Skip to content

Böyük bina ya Böyük Qardaş?

Böyük bina ya Böyük Qardaş? – Bakı şəhərində son illərdə ucalan hündür binalar və müasir memarlıq nümunələri şəhərin simasını dəyişdirərək “Böyük Qardaş” metaforasını xatırladan yeni şəhərsalma tendensiyalarını ortaya qoyur. Müasir fasadlar, panorama şüşəli “pəncərələr”, bahalı liftlər – hər şey sanki inkişafın əlamətidir. Amma bu görüntünün altında gizlənmiş bir həqiqət var: insan yox, bina əsasdır.

Hündür binalar təkcə şəhərin səmasında yox, eyni zamanda düşüncələrimizin içində yüksəlir — sanki “Böyük Qardaş” kimi hər an bizi izləyir və bizə hökm edir. Bugünkü şəhərlərin səmasında yüksələn binalar da bəzən bu metaforik gücü təcəssüm etdirir. Onlar sadəcə tikili deyil, baxışları, duruşları və sükutdakı hökmranlıqları ilə bizimlə danışan memarlıq simvollarıdır.

Bu tikililər təkcə texnoloji və mühəndislik uğuru deyil — onlar şəhərin psixologiyasını formalaşdıran memarlıq dominantlarıdır. Gah valehedici estetikası ilə bizi cəlb edir, gah da gizli şəkildə psixoloji təzyiq göstərir. Lakin fəlsəfi baxışla yanaşdıqda, hər bina bir fikir, hər fasad bir mesaj daşıyır. Hündür binalar isə nəzarət, hökm, və varlıq mesajını ötürür.

Yeni tikililərin neqativ cəhətləri haqqında danışanda, bir çoxları zehnində SSRİ dövrünün alçaq mərtəbəli binalarını canlandırır. Həmin binalar çox zaman “keyfiyyətli” və “sakit” həyatla assosiasiya olunur. Lakin bu nostalji baxışın arxasında gizlənən həqiqətlər də var.

SSRİ dövründə yataqxana tipli kollektiv yaşayış binaları insanı cəmiyyətin içinə hopdurmaq, fərdiliyi silmək üçün tikilirdi. Hər mərtəbədə ümumi mətbəx, hamam və uzun dəhlizlər vardı hansı ki, fərdi həyatın sərhədləri süni şəkildə yox edilirdi.

Bugünkü binalarda isə fərdi mənzil var – bəli, mətbəx də, hamam da, otaqlar da sənindir. Amma eyni mərtəbədə 6, 8, bəzən 10 mənzil, eyvandan baxanda qarşı binanın yataq otağını aydın görmək, şəxsi məkan illüziyasının necə tez dağılacağını göstərir. Bu artıq fiziki yox, psixoloji sıxılmadır – fərdin görünmədən görünməsi, izolyasiya içində nəzarətdə qalmasıdır.

Yeni binalar çox zaman bir-birinə o qədər yaxın tikilir ki, sanki nəfəs almaq üçün belə şəhərin icazəsini almalı oluruq. Pəncərəni açmaq – bu qədər təbii və adi bir hərəkət – artıq komfort deyil, lüksə çevrilib. Qarşı binadan  görünmək qorxusu, bizi öz evimizdə belə gizlənməyə vadar edir. Gözlə görünməyən, amma ruhu sıxan bir nəzarət içində yaşayırıq: bu səssiz baxışlar məhrəmliyin pozulmasıdır.

Əgər qarşıda bina yoxdursa, bu dəfə magistral yolla üz-üzə gəlirik. Maşınların bitib-tükənməyən səsləri gündəlik səssizlik ehtiyacımızı boğur. Gecə sakit bir yuxuya dalmaq üçün pəncərəni yenə bağlamağa məcbur qalırıq. Və bu dəfə görünmək qorxusundan deyil, səs çirkliliyindən qaçırıq. Amma bu qaçışın bir qarşılığı var: nəfəsin sıxılması, otaqda oksigenin tükənməsi, yuxusuzluq, halsızlıq və bəlkə də zamanla ürək-damar xəstəliklərinə qədər uzanan bir zəncir.

Təəssüf hissi ilə deməliyəm ki, bu gün yeni yaşayış mənzilləri layihələndirilərkən bir çox hallarda pəncərə qoyulmur. Çünki insana dəyər verilmir. Əgər insanın rahatlığı əhəmiyyətli olsaydı, eyvan qapısı qoyulan yerdə yanına mütləq pəncərə də qoyardılar. Bu gün yeni tikilərin bir çoxuna panoram şüşəli qapı qoyulur, yaşayış mərkəzinə düşməli olan işıq nisbəti hesablanmır və hava almaq üçün pəncərə yoxdur.

Memarlıqda İnsan Faktoru Niyə Unudulur?

Memarlıqda insan faktoru niyə unudulur? – çünki layihələrdə estetik görüntü, iqtisadi səmərəlilik və texniki standartlar prioritet sayılır, insanın gündəlik həyat keyfiyyəti isə nəzərdən qaçırılır. Halbuki əsl memarlıq insanı mərkəzə qoyan düşüncə ilə yaranmalıdır. Bütün bu problemlər memarlıqda insanın yox sayılmasından qaynaqlanır. Layihələr tərtib olunarkən:

  • Şəxsi məkan hissi, vizual və akustik izolyasiya nəzərə alınmır;
  • Təbiətlə əlaqə – yəni yaşıl zonalar, açıq məkanlar, həyət bağçaları ya yoxdur, ya da formal görünüş üçündür;
  • Səs və hava axınına dair heç bir ciddi memarlıq həlli yoxdur – halbuki bu, şəhərsalmada əsas şərtlərdən biridir.

Bu yanaşma “torpağın maksimum istifadəsi, insanın minimum dəyəri” fəlsəfəsinə söykənir. Halbuki memarlıq yalnız estetik deyil, etik məsuliyyət daşıyan sənətdir.

Nə etməliyik?

  • Şəxsi məkanın vizual və akustik qorunması nəzərə alınmalı – qonşu pəncərələr bir-birinə baxmamalıdır.
  • Yaşıl zonalar və hava axını üçün minimum məsafələr qanunla qorunmalıdır.
  • Pəncərə yerləşdirilməsi və bina planlaması insanın sağlamlığına və rahatlığına uyğun olmalıdır.
  • İnsan mərkəzli memarlıq ideyası gündəlik inşaat proseslərinə inteqrasiya olunmalıdır.

Divarlar yoxsa dəyərlər?

Bugünkü yeni tikililər bəzən yalnız daş yığınıdır – içində yaşamaq deyil, sadəcə “olmaq” üçündür. Halbuki əsl memarlıq insanı qoruyan, nəfəsini azad buraxan, səsini eşidən məkandır.

Unutmayaq ki, tikililər yüksəldikcə dəyərlər daralmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir