Fəlsəfənin harada başladığını soruşulsa, bir çoxları kitabxana, məktəb və ya saray kimi məkanlar səsləndirəcək. Amma bu, yalnız yarımçıq həqiqətdir. Fəlsəfə öz ilkin nəfəsini insanların arasında, gündəlik həyatın içində, alış-verişin, söhbətlərin və qarşılaşmaların mərkəzi olan bazar yerində almışdı.
Hələ eramızdan əvvəl qədim yunan dünyasında filosoflar, Sokrat, Platon, Diogen, öz fikirlərini məhz bazar meydanlarında, agoralarda səsləndirirdi. Onlar divar arxasında deyil, həyatın tam ortasında, çörək satanla, toxucu ilə, səyyahla bir yerdə suallar verirdi: “Nə üçün yaşayırsan?”, “Ədalət nədir?”, “Xoşbəxtlik nədə gizlidir?” Bazar, sadəcə məhsul mübadiləsi məkanı deyildi o həmdə, fikir mübadiləsinin beşiyi idi.
Bazarın memarlığı
Qədim bazarların memarlığı yalnız fiziki struktur deyil, eyni zamanda fəlsəfi çağırış idi. Açıq meydanlar, bir-birinə qovuşan yollar, insanların qarşılaşmalarını zərif şəkildə tənzimləyən axıcı keçidlər, hər biri insanın insanla dialoquna xidmət edirdi. Bazar insanları bir-birləri ilə sosiallaşmağa sövq edirdi.
Müasir bazarların planlaşdırılmasında üç məqam həlledicidir. Bunlar təbii kölgə, mikro-iqlimi tənzimləyən su elementləri və təkrar istifadə olunan canlı rəng palitrası. Günəşin sərt şüalarını yumşaldan modul tent sistemləri, yeraltı su kanalları ilə soyudulan daş örtüklü döşəmələr və yoldan kənarlaşdırılan texniki zonalar həm satıcının, həm alıcının rahatlığını artırır. Bu cür müdaxilələr bazarın iqtisadi səmərəliliyini yüksəldir, çünki ziyarətçinin razı qalması daha çox vaxt keçirtmək və daha çox alış-veriş etmək deməkdir. Bazar memarlığı, təkcə ticarət üçün deyil, insanların qarşılaşdığı, ünsiyyət qurduğu və şəhərin sosial ritmini hiss etdiyi açıq ictimai məkanların dizayn sənətidir.
Bugünkü bazarlar
Bəs bu gün?
Bugünkü bazarların çoxu artıq yalnız ticarət funksiyasına sıxışdırılıb. Bazarlar artıq sosial qarşılaşma mərkəzi deyil, sadəcə “al-ver nöqtəsi” kimi dizayn olunur. Hətta deyərdim ki al-ver funksiyası da tam icra oluna bilmir çünki insan sıxlığının hərəkəti tam olaraq nəzərə alınmır.
Halbuki bazar insanın öz həmnövü ilə qorxusuz, rəsmi çərçivələrdən uzaq şəkildə qarşılaşa bildiyi nadir məkanlardan biri idi. İstər həkim ol istər alim istərsə də təmizlikci, bazarda sosial statusun heç bir əhəmiyyəti yoxdur. İnsanlar orada təkcə meyvə deyil, fikir, xəbər, ümid paylaşır. Çünki bazarlarda hər təbəqəyə aid insan olur və onlar orada kimliklərini bir kənara qoyurlar.
Pis Məkanlar – Ucuz Qiymətlər?
Bir zamanlar mədəniyyətin mərkəzi olan bazarlar, bu gün mədəniyyətsizliyin timsalına çevrilib. Bakının 8-ci km bazarını düşünün: qışda palçıqlı, yayda nəfəs almaq mümkünsüz dərəcədə isti. Hərəkət etmək isə çətin, çünki bazarın strukturu insanların axınına cavab vermir.
Başqa bir misal Lənkəran bazarı, burada maşın yolu, piyada yolu və satış sahəsi bir xəttə sıxışdırılıb. Maşın keçmək üçün məhsullar yerdən yığışdırılır, İnsanların alış-verişini dayandırır və maşınlara yol verir. Nə çox ölkəmizdə bu cür nümunələr…
Əlbəttə, yaxşı nümunələr də var, misal Yaşıl Bazar kimi. Lakin bu gün şəhərin neçə faiz əhalisi yaşıl bazardan alış-veriş edə bilir? Bazar səliqəlidir təmizdirsə demək məhsul 2-3 qat bahasına satılmalıdır? Bu gün 8-ci km bazarı təmir olunsa qiymətlər bahalaşacaq? Niyə ucuz məhsul ancaq pis məkanlarda satılır? Demək biz məhsul yox məkanda keçirdiyimiz vaxtı satın alırıq?
Tarixlə və İndinin Kəsişməsi
Bugünkü nəsil bazarın nə olduğunu, daha doğrusu, onun əsl əhəmiyyətini dərk etmir. Bazarın yalnız ucuzluq və toz-torpaqla əlaqələndirilməsi bu mədəniyyətin süqutudur. Supermarketlərin steril divarları insanın sosial yaddaşını zəiflədir. Bazar mədəniyyəti məkanla birgə itir. Halbuki bazarlar həm tarixdir, həm də indi. Onları yaşatmaq isə memarlığın, şəhərsalmanın və insanlığın ortaq borcudur.
Sosial Ritm
Bazar fəlsəfəsi təkcə ideyaların deyil, sosial ritmlərin də məkandır. Səhər tezdən tərəvəz satan satıcının gur səsi, axşamüstü quru meyvə dükanının ətri — bunların hər biri şəhərin kollektif yaddaşına toxunan miniatür hekayələrdir. Elektron ticarət dövründə “klaviatura bazarı” fenomeni yaranıb; buna baxmayaraq, insanlar hələ də toxuna, qoxlaya, dadına baxa biləcəkləri fiziki bazarlara ehtiyac duyur. Uğurlu şəhərlər bu iki reallığı birləşdirir: onlayn sifarişlər üçün bazardaxili çatdırılma mərkəzləri yaradılır, satıcı-alıcı əlaqəsi mobil tətbiqlərlə gücləndirilir, bazar isə yalnız ticarət məkanı yox, eyni zamanda ictimai tədbirlər üçün açıq platforma kimi funksionallaşdırılır. Beləliklə, bazar fəlsəfəsi rəqəmsal dövrdə yeni təbəqə qazanır, həm sürəti, həm də ünsiyyəti optimallaşdırır.
Bəs biz bazarlar mədəniyyətini itirməklə yalnız ticarət məkanını, yoxsa insanın insanla qarşılaşa bildiyi sonuncu azad məkanı itirmiş oluruq?