Skip to content

Bakının Küləyi İnsan Xarakterinə Necə Təsir Edir?

Bir şəhərin iqlimi, ritmi, sükutu və səsi, bir sözlə abu-havası, insan xarakterinin formalaşmasında necə rol oynaya bilər? Bu sual romantik görünə bilər, lakin reallıqda yaşadığımız mühitin ruhumuza, davranışımıza və hətta gündəlik qərarlarımıza təsiri əhəmiyyətlidir.

Belə bir mühitdə formalaşan insanın davranış və düşüncə tərzində əks-səda verən təsirlərdən biri də Bakı küləyidir. Bəs görəsən, Bakı küləyi bizi də sərtləşdirirmi? Uşaqlığımızdan bəri sərt əsən bu küləklə böyümək, hər addımda ona qarşı dayanmaq, bəlkə də içimizdə bir inad, bir dayanıqlıq oyadır. Əlbəttə, xarakterimizin bütün sərtliyini küləyə yükləmək ədalətli olmaz – tıxaclar, piyada səkilərinin çatışmazlığı, azalan yaşıllıq sahələri də bu mənzərənin parçalarıdır. Lakin gəlin bu yazımızda yalnız küləyə fokuslanaq.

Küləklər şəhərində küləksiz yaşamaq mümkündürmü? Tarix boyu bu sual müxtəlif şəkildə cavablandırılıb. Bunun ən gözəl nümunəsi İçərişəhərdir. Orta əsrlərdə də külək Bakı sakinlərini narahat edirdi və o dövrün memarları bu problemi həll etməyin yolunu tapmışdılar. İçərişəhərin dairəvi məhəllələri və 120-130 dərəcə bucaq altında tikilmiş divarları məhz küləyin təsirini azaltmaq üçün nəzərdə tutulmuşdu. Külək divarlar arasında fırlanıb daha sərt hal alaraq küçələrdə boğulmasın deyə, memarlar şəhərin təbii relyefinidə nəzərə alaraq küləyə qarşı xüsusi formada layihələndirilmişdir.

Bugün İçərişəhərdə bəzən yenidən sərt küləklə qarşılaşırıq. Bunun əsas səbəbi isə bəzi tarixi tikililərin sökülməsi və yerində forma ilə uyğunlaşmayan müasir tikililərin ucaldılmasıdır. Beləliklə, əsrlərdir işləyən külək müdafiə sistemi sarsılır.

Qış aylarında Bakıda iki göydələnin arasından keçərkən küləyin insanı boğacaq qədər gücləndiyinə şahid oluruq. Tikilən binaların külək axınını necə dəyişəcəyinə dair hesablamalar və layihələr aparılmadan ucaldılması nəticəsində şəhər sakinləri təbiətlə mübarizə aparmalı olurlar.

Bu gün biz texnologiya və elmdə o qədər irəliləmişik ki, külək kimi təbii hadisələrlə daha ağıllı davranmağımız gözlənilir. Amma sual yaranır: Biz bu problemi həll edə bilmirik, yoxsa həll etmək istəmirik? Əgər əsrlər öncə daşla və zəhmətlə qurulan İçərişəhər küləyə qarşı bu qədər ustalıqla dizayn edilə bilmişdisə, bugünkü memarlıq və şəhərsalma niyə eyni düşüncəni davam etdirmir?

Deməli, sual təkcə “külək bizi necə dəyişir?” deyil, həm də “biz küləyə necə cavab veririk?” olmalıdır. Əgər küləklər şəhəri Bakını sevə-sevə yaşamaq istəyiriksə, onunla savaşmaq yox, onu anlamaq, onunla uyğunlaşmaq mədəniyyətini yenidən bərpa etməliyik. Yalnız o zaman, şəhərimizlə aramızda əsrlərin qoruduğu o görünməz əlaqə yenidən canlana bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir