Skip to content

Şuşanın havası insanlara necə təsir edir?

Şuşanın havası insanlara necə təsir edir? Mənim nənəmin də, babamın da ana atalatı Şuşada yaşayıb böyüyüb. Lakin 1914-cü ildə ermənilərin törətdiyi soyqırımlar nəticəsində onlar Ağdama köçməyə məcbur qalıblar. Babamı görmək mənə qismət olmasa da, nənəmlə birlikdə böyümüşəm. Nənəm həmişə Şuşalıların soyuqqanlılığından danışardı, amma özü çox səmimi və ürəyiaçıq biri idi. Bəlkədə elə buna görə düşünürəm ki, insan ata-baba köklərindən çox, yaşadığı şəhərin insanıdır. Çünki insanı formalaşdıran təkcə genetik yaddaş deyil, yaşadığı yerin iqlimi, məkanı, memarlığı, küçələrinin ritmi və gündəlik həyatın axınıdır.

Bizlər, Azərbaycan xalqı olaraq, hər bir bölgənin insanlarını “pis” və ya “yaxşı” kimi qruplaşdırmağı xoşlayırıq. Lakin bu xarakter formalaşma səbəbini heç düşünmürük, memarlıq və iqlim bunun mühüm amillərdən biridir. Əvvəlki yazılarımda da iqlimin memarlığa və insan xarakterinə təsirindən bəhs etmişdim. Məsələn, Şuşanın soyuq iqlimi yalnız geyim və qidalanma tərzinə deyil, həm də evlərin planlaşdırılmasına, pəncərə ölçülərinə, hətta insanların ünsiyyət formasına təsir edib. Daş evlərin qalın divarları soyuğu içəri buraxmamaq üçün tikilib. Bu memarlıq strukturu həm də insanların gündəlik davranışlarını formalaşdırıb. Dar küçələrdə addım səsi uzaqdan eşidilər, evlərin həyətləri isə daha çox ailədaxili yaxınlıq üçün nəzərdə tutulardı. Soyuq iqlim insanları ev daxilində daha çox vaxt keçirməyə məcbur edib, bu isə təmkinli bir xarakter yaradıb.

Erməni işğalından əvvəl Qarabağı görməsəm də, son 5 ildə fürsət olduqca hər bir rayonunu gəzmişəm. Şuşanın memarlığı və tarixi küçələri möhtəşəmdir. Onun tarixi ilə ilk dəfə tanış olanda çox təəccüblənmişdim, çünki Şuşa 17-ci əsrdə tikilməyə başlamışdır. Digər şəhərlərimizlə müqayisədə 17-ci əsrdə qurulmuş şəhər əslində çox da qədim hesab edilmir. Çünki, Bərdə eramızdan əvvəl 5-4-cü əsrlərdə, Sabirabad rayonu isə eramızdan əvvəl 5–1-ci əsrlərdə təməlini qoymuşdur. Tarixi dərin köklərə malik rayonlarımız çox olsa da, Şuşa kimi özünəməxsus memarlığı olan bölgələrimiz azdır. Onun dar məhəllələri, sıx tikilmiş evləri, daş divarları və dolama küçələri sanki keçmişin izlərini bu günə daşıyır. Lakin bu sıxlıq şəhərin nəfəsini daraltmamış, əksinə, onun sosial həyatına, məhəllə mədəniyyətinə özünəməxsus rəng qatmışdır. Şuşanın 17 məhəlləsinin hər biri, öz daxilində bütün tələbatları ödəyəcək şəkildə formalaşmışdı. Bu, həm məkan planlaşdırılması baxımından, həm də ictimai həyatın təşkili baxımından memarlığın nə qədər funksional və insan mərkəzli ola biləcəyinin gözəl nümunəsidir.

Əlbəttə, Qarabağ xanlığının burada yerləşməsinin də Şuşanın inkişafına böyük töhfəsi olmuşdur. Tarixən şəhərlərin formalaşması və inkişaf etməsi üçün əsas iki amil ön plana çıxırdı: birincisi, siyasi güc mərkəzinin — yəni xanlığın və ya hökmdarlığın burada məskunlaşması; ikincisi isə ərazinin mühüm ticarət yolları üzərində yerləşməsi. Bu iki faktor bir yerdə olduqda şəhər yalnız iqtisadi baxımdan deyil, memarlıq və mədəniyyət baxımından da sürətlə inkişaf edirdi.

Məsələn, Şəki şəhərinin ipək yolunun üzərində yerləşməsi, onu həm ticarət, həm də sənətkarlıq mərkəzinə çevirmişdir. Orada inşa edilən karvansaralar, bazar meydanları və ustaxanalar ticarətin inkişafını dəstəklədiyi kimi, şəhərin memarlıq üslubunu da zənginləşdirirdi. Eyni proses Şuşada da özünü göstərmişdi — xanlıq burada siyasi mərkəz qurduqda, şəhərin müdafiə xarakterli qala divarları, inzibati binaları, dini məkanları və yaşayış evləri planlı şəkildə salınmağa başlanmışdı. Beləliklə, Qarabağ xanlığının Şuşada məskunlaşması, onun memarlıq simasını formalaşdıran əsas tarixi dönüş nöqtələrindən biri olmuşdur.

Şəhərin inşası zamanı Şuşa və ətraf ərazilərdə geniş yayılmış ağ qaya daşlarından istifadə edilmişdir. Bu material həm möhkəmliyi, həm də estetik görünüşü ilə şəhərin memarlıq kimliyinə xüsusi yaraşıq qatmışdır. Plan həlli baxımından Şuşa evlərinin konfiqurasiyasında əsasən üç tip müəyyən edilir: düzbucaqlı, Г-formal və П-formal evlər. Bu formalar həm məkanın funksional təşkilinə, həm də həyətlərin günəş və külək istiqamətlərinə uyğunlaşdırılmasına imkan verirdi.

Otaqların daxili düzülüşü, ümumiyyətlə, oxşar prinsiplərə əsaslanırdı. İkinci mərtəbədəki otaqlar ya tamamilə birinci mərtəbənin planını tamamlayır, ya da ona bənzər şəkildə qurulurdu. Bu memarlıq həlli həm məkanın istifadəsini optimallaşdırır, həm də ailədaxili həyatın rahatlığını təmin edirdi. Şuşa evlərinin interyerində diqqətçəkən elementlərdən biri də taxçalar idi. Divarların içində oyularaq hazırlanmış bu nişlər həm dekorativ, həm də funksional məqsəd daşıyırdı — kitabların, məişət əşyalarının, bəzək nümunələrinin yerləşdirilməsi üçün istifadə edilirdi. Ağ daş materialı sayəsində taxçaların kənarlarında incə oyma naxışlar işlənə bilir, bu isə interyerə estetik dəyər qatırdı.

Şuşa evləri adətən iki mərtəbəli olurdu ki, bu da bir tərəfdən şəhərin sosial-mədəni statusunu, digər tərəfdən isə relyefin diktə etdiyi memarlıq həllini əks etdirirdi. Dağlıq ərazi horizontal inşaatı çətinləşdirdiyi üçün memarlar hündürlüyə yönəlmiş, beləliklə, Şuşanın panoramasında mərtəbəli, monumental və bir-birinə sıx yaxınlaşmış ev görüntüsü formalaşmışdır.

Şuşanın soyuq havasının əsas səbəbi onun dəniz səviyyəsindən təxminən 1400 metr yüksəklikdə yerləşməsidir. Bu yüksəklik həm təmiz hava, həm də uzun və sərt qış mövsümü deməkdir. Bəzən düşünürəm ki, bu hava şəraiti orada yaşayanları fiziki işlərə qarşı bir az tənbəl edib demək olarmı? Axı bizlər  qışda səhər işə getmək üçün çətinliklə qalxır, soyuq havanın gətirdiyi rahatlıq istəyinə təslim oluruq. Yaz gəldikdə isə gün işığının bizə verdiyi enerji ilə daha dinamik, daha məsuliyyətli və işgüzar oluruq.

Şuşa və Ağdamın Həyat Tərzi Fərqləri

Bir Şuşalı xanımla söhbət əsnasında maraqlı bir məqam diqqətimi çəkdi. O bildirdi ki, Şuşada insanlar ticarətlə az məşğul olardılar; hətta gündəlik ehtiyac malları, əsasən Ağdamdan gətirilər və bazarda satılardı. Onun sözlərinə görə, Ağdamlılar səhər tezdən Şuşa bazara çıxar, gətirdikləri məhsulları günortayadək satıb işlərini bitirər, evlərinə dönərdilər. Şuşada isə həyatın əsas hərəkəti günortadan sonra başlayardı. Əvvəllər bu kimi ifadələri valideynlərimdən və qohumlarımdan eşidəndə onların həqiqətdən bir qədər uzaqlaşdırıldığını hesab edirdim. Lakin oxşar fikirləri müxtəlif mənbələrdən eşitmək məni düşünməyə vadar etdi: burada sadəcə fərdi təcrübədən yox, mühitin formalaşdırdığı bir həyat tərzindən söhbət gedir.

Tarixi kontekstdə də bu fərqlərin köklərini izləmək mümkündür. Pənahəli xan, Ağdam ətrafındakı təhlükələrdən uzaqlaşaraq, yüksək dağlıq ərazilərdə – bu günkü Şuşada yeni bir şəhər salmış və ətraf bölgələrin ziyalılarını buraya dəvət etmişdi. Beləliklə, Pənahabad yalnız bir müdafiə qalası deyil, eyni zamanda intellektual və mədəni mühitin formalaşdığı bir məkana çevrilmişdi. Bu mənzərə bizə göstərir ki, Şuşanın həyat tərzi tənbəlliklə deyil, fərqli bir sosial-urbanist ritmlə xarakterizə olunurdu. Burada söhbət sakit, tələsməyən, düşüncəyə və mədəni fəaliyyətlərə daha çox yer ayıran bir yaşayış üslubundan gedir. Əksinə, Ağdamın sənaye və ticarət dinamizmi isə iqtisadi çeviklik və sürətli həyat ritmi ilə seçilirdi.

Su İnfrastrukturu

Xalamın Şuşa xatirələrinin əsas hissəsi bulaqdan su gətirməkdən ibarətdir. Çünki Şuşada evlərə su çəkilmirdi — hər məhəllənin sakinləri öz məhəllə bulağından su gətirərdi. O bulaqlar isə şəhərin həm gündəlik həyatının, həm də sosial münasibətlərinin mərkəzi idi. Bu ənənəvi su mənbələrinin yaranmasında Xurşidbanu Natəvanın xidmətləri danılmazdır. Onun təşəbbüsü ilə Şuşada bulaqlar salınmış, şəhər sakinlərinin həyat şəraiti xeyli yaxşılaşmışdır. Təəssüf ki, bu gün Natəvanın yalnız adı deyil, hətta məzarı da erməni işğalı zamanı talan edilmiş, sümükləri məzarından çıxarılaraq oğurlanmışdır.

Anamın Şuşa xatirələri isə xalamın bəhs etdiyi gündəlik çətinliklərdən fərqli olaraq daha işıqlı, daha mistikdir. O, tez-tez tarixi küçələrdən, o dar, daş döşənmiş yolların üstündə addımlayan insanlardan, onların səsini, nəfəsini duyurmuş kimi danışır. Hər daşda, hər divarda sanki unudulmaz hekayələr yaşayırdı. Maraqlıdır ki, Şuşada yaşayan hər bir şəxsin özünəməxsus bir ləqəbi olurmuş — bu, həm insanların bir-biri ilə münasibətlərində xüsusi bir istilik və bağlılıq yaradır, həm də şəhərin sosial mədəniyyətinin zənginliyini göstərir.

Şuşa tarixi kökləri çox qədim şəhərlərimizlə müqayisədə gənc olsa da, memarlığı, sosial mühiti və mədəni irsi ilə özünəməxsus bir dəyərə çevrilmişdir. Onun dar küçələri, ağ daşdan ucaldılmış evləri və intellektual mühiti təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın mədəni simasının ayrılmaz parçasıdır. Bu şəhər həm düşüncənin, həm də sənətin beşiyi olmuş və tarix boyu insanlara yalnız sığınacaq deyil, həm də ilham məkanı vermişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir