sevdiyimdən irəli gəlmir bu düşüncə, hətta bir seçim haqqım olsa, heç var olmamağı seçərdim. Lakin memarlıqdan danışsaq, burada ölüm başqa bir məsələdir; çünki bina nəfəs almasa da, yaranır, yaşlanır və o da yox olur.

Memarlıqda ölümü bir neçə kateqoriyaya bölə bilərik: binaların fiziki ölümü, məna və funksiyanın ölümü, şəhərlərin ölü hissələri və unudulmuş memarlıq.

Binaların fiziki ölümü – Materialların köhnəlməsi, dağılması, təmir olunmaması nəticəsində tikililər “ölür”. Bu, insan bədəni kimi qaçılmazdır: daş aşınır, ağac çürüyür, beton çatlayır. Binalar adətən 50–60 il xidmət göstərmək məqsədilə tikilir. Sovet binaların bunlara misal göstərmək olar.

Məna və funksiyanın ölümü – Bir bina hələ də ayaqda ola bilər, amma artıq öz ruhunu və funksiyasını itiribsə, o “yaşayan” məkan olmur. Məsələn, qədim məbədin indi anbar kimi işlədilməsi və ya hamamların muzeyə çevrilməsi, köhnə zavod binalarının ofis kimi istifadəyə verilməsi.

Şəhərlərin ölü hissələri – Memarlıqda “ölü zona” və ya “ölü məkan” anlayışı, insanların istifadə etmədiyi, sosial və funksional dəyərini itirmiş sahələri ifadə edir. Belə məkanlar şəhərin görünən hissəsi olsa da, artıq insanların gündəlik həyatında rol oynamır və tədricən şəhərin passiv, cansız sahələrinə çevrilir.

“Ölü zona” anlayışı əsasən planlaşdırma zamanı insan axınının, məqsədli istifadə prinsiplərinin və ya sosial tələbatın nəzərə alınmaması nəticəsində yaranır. Bu sahələr çox zaman:

  • keçidlər üçün ayrılmış, lakin istifadəsiz qalan boş sahələr,
  • tərk edilmiş sənaye binaları və ya istifadəsiz ictimai obyektlər,
  • həddindən artıq geniş, kölgəsiz və istifadəyə uyğunlaşdırılmamış meydanlardır.

Bu cür məkanlar formaca şəhərin bir hissəsi kimi görünür, amma davranış baxımından orada həyat yoxdur.

Ölü zonaların yaranmasında əsas səbəblərdən biri insan miqyasının nəzərə alınmamasıdır. Həddindən artıq iri ölçülü meydanlar, avtomobil nəqliyyatına üstünlük verən küçə sistemi və ya yalnız estetik məqsədlərlə salınmış açıq sahələr insan davranışını məhdudlaşdırır. Belə yerlərdə insanlar özlərini rahat hiss etmir və orada qalmaq istəmirlər.

Bir məkanın “canlı” olması onun vizual görünüşü ilə deyil, sosial istifadəsi ilə ölçülür. Hətta memarlıq baxımından köhnəlmiş binaların belə, insanların gündəlik həyatında rolu olduqda, “yaşayan” məkan hesab edilir. Əksinə, yeni tikilmiş, amma məqsədsiz və istifadəsiz sahələr “ölü zona” xüsusiyyətini daşıyır.

Unudulmuş memarlıq – Ən böyük ölüm yaddaşdan silinməkdir. Bəzən bir bina dağılsa belə, kollektiv yaddaşda yaşayır. Tarixdə çox sayda bina dağılsa da, onlar insanların yaddaşında yaşayır. Məsələn, müharibə və ya təbii fəlakət nəticəsində məhv olmuş tikililər, çox vaxt mədəni simvola çevrilir. İnsanlar həmin yerləri ziyarət edir, şəkillərini qoruyur, haqqında danışır. Belə hallarda memarlıq fiziki olaraq mövcud olmasa da, mənəvi varlığını qoruyur. Qarabağdakı tikililərin qalıqlarını buna misal çəkmək olar.

Amma bəzən bina yerində qalsa da, artıq yaddaşla əlaqəsini itirir. Onu kimin tikdirdiyi, hansı dövrə aid olduğunu, nə məqsədlə istifadə olunduğunu heç kim xatırlamır. Misal, sovet dövründə tikilmiş və bir zamanlar klub kimi istifadə olunan binalar indiki nəsil üçün yalnız köhnə beton konstruksiya kimi görünür; kim tikdiyini, hansı il tikildiyini və orada nə fəaliyyət getdiyini artıq heç kim xatırlamır.

Əslində memarlıq da insan kimi doğulur, böyüyür, yaşlanır və ölür. Fərq ondadır ki, insanın ölümü labüddür, memarlığın isə yaddaşda yaşamaq imkanı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir