Skip to content

Şəhərsalmada Ansambl Yaratmamağın əhəmiyyəti

Biz evimizdə bir əşyanın yerini dəfələrlə dəyişir, ona ən uyğun küncü axtarırıq. Bu kiçik dəyişikliklərdə belə, həyatımızın axarını, ruhumuzu və komfortumuzu nəzərə alırıq. Bəs niyə böyük miqyasda, bir bina tikilərkən eyni diqqəti göstərmirik? Niyə şəhərsalmanı unudub, yalnız beton, metal və şüşədən ibarət sərt strukturlar düzəldirik? Müasir şəhər həyatına passiv inteqrasiya edilmiş binaların sayı günü-gündən artır.

Memarlıq sadəcə “tikinti sənəti” deyil, o, insan və məkan arasındakı dialoqdur. Lakin müasir dövrdə bu dialoq kəsilmiş kimi görünür. Biz binaları yalnız funksional obyektlər kimi qəbul edib, onları şəhərin canlı, nəfəs alan orqanizmi ilə əlaqələndirmirik. Nəticədə şəhər, insan üçün sərt, passiv və yad bir mühitə çevrilir.

Evimizin interyerini formalaaşdırakən daima rahatlıq axtarırıq, məkanı özümüzə uyğunlaşdırırıq. Amma bina layihələndirərkən biz insanın dəyişkənliyini, həyatın axarını nəzərə almırıq. Tikinti prosesində hər detal öncədən qərarlaşır və dəyişmək çətindir. Bina bir növ “donmuş zaman” halına düşür, ona uyğunlaşmaq isə insanlara qalır.

Bu vəziyyətin əsas səbəbi müasir şəhərsalma fəlsəfəsinin itməsi, kapital və səmərəlilik prinsiplərinin insan təcrübəsinin qarşısına keçməsidir. Biz bina tikirik ki, maksimum kvadrat metr əldə edək, daha çox insan yerləşdirək, amma bəzən şəhərin mədəniyyətini, insan ruhunu, sosial əlaqələrini nəzərə almırıq. Halbuki, memarlıq ansamblı, şəhərin ritmini qorumaq və insana vizual və funksional rahatlıq bəxş etmək baxımından əhəmiyyətli rol oynayır.  Bina və şəhər, həyatın zənginliyini əks etdirməli olduğu halda, biz onları məhdud, funksional konteynerlər kimi görürük.

Şəhərsalma nədir və niyə vacibdir?

Şəhərsalma şəhərin planlaşdırılması, binaların və infrastrukturun uyğun yerləşdirilməsi prosesidir. Yaxşı şəhərsalma:

  • İnsanların rahat hərəkətini təmin edir
  • İctimai məkanların funksional olmasını təmin edir
  • Estetik və ekoloji balans yaradır

Müasir layihələrdə isə şəhərsalmanın əhəmiyyəti azalır, bu da şəhər mühitinin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Ansambl nə deməkdir?

Ansambl memarlıqda binaların bir-biri ilə və ətraf mühitlə ahəngdar şəkildə yerləşdirilməsi deməkdir. Müasir dövrdə binalar müstəqil obyekt kimi tikilir, onların ümumi şəhərsalma kontekstində uyğunluğu nəzərə alınmır. Bu, şəhərin funksionallığını və estetikliyini zəiflədir.

Bina layihələndirərkən şəhərsalmanı niyə nəzərə almırıq?

  • Kapital və sürətli tikinti tələbləri
  • Şəhərsalma qaydalarının zəif tətbiqi
  • İnsan ehtiyaclarından çox iqtisadi göstəricilərə əhəmiyyət verilməsi

Bu səbəblər binaların şəhər mühitinə uyğunlaşmasını çətinləşdirir.

Şəhərsalma və memarlıqda uğurlu layihələr üçün tövsiyələr

  1. İnsan yönümlü memarlıq – Tikililər sakinlərin ehtiyaclarına cavab verməlidir.
  2. Ətraf mühitlə uyğunluq – Binalar ətrafdakı məkan və digər obyektlərlə harmoniyada olmalıdır.
  3. Çevik planlaşdırma – Məkanın istifadəçilərinin dəyişən ehtiyaclarına uyğun olaraq dəyişdirilə bilən layihələr hazırlanmalıdır.
  4. İctimai məkanların inkişafı – İnsanların bir araya gələ biləcəyi, sosiallaşa biləcəyi məkanlar təmin edilməlidir.

Bakının memarlıq mənzərəsində həm tarixi, həm də müasir gözəlliklər mövcuddur. Lakin çox vaxt bu gözəlliklər doğru məkanlarda yerləşmədiyinə görə, onların dəyəri tam şəkildə görünmür. Məsələn, 28 May metrosu ilə üz-üzə yerləşən hündürmərtəbəli yaşayış binası buna bir nümunədir.

Bu binanı fasadında özünəməxsus assimetrik dairəvi və düzbucaqlı eyvanlar kombinə olunub, bu isə binaya vizual dinamika və plastiklik verir, memarlıq baxımından diqqət çəkir və şəhər üçün maraqlı bir layihə kimi görünür. Amma həmin binanın ətrafındakı kiçik binaların arasında, düzgün şəhərsalma prinsiplərinə uyğun gəlməyən yerdə tikilməsi, fasad plastikasının zənginliyi, vizual identiklikyini itirir. İnsan gözü üçün yorucu olan bu binanın yeri, məkanın harmoniyasını pozur və ətrafındakı kiçik ölçülü binaların gözəlliyini azaldır.

Burada problem təkcə binanın dizaynında deyil, onun yerləşdiyi məkanla əlaqəsindədir. Memarlıq yalnız gözəl forma yaratmaqdan ibarət deyil; həm də o, yerləşdiyi mühitlə uyğunlaşmalı, insan təcrübəsini zənginləşdirməlidir. Beləcə, binanın gözəlliyi, onun şəhərsalma kontekstində necə qəbul olunmasından asılıdır.

Bu nümunə bir daha göstərir ki, şəhərsalma və memarlıq bir-birindən ayrı düşünülməməlidir. Hər bir bina, ansamblın bir hissəsi olaraq, həm öz estetik dəyərini, həm də yerləşdiyi məkanın ruhunu gücləndirməlidir. Əks təqdirdə, nə qədər maraqlı memarlıq layihəsi olsa da, yanlış yerdə yerləşməsi insanlarda narahatlıq və göz yorğunluğu yaradır.

Unutmayaq ki, şəhər Lego oyunu deyil ki, bir binanın yerini bəyənmədikdə onu götürüb başqa yerə qoyaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir