Skip to content

Şəhər İdeologiyası

Şəhər İdeologiyası. 1900-cü illərdə dünya əhalisinin cəmi 14%-i şəhərlərdə yaşayırdı, bu gün isə bu göstərici təxminən yarıya çatıb. Əhali artdıqca və sənayeləşmə sürətləndikcə şəhərlərdə yaşayan insanların sayı da artıb. Bu, müəyyən bölgələrdə iqtisadi canlanmaya səbəb olsa da, özü ilə bir sıra sosial və psixoloji fəsadlarda gətirib. Şəhərlərdə cinayət hadisələrinin çoxalması, zərərli vərdişlərin yayılması, natəmizlik, nəqliyyat yollarında tıxaclar, həmçinin başqa şəhərlərdən gələn insanların yeni mühitə adaptasiya olmaqda çətinlik çəkməsi kimi problemlər bunlardan yalnız bir neçəsidir. Belə hallarda, yeni gələnlərin öz adət-ənənələrini şəhərə gətirməsi və şəhərdə yaşayanların onları qəbul etməkdə çətinlik çəkməsi, aqressiyaların yaranmasına gətirib çıxarır.

Sovetlər Birliyində müxtəlif ideologiyalar mövcud idi, onlardan biri də kəndli və şəhərli arasında ayrı seçkilik yaratmaq idi. Kəndlilərin zəhməti ilə qarnını doyuran şəhərlilər, onlara yuxarıdan aşağı baxırdı. Halbuki torpaq, əkinçilik və kənd təsərrüfatı nə qədər qiymətli və zəhmətli işdir.

Ümumiyyətlə SSRİ dövründə rayondan və kənddən şəhərə köçmək elə də asan deyildi; şəhərli olmaq üçün şəhərdə doğulmaq şərt idi. İnsanların düşüncəsində şəhər o qədər əlçatmaz bir məkana çevrilmişdi ki, sovet hakimiyyəti dağıldıqdan sonra insanların çoxu bölgələrdən Bakıya köçdü. Bu yalnız bizim ölkəmizdə yox, SSRİ tərkibində olan digər respublikalarda da adi hal idi.

Tələbəykən, universitetə yenicə daxil olmuş iki gəncin danışığını istəmədən eşitmişdim. Biri digərinə deyirdi: “Kaş ki, Bakıda ancaq əsl bakılılar yaşasaydı, rayonluların hamısı buradan köçüb getsəydi.” Mən bu sözə heç bir reaksiya verməmişdim düşündüm ki, milli dəyərləri və mənsubiyyəti hələ formalaşmamış bir şəxs o gün deyəcəklərimi anlamayacaqdı. Bəzən təfəkkür zamanla inkişaf edir.  Həmin gənclər bəlkədə bu gün Ukraynalıları və ya Fələstinliləri dəstəkləyirlər. Bu hadisədən anlayıram ki, sovetlər öz ideologiyalarını o qədər dərinə kökləyiblər ki, az qala 40 il sonra da bu ideologiyanı içimizdən çıxara bilmirik və onu yeni nəsillərə də ötürürük. Bu ideologiyanın günümüzə qədər gəlib çatmasına səbəb olan bir çox faktor var: təhsil, iqtisadiyyat, sosial problemlər və s. Lakin mən bu gün sözü gedən mövzunu şəhərsalma prizmasından araşdırmaq istəyirəm.

Bu gün Bakıda tıxaclar və ictimai nəqliyyatda sıxlıq əsas şəhərsalma problemlərindən biridir. Xüsusilə sentyabr ayında dərslərin başlaması ilə bu problemlər daha qabarıq şəkildə üzə çıxır. Bir çox insanlar səbəbi tələbələrdə görür, lakin bu yanaşma məkan planlaması, infrastruktur və şəhərsalmanın üzərinə düşən məsuliyyəti gizlədir.

Tələbələrin sayı, onların gediş-gəliş ehtiyacları və universitetlərin mərkəzləşmiş strukturu əslində planlaşdırma səhvlərinin nəticəsidir. Ali təhsil müəssisələrinin böyük əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi, bölgələrdə keyfiyyətli təhsil imkanlarının yetərli olmaması və iş yerlərinin əsasən paytaxtda cəmlənməsi Bakı urbanistikasında balanssızlıq yaradır.

Bu gün məktəblilər də dərsə avtomobil və ya ictimai nəqliyyatla gedib-gəlir. Oxuculara sual vermək istəyirəm: siz məktəbə metro ilə gedirdinizmi? Mən  məktəbə piyada gedirdim, çünki mənim şagird olduğum dövürdə uşaqlar evlərinə ən yaxın məktəblərdə oxuyurdular. Bu gün isə həmin düşüncə dəyişib. Nəticədə həm tıxacların sayı artır, həm də ictimai nəqliyyatın yükü ağırlaşır.

Son illərdə şəhərimizdə avtobus və velosiped zolaqları salınmağa başlayıb. Ancaq maraqlısı odur ki, velosipeddən və ya avtobusdan istifadə etməyənlərin əksəriyyəti bu yeniliklərdən narazıdır. Biz nə vaxt bu qədər mən-mərkəzli olduq ki, öz rahatlığımızı onlarla insanın rahatlığından üstün tuturuq? “Minlərlə manat verib maşın almışamsa, ictimai nəqliyyata minən insandan daha üstünəm” düşüncəsi hardan qaynaqlanır? Üstünlük pulla ölçülməlidirmi?

Məncə, bu artıq sovetlərin ideologiyası deyil. Onların məqsədi hər kəsi eyni dərəcədə kasıb yaşatmaq idi. Bu, müasir dövrün ideologiyasıdır: fərdi üstünlüyün ictimai faydanın önünə keçirilməsi ideologiyası.

Başqa maraqlı bir paradoks bilirsiniz nədir həm şəhərin mərkəzində parkinqlər tikirik, həm də avtomobil istifadəçilərinə məhdudiyyətlər qoyub, fərdi avtomobildən istifadəni azaltmaqlarını tələb edirik. Bəzən şəhərdəki xaosun günahını fərdi seçimlərimizdə görürük, amma əslində problem şəhərsalmanın düzgün olmamasıdır. Küçələri enliləşdirmək məqsədi ilə piyada yollarını ləğv etdik, yaşıllıqları kəsdik, o yollarıda avtomobillərə verdik və nəticədə piyada yeriyə bilməyənlərdə avtomobil alaraq daha böyük tıxaclara səbəb oldu. Bu gün prospektlərin kənarında olan piyada yollarında səsdən yerimək mümkün deyil çünki qırmızı xətt qorunmayıb, yaşıllıq zolağı yoxdur, piyada səkisi çox ensizdir və nəqliyyatın səsi piyadaya bir başa təsir edir. Başqa bir problem isə prospekt boyu tikilən yaşayış binalarında yaşamağa məcbur olanlardır. Plastik qapı pəncərələr belə o səslərin qarşısını tam ala bilmir. Vay o günə ki pəncərəni açıb evə təmiz havanın daxil olmasını istəyəsən. Evə daxil olan hava yox toz olacaq və onunla birlikdə səs çirkliliyinə düçar olacayıq.

Bütün bunlar göstərir ki, şəhərsalma yalnız yolların çəkilməsi və binaların tikilməsi ilə bitmir; şəhər insanın həyat keyfiyyətinə, psixologiyasına, sosial münasibətlərinə və ətraf mühitə birbaşa təsir edir.

Əgər biz şəhərləri yalnız funksional məkan kimi görsək, davamlı tıxaclar, aqressiya və həyat keyfiyyətinin azalması kimi problemlərlə üzləşməyə davam edəcəyik. Əksinə, şəhərsalmanı insan mərkəzli, tarazlı, həm ictimai, həm də fərdi rahatlığı təmin edən yanaşma ilə həyata keçirsək, tıxacları azaltmaq, ictimai nəqliyyatı inkişaf etdirmək, piyada və velosiped istifadəçilərinə şərait yaratmaq mümkün olacaq. Və nəticədə insanlarda bir birlərinə qarşı aqresiyya olmayacaq, günahı nə tələbədə axtaracayıq, nədə kəndlidə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir