Dövlət ideologiyasının memarlıqda qoyduğu izlər, binaların sadəcə funksional tikililər deyil, eyni zamanda siyasi və mədəni mesaj daşıyıcıları olduğunu göstərir. Memarlıq hər bir dövrün səsini, hökmünü və kimliyini daşıyan səssiz bir manifestdir. Dövlətin ideologiyası, milli ambisiyalar və siyasi baxışlar çox vaxt fasadların arxasında gizlənmir, əksinə, birbaşa orada öz dilində danışır. Azərbaycan memarlığı da bu baxımdan istisna deyil, son bir əsrlik tikinti təcrübəmiz bizə bunu açıq şəkildə nümayiş etdirir.
Mədəniyyətin Tikintisi
XX əsrin əvvəllərində Bakı dünyanın neft mərkəzlərindən birinə çevrildikcə, şəhərin siması da dəyişməyə başladı. İlk neft bumu dövründə inşa edilən binalar yalnız var-dövlət nümayiş etdirmək üçün deyildi – onlar mədəniyyətin, maarifin, milli oyanışın daşıyıcılarına çevrildi. Teatrlar, universitetlər, muzeylər – bunların hər biri yalnız memarlıq obyekti yox, həm də ictimai ideyanın mərkəzləri idi. Burada estetik zövqlə dövlət siyasəti iç-içə idi. Neft pullarıyla inşa edilən bu binalar həm varlılığın, həm də kimlik axtarışının izlərini daşıyırdı.
Sovetlərdə Simvolik Tikinti
Sovet dövrü isə memarlığı sadəcə estetik sahə kimi deyil, mərkəzləşdirilmiş ideoloji bir alət kimi dəyərləndirdi. Stalin, Xruşşov və Brejnev dövrlərinin hər biri bu alətdən öz təbliğatını bərkitmək üçün istifadə etdi.
Stalinkalar (1930-1950-ci illər):
Bu binalar imperiyanın əzəmətini və vətəndaşın dəyərini nümayiş etdirmək üçün inşa edilirdi. Hündür tavanlar, qalın divarlar, geniş həyətlər… Bu binalar həm elitist, həm də idealist idi. Onların yerləşdiyi məkanlar da təsadüfi seçilmirdi, şəhərin mərkəzi hissələrində salınan bu yaşayış kompleksləri hakimiyyətin mərkəzdə olmasının rəmzi idi. Bu binalar həm funksional, həm də monumental idilər. Memarlıq burada vətəndaşa özünü “imperiyanın bir hissəsi” kimi hiss etdirmək üçün xidmət edirdi.
Xruşşovkalar (1957-dən başlayaraq):
İqtisadi gerçəkliklər dəyişdikcə, memarlıq da sadələşməyə məcbur oldu. Xruşşov dövrünün “yataqxana tipli” binaları – ucuz, sürətli və praktik. Burada estetika ikinci plana keçdi, əsas olan məkanın maksimal istifadəsi idiMənzillər kiçik, izolyasiya zəif, amma yaşayış problemi statistik yanaşma ilə həll edilmişdi. Bu binalar sosialist sistemin “hər kəs üçün bir mənzil” idealının simvolu idi. İnsanların sıxışdırıldığı bu bloklar həm də sistemin insanı necə qəlibə saldığının simvolu oldu.
Brejnevkalar (1960-cı illərin sonundan 1980-ci illərə):
Tikintidə texniki təkmilləşmələr artdı, mənzillər bir az genişləndi. Amma ideoloji məsajlar zəifləməyə başladı. Memarlıq artıq yalnız məişət ehtiyaclarını ödəməyə çalışırdı. Mərkəzdə artıq insan yox, sistemin praktiki ehtiyacları dayanırdı. Bu binalar “rahat” idi, lakin “yadda qalan” deyildilər. Sistem özü kimi bu tikililər də adilik və mexanikliklə yadda qaldı.
Post-Sovet Estetikası
Son 20 ilin şəhər mənzərəsinə baxsaq, ilk diqqəti cəlb edən cəhət nəhənglik və baxışların totalizasiyasıdır. Bu dövrün tikililəri sadəcə memarlıq nümunəsi deyil, həm də gözəgörünən güc nümayişidir. Göydələnlər, iri ticarət mərkəzləri, böyük stadionlar və nəhəng körpülər, bunlar artıq təkcə funksional binalar deyil. Onlar bizi izləyən, bizi formalaşdırmağa çalışan, tərbiyə edən strukturlardır.
Yeni dövrün memarlığı həm dövlətin gücünü, həm də kapitalın estetikasını əks etdirir. Burada estetik prioritetlər daha çox vizual şok üzərində qurulub: yüksək mərtəbələr, geniş meydanlar, monumental fasadlar. Bu, postsovet insanına ünvanlanan vizual mesajdır: “bax və inan”.
Tarixlə danışan dilsiz sənət
Tarix yazılı mənbələrlə yox, daşlarla da danışır. Hər bir dövrün hakimiyyəti öz memarlığını bir ideoloji kod kimi buraxır. Əgər diqqətlə baxsaq, hər bir tikilinin pəncərəsində bir dövrün baxışı, hər bir eyvanda bir dövrün nəfəsi, hər bir fasadda bir dövrün təlimatı gizlidir.
Bu günkü şəhərimizdə eyni anda Stalinin siması, Xruşşovun praktizmi, Brejnevin texnokratizmi və yeni dövrün güc estetikasını görə bilərik. Hər biri öz dövrünün “doğru insanını” yetişdirmək üçün inşa edilmişdir. Və bu memarlıq, tarixin susqun, amma hər zaman danışmağa hazır olan şahididir.