İsmailiyyə Sarayı, Azərbaycan memarlığının yaddaşında dərin iz buraxan, keçmişin iztirab və iradəsini daşıyan tikililərdən biridir. Hər bir düşüncəli vətandaş bilir ki, Sovet Rusiyasının bolşevik hakimiyyəti Azərbaycanı yalnız siyasi, iqtisadi və sosial cəhətdən deyil, həm də memarlıq baxımından geridönməz yaralarla üz‐üzə qoydu. İsmailiyyə sarayı tariximizin acı və qürur dolu təbəqələrinin daşda əks olunduğu unikal bir abidədir. Bu yazıda təkcə bir binanı deyil, estetik düşüncəni və insan əzmini daşda əbədiləşdirən bir əsəri birlikdə oxumağa çalışacağıq.

İsmailiyyə sarayının tarixi
Bakının memarlıq inciləri sırasında xüsusi yer tutan İsmailliyə sarayı Ağa Musa Nağıyevin sifarişi ilə Bakıda inşa etdirdiyi 98 binadan yalnız biridir. Musa Nağıyev tikdirdiyi bir çox binanın layihəsini İosif Ploşkoya həvalə edirdi; İsmailliyə sarayı da məhz onun memarlıq işi idi. Venesiya qotikası üslubunda ərsəyə gəlmiş bu dəbdəbəli tikili öz plastikliyi, detallı işlənməsi və zəngin memarlıq dili ilə seçilir. Sarayda həm memarın istedadı, həm də daşla işləyən sənətkarların peşəkarlığı hiss olunur – burada sanki bədii simfoniya daş üzərində canlanır.
Binanın ümumi proporsiyaları çox yaxşı qurulub, belə ki, nə həddən artıq böyük, nə də şəhər fonunda itmir. Onun yuxarı hissəsində vaxtilə Qurani-Kərimdən surələr yer alıb. Lakin, Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bu dini yazılar silinərək məhv edilib.

Binanın əsas memarlıq elementləri birinci mərtəbədə cəmlənib. XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa edilən İsmailliyə sarayı o dövrün ən dəyərli tikililəri arasında göstərilirdi. 1920-ci illərin əvvəllərində binanın yaxınlığındakı “Kaspi” mətbəəsi söküldükdən və yerində Sabir adına bağ salındıqdan sonra bina şəhər məkanında daha da önə çıxdı və öz həcmilə ətraf memarlıq fonunda dominant mövqe tutdu.
Oğlunun şərəfinə tikdirdiyi bina
Ağa Musa Nağıyev bu sarayı oğlu İsmayılın xatirəsinə tikdirmişdir. Oğlu İsmayılı İsveçrədə müalicə zamanı ziyarət edərkən, qotik üslubda tikilmiş saraylara həsrətlə baxardı. O, oğlunun sağalacağına ümidi üzmədən, onun şərəfinə Bakıda bu binalara oxşar bina tikdirəcəyinə qərar verir. 1906-cı ildə, oğlu İsmayıl, 27 yaşında ağır vərəmdən vəfat edir. Ağamusa Nağıyev bu binanı tikdirməyə qərar verir. 1913-cu aprelin 7-də bu bina istifadəyə verilir. Musa Nağıyev bu binanı öz oğlu yerində görərdi.
İlk illərdə bina Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunurdu, hazırda isə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasıdır.
İsmailiyyə sarayının memarlıq xüsusiyyətləri
Sarayın fasadında və yan divarlarında kalliqraf Mirzə Əsədulla Hilalın əl işləri olan qızıl hərflərlə yazılmış kəlamlar vardı. Bu kəlamlar sırasında İmam Əlinin “İnsan istədiyinə yalnız öz zəhməti ilə nail olur. İnsan beşikdən məzaradək oxumalıdır. Müsəlmanlar! Sizin dövrünüz sizinlə ölür, övladlarınızı yeni dövrə hazırlıyın!” kimi müdrik sözləri yer alırdı.
Lakin sonralar bu möhtəşəm binanın taleyi xalqın tarixində baş verən faciələrdən də yan ötmədi. Bakı bolşeviklər tərəfindən ələ keçirildikdən sonra İsmaliyyənin bir hissəsini 26-lara, Şaumyana, sonra isə rus əsgərlərinə verirlər. Tarixi mənbələrdə göstərilir ki, rus əsgərləri İsmailiyyəni pis vəziyyətə salmışdılar. Hətta orada İsa peyğəmbərin şəklini asmış, şam yandırırdılar. 1918-ci il martın 31-də isə bina ermənilər tərəfindən yandırıldı. Beləliklə də, həmin ildə xalqımızın erməni soyqrımına məruz qaldığı kimi, İsmaliyyə binası da həmin vəhşiliklərin qurbanı olmuşdu.
İsmailiyyənin yandırılması milyonçunun ağır iztirablarına səbəb olur. Bu hadisə Ağa Musa Nağıyev üçün ağır zərbə olmuşdu. Hətta deyirlər ki, o, tez-tez “Mən İsmayılı bir daha itirdim” deyərmiş.
Bəzi versiyalara görə, ermənilər binanın təməlində qızıl saxlandığı barədə şayiələrə inanaraq, binaya top atəşi açmışdılar. Lakin, təsəlliverici məqam odur ki, İsmailiyyənin arxivi yandırılsa da, binanın özü tam dağıdılmamışdı. Ermənilər binanı yandırmaqla kifayətlənməmiş, onun üzərindəki “İsmailliyə” yazısını da çıxarıb aparmış, tikilini talan etmiş və arxiv sənədlərini ələ keçirmişdilər. Sovet hakimiyyəti dövründə isə binanın yararsız vəziyyətdə olması səbəbindən sökülməsi qərara alınmışdı. Lakin yerli sakinlər buna qarşı çıxaraq, binanın qarşısına toplaşmış və etiraz etmişdilər. İsmailiyyənin yandırılması və talan edilməsi Ağa Musa Nağıyevin ağır iztirablarına səbəb olur. Bu hadisə milyonçu üçün ağır zərbə olmuşdu. Hətta o, tez-tez “Mən İsmayılı bir daha itirdim” deyərmiş.
1922–1923-cü illərdə memar Aleksandr Dubovun rəhbərliyi ilə saray bərpa olundu. Bərpa zamanı binanın ümumi layihəsinə toxunulmasa da, medalyonlardakı Quran ayələri çıxarılaraq onların yerinə sovet rəmzi olan beşguşəli qızılı ulduzlar yerləşdirildi.
İsmailiyyə sarayı yalnız Bakının siluetində gözəllik cizgisi deyil, həm də kollektiv yaddaşın qaya kimi sərt lövhəsidir. Hər daşda ilahi sözün silinmiş kölgəsi, hər sütunda ata kədərinin ləkəsi, hər arkada bolşevik gülləsinin izi görünür. Odur ki, keçmişin izlərini qorumaq təkcə memarlıq məsuliyyəti deyil, milli özünüdərk borcudur.
“Tikdim, izim qala” – bu sadə cümlə Ağa Musa Nağıyevin həyat yolunu və məqsədini ifadə edən bir şüar idi. Bəs biz izimizin qalması üçün nə etmişik?
Pingback: Dövlət İdeologiyasının Memarlıqda Qoyduğu İzlər - Memarın Dəftəri