Skip to content
Home » Parisin şarmı – haussmann binaları

Parisin şarmı – haussmann binaları

Parisin şarmı – haussmann binaları. Paris deyəndə, çoxlarının gözünün qabağına gələn mənzərə – enli prospektlər boyunca sıralanmış, eyni ritmlə yüksələn, daş fasadlı, uzun balkonlu binalardır. Bu, XIX əsrin ortalarında Barond Haussmannın rəhbərliyi ilə aparılan böyük şəhərsalma layihəsinin mirasıdır.

1853–1870-ci illərdə Paris, Napoléon III-ün sifarişi ilə Haussmann tərəfindən köklü şəkildə yenidən quruldu. Məqsəd yalnız estetik deyildi – şəhərin gigiyenası, təhlükəsizliyi və nəqliyyat sistemi yaxşılaşdırılmalı idi. Dar, havasız orta əsr küçələri söküldü, onların yerini gün işığını içəri buraxan enli prospektlər, simmetrik küçə fasadları və vahid memarlıq üslubu aldı.

Haussmann üslubunda tikilmiş binalar yalnız gözəllik deyil, həm də sosial təbəqələşməni gizlədən incə bir memarlıq quruluşudur:

  • 1-ci mərtəbə (rez-de-chaussée): Burada əsasən mağazalar, dükanlar yerləşirdi. Şəhərin ticarət həyatı bu mərtəbədən başlayırdı.
  • Asma mərtəbə (mezzanine): Adətən mağazalara xidmət edən anbar və ya işçilərin məkanı olurdu.
  • “Bel étage” (2-ci mərtəbə): Binanın ən prestijli hissəsi sayılırdı. Nəcib ailələr burada yaşayır, ən uzun balkonlar, ən hündür tavanlar və ən zəngin ornamentlər bu mərtəbəyə aid olurdu.
  • 3–4-cü mərtəbələr: Orta təbəqə ailələr üçün nəzərdə tutulurdu. Burada dekorasiya sadələşir, otaqlar daha funksional olurdu.
  • 5-ci mərtəbə: Aşağı gəlirli ailələr üçün yaşayış sahəsi idi. Balkonlar çox dar, bəzəklər isə minimal olurdu.
  • Dam mərtəbəsi (mansarda): “Bel étage”də yaşayan varlı ailələrin xidmətçiləri burada yerləşirdi. Dəmir damların altında yaşamaq qışda soyuğa, yayda isə dözülməz istiyə səbəb olurdu.

Bu quruluşun arxasında maraqlı bir məntiq vardı: “Nə qədər çox pulun varsa, bir o qədər az pilləkən qalxırsan”, çünki o dövrdə lift yox idi. Bu, memarlığın sosial həyatla necə sıx bağlı olduğunun nümunələrindən biridir.

XIX əsrin Parisində dar, labirint kimi küçələr, kanalizasiya sisteminin olmaması, nəm və çirkli şərait xəstəliklərin sürətlə yayılmasına səbəb olurdu (xolera, veba kimi). Baron Haussmann şəhəri “təkmilləşdirdi” – amma bu təkmilləşmə həm də nəzarət və güc üçün nəzərdə tutulmuşdu.

Dar küçələr üsyan və etirazlar zamanı barrikadaların qurulmasına imkan verirdi. Genişləndirilmiş prospektlər isə hərbi qüvvələrin şəhərdə sürətlə hərəkət etməsinə şərait yaratdı.

Haussmann binaları yalnız estetik görünüşü ilə deyil, həm də funksionallığı ilə şəhərə yeni nəfəs verdi. Beləliklə, Paris təkcə Avropanın deyil, dünyanın “müasir paytaxtı” statusunu aldı. Haussmann şəhəri gigiyena, nəqliyyat və təhlükəsizlik üçün “modernləşdirdi”.

Modernist memarlığın, şəhəri rasional və planlı hala gətirməyə çalışan urbanizm cəhdlərinə qarşı ən gözəl reaksiyalardan biri flaneriedir; küçələri və insanları izləmək, gizlicə müşahidə etmək. Buradan xəyallar qurmaq, fantaziyalar yaratmaq mümkündür. Şəhəri, küçə və insan tipajlarını izləmək, gizlicə müşahidə etmək. Buradan xəyallar, fantaziyalar qurmaq. Bir sözlə, memarlığı yenidən oxumağı öyrənmək və şəhəri tədricən, tısbağa sürəti ilə kəşf etmək.

İş, sürət, irəliləyiş kimi müasir dəyərlərə qarşı əyləncəyə düşkünlüyü, tənbəlliyi ucaldır. Şəhərin anti-müasir qalıqları – bohemlər, sərsəmlər, üsyançılar, fahişələr – ilə bir yerdə olmaq. Bir sözlə, Baudelaire-in şeirini yaşamaq. Flanerie ilə planlı urbanizm bir-birini tamamlayan iki fərqli yanaşmadır – biri sərbəstliyi və təsadüfü, digəri nizamı və təşkilatı vurğulayır.

XIX əsrin Parisində Haussmannın binaları şəhərə yeni nəfəs verirdisə, bu gün oxşar məqsədi “smart city” layihələri həyata keçirir. Aradakı fərq yalnız vasitələrdədir – o vaxt daş, prospekt və fasadlarla edilən yeniliklər, bu gün texnologiya və məlumat axını ilə həyata keçirilir.

Bu gün isə şəhərlər “smart city” layihələri ilə eyni məqsədi texnoloji vasitələrlə həyata keçirir. Sensorlar, IoT cihazları, ağıllı işıqlandırma, nəqliyyatın optimallaşdırılması, ətraf mühitin monitorinqi və məlumat mərkəzləri – bütün bunlar şəhərin funksionallığını artırır. İnsanların hərəkətləri, enerji sərfiyyatı, hətta sosial davranışlar məlumat bazasında təhlil edilir. Müasir smart şəhərlər yalnız rahatlıq üçün deyil, həm də şəhər idarəetməsini daha effektiv və nəzarət olunan hala gətirir.

Haussmann və smart city arasında prinsipcə böyük fərq yoxdur. Hər iki dövrdə şəhərsalma sadəcə memarlıq və infrastruktur işi deyil, həm də siyasi və sosial güc alətidir. XIX əsrdə geniş prospektlər və bulvarlar ordunun və polis qüvvələrinin hərəkətini asanlaşdırırdı, eyni zamanda varlı və kasıb arasında sosial iyerarxiyanı açıqca göstərirdi. Bu gün isə ağıllı sensorlar, kameralar və məlumat mərkəzləri həm şəhər həyatını optimallaşdırır, həm də dövlət və ya idarəedicilərin şəhər üzərində nəzarət imkanlarını artırır.

Hər iki halda məqsəd eyni qalır: şəhəri yalnız fiziki məkan kimi qurmaq deyil, insanların hərəkətini, həyat ritmini və sosial davranışını formalaşdırmaq, şəhəri həm gözəl, həm funksional, həm də nəzarət olunan bir məkana çevirmək. XIX əsrin Parisində daş və bulvarlarla, XXI əsrdə isə məlumat və texnologiya ilə edilir. Fərq yalnız vasitələrdədir, məqsəd isə tarixin bütün mərhələlərində oxşardır.

Haussmannın Parisini oxuyanda və ya bu günkü smart city layihələrinə baxanda məni ən çox düşündürən odur ki, şəhər sadəcə küçələr, binalar və ya texnologiya yığını deyil, eyni zamanda insan həyatının güzgüsüdür.

XIX əsrdə varlı ailələrin “bel étage”də yaşaması, kasıbların isə damların altında sıxışması – pilləkənlərin belə sosial sərhəd yaratması – mənim üçün memarlığın insan taleyinə necə təsir edə biləcəyinin canlı nümunəsidir. O dövrdə nə qədər çox pulun varsa, bir o qədər az pilləkən qalxırdın. Bu, memarlığın dilində yazılmış sosial qaydaydı.

Bu gün isə pilləkənləri qalxmırıq, amma görünməz başqa “pillələr” var: məlumatlar, kameralar, sensorlar. Smart şəhərlərdə hərəkətimizi izləyən, davranışlarımızı ölçən texnologiyalar var. Sanki bu dəfə pilləkən daşdan yox, məlumatdan və kodlardan qurulub.

Mənim baxışımda Haussmann binaları ilə smart city arasında oxşarlıq var: hər ikisi şəhəri yalnız yaşayış yeri kimi deyil, həm də nəzarət, yönləndirmə və sosial münasibətləri formalaşdırma mexanizmi kimi görür. Bu da göstərir ki, əsrlər dəyişsə də, şəhərin mahiyyəti dəyişmir. Şəhər hər zaman insan həyatının ritmini tənzimləyən qüvvə olaraq qalır.

Maraqlıdır siyasət anlayışı olmasaydı şəhərsalma necə qurulardı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir