Rəqəmsal şəhərlər. Texnologiya, səssizcə keçmişin daş divarlarına toxunur, onları dəyişir, ya da dəyişməyə məcbur edir. Amma bütün bu dəyişikliklərin içində bir sual yaranır: yeni formalaşan şəhərlərin ruhu varmı?
Altı il memarlıq təhsili aldım və öyrəndiyim ən maraqlı fikirlərdən biri “layihələndirdiyin şəhər, bina və ya hər hansısa bir tikilinin ruhu olmalıdır” fikridir. Bu ruhu necə yaratmaq olar? Axı tikili doqquz ay ana bətnində böyümür, torpaq altında toxumdan yetişmir — onun necə ruhu ola bilər?
Yəqin ki, tikiliyə ruh verən memardır. Memarın gördüyü yalnız divarlar deyil – o, insanların orada necə yaşayacağını, necə hərəkət edəcəyini, baxışlarını haraya yönəldəcəyini düşünür.
Rəsm əsərinə saatlarla baxıb rəssamın nə demək istədiyini anlamağa çalışdığınız kimi, bir binanın içində gəzib memarın nə demək istədiyini anlamağa çalışmısınız?
Məncə bəzi tikililərin dili var — onlar bizimlə söhbət edir, öz hekayələrini bizimlə bölüşür. Heç olubmu bir tikilinin qarşısında oturub orada yaşamış, yaşayan və yaşayacaq insanların həyat tərzini xəyal edəsiniz? Pəncərədə gördüyünüz bir işıltıya baxıb onun daxilində olanı xəyal etmisiniz? Mən uşaqkən çox edirdim. İnsan böyüdükcə xəyallarda kiçilir.
Rəqəmsal şəhərlərin səssiz dili
Rəqəmsal şəhərlər artıq gələcəyin yox, bu günün reallığıdır. İnternetin və ağıllı texnologiyaların şəhərlərə nüfuz etməsi ilə birlikdə, binalar düşünməyə, yollardakı işıqforlar isə danışmağa başlayıb. Mənzillərdəki işıqlar səslə sönür, pəncərələr temperaturu ölçür, sensorlar addımlarımızı sayır…
Bu, qorxuducu ola bilər, amma bəlkə də bir o qədər də möhtəşəm bir başlanğıcdır. Bu texnologiyalar sadəcə funksionallıq deyil, həm də qoruma və anlama vasitəsidir. Məsələn, tarixi bir binanın 3D modelini hazırlamaqla onun gələcək nəsillərə ötürülməsini təmin edirik. Rəqəmsal restavrasiya – bu gün toxunulmaz olan keçmişə yumşaq bir toxunuşdur.
İnsanlıq olaraq yeniliklərdən həmişə qorxmuşuq. Texnologiyaların bir gün bizi ələ keçirəcəyindən ehtiyat edərək, onların inkişafını istəməmişik. Amma sizcə, o gələcək artıq gəlib çatmayıb? Bəlkə də filmlərdəki kimi texnologiyalar bizə qarşı müharibə aparmır, lakin biz əlimizdəki telefonların köləsinə çevrilməmişikmi?
Modern evlər və qorunmaq ehtiyacı
Əvvəllər evlərimizdəki təhlükəsizlik, qapının kilidi və pəncərədəki dəmir barmaqlıqla ölçülürdü. İndi isə səssiz, görünmədən işləyən, ancaq hər şeydən xəbərdar olan sistemlərlə qorunuruq.
Çünki müasir həyatın tələbləri ilə uyğunlaşmağa çalışırıq. Biz daha çox yoldayıq, daha az evdəyik. Uşaqlarımız məktəbdən sonra evdə tək qalır və biz onlara kameralar vasitəsilə nəzarət edirik, çünki nənə və babanın illərlə topladığı həyat təcrübəsi, bir nəvənin yaddaşında isti bir xatirəyə çevrilə biləcəyi halda, müasir yanaşmalar bunu travma potensialı kimi qiymətləndirir. Bəs texnologiyanın qaranlığında tək böyüyən uşaq nə alır? Bəlkə də biz xatirələrin necə formalaşdığını unutmuşuq.
Bu gün, kameralar bizə daha güvənli gəlir — onlar vasitəsilə evin içində bir gözümüz daima açıq qalır. Bu, artıq yalnız maddi mülkiyyətin qorunması deyil – psixoloji bir rahatlıqdır. İnsan bildiyi yerdə deyil, güvəndiyi yerdə yaşamaq istəyir.
Ən sevdiyim memarlıq düşüncələrindən biri budur: “Tikili yalnız maddi struktur deyil, həm də təcrübədir.” Ağıllı təhlükəsizlik sistemləri bu təcrübəyə gözlə görünməyən bir qat əlavə edir. Barmaq izi ilə açılan qapı və ya uzaqdan telefonla idarə olunan qapı kilidi – məsafənin artıq məna daşımadığı bir dövrün işarəsidir.
Artıq evlərdə kilidlər yox, tanınma var. Sensorlar, kameralar, həyəcan siqnalları bir sistemin tək parçası olaraq işləyir.
İşıqların avtomatik yanması, alov təhlükəsinə qarşı xəbərdarlıq edən sistemlər, su sızıntısını hiss edən sensorlar – bunlar “ağıllı cihazlar” yox, evin hiss orqanlarıdır. Texnologiya artıq tikililərə ruh veribdir. Lakin mənə öyrədilən “binanın ruhu olmalıdır” ifadəsi bundan bəhs edirdi? Yoxsa bu, tamamilə fərqli bir ruhdur?
Düşünürəm ki, texnologiyanın verdiyi “ruh” – hisslərdən çox reflekslərdir. Reaksiyalar. Hiss etmək deyil, ölçməkdir. Ağıllı sistemlər bir evin nə istədiyini yox, orada nə baş verdiyini anlayır.
Bəs memar olaraq biz nə edirik? Tikililərin içindəki boşluqlar yalnız funksional olduqda deyil – onlar həm də duyğularla təsir edir. Bir giriş qapısı – sadəcə keçid nöqtəsi deyil, evin içində yaşayan insanların xarakteridir. Bir pəncərə – yalnız işıq mənbəyi deyil, daxili ilə xarici arasında olan dialoqdur. Texnologiya bütün bu detalları rəqəmsal sükutla izləyir. O, unutmur, yaddan çıxartmır, qeydə alır. Amma xatırlamır.
Bu yazını yazarkən özümə verdiyim sual budur: texnologiya şəhərləri ağıllandırdı, bəs biz – insan olaraq – onların ruhunu qoruyacaq qədər ağıllı qala biləcəyikmi?