İnsan, var olduğu gündən bəri bir damın altına sığınma ehtiyacı ilə yaşayıb. Amma bu ehtiyac sadəcə fiziki qorunmaqdan ibarət deyildi; insan eyni zamanda bir məna, dəyər, sabitlik axtarışındadır. Çünki ev, sadəcə kərpicdən, betondan ya da taxtadan ibarət bir quruluş deyil o, həmdə insanın özünü həyata köklədiyi məkandır. Bu baxımdan, bir ev “nə ilə” inşa edilməlidir sualı, əslində “necə yaşamaq istəyirəm?” sualının cavabına çevrilir. Dəmir-beton konstruksiya və taxta arasında seçim edərkən, sadəcə materiala deyil, həyata necə baxdığımıza qərar veririk.
Dəmir-beton, müasir dünyanın riyazi tərəfidir. Fiziki qüvvələrin, mühəndis hesablarının, sərtlik və möhkəmliyin dilidir. Betonun sabitliyi ilə dəmirin dayanıqlığı birləşdirir. Ancaq burada maraqlı bir paradoks gizlənir: Dəmir-beton konstruksiya nə qədər möhkəmdirsə, bir o qədər də diqqət və nəzarət tələb edir. Onun uzunömürlülüyü, insanın ona olan münasibətinə bağlıdır. Koroziya, zəif torpaq həlləri, Düzgün aparılmayan tikintiişi– hər biri zamanın səssizcə binaya yaratdığı çatlaqlar kimidir. Sanki insan və ev arasında bir etibar oyunu oynanır. Və bu oyun diqqət, dəqiqlik və sevgi tələb edir.
Taxta, torpaqla nəfəs alan, yağışla yaşlanan, günəşlə təravət tapan bir canlıdır. Zamanla qocalsa da, bu qocalıq çöküş deyil, təbiətin bir hissəsinə çevrilən zərif bir maddədir. Statik deyil, yaşayan, dəyişən, nəfəs alan bir varlıq kimi taxta ev elastikliyi ilə fərqlənir və təbiətlə harmoniya içində davranır. Zəlzələ anında bükülür amma qırılmır; bəlkə də bu, insanın ən ali keyfiyyəti olan uyğunlaşma bacarığının təcəssümüdür.
Zəlzələ – yerin nəfəsi, həyatın sarsılmasıdır. Dəmir-beton konstruksiya bu nəfəsi qarşılayan bir qaladır; təməlində möhkəm durmağa çalışar. Amma hər qala zamanla köhnəlir. Taxta isə bu nəfəsi hiss edir, ona uyğunlaşır, onunla bir yerdə hərəkət edir. Hər ikisi də qoruyar – fərqli yollarla. Dəmir-beton konstruksiya öz gücü ilə, taxta isə öz incəliyi ilə…
Bir evin ne qədər yaşayacağı, əslində onun necə yaşadığı ilə bağlıdır. Möhkəm bir Dəmir-beton konstruksiyalı bina da, yaxşı baxılmış bir taxta ev də yüzillərlə yaşaya bilər. Amma hər biri fərqli bir yaddaşa malikdir: biri sakit və sabit bir duruşla, digəri isə çevik və canlı bir həyatla. Bu nöqtədə qərar, nə qədər pul xərcləmək istədiyinizdən çox, necə bir həyat xəyali qurduğunuza bağlıdır.
Bu gün ev tikmək, sadəcə bir məkan inşa etmək deyil, eyni zamanda təbiətlə bir müqavilə bağlamaqdır. Dəmir-beton konstruksi daha çox enerji tələb edər, iz buraxar; taxta isə, düzgün mənbədən gəldikdə təbiətlə harmoniyada yaşayan, karbonu saxlayan və gələcək nəsillərə sağlam bir dünya miras qoyan davamlılıq yaradan bir seçimdir. Burada qərar – təkcə rahatlıq deyil, həmdə vicdan məsələsidir. Öz evini qurmaq, bir həyat fəlsəfəsi seçməkdir. Mərmər divarlar arasında sakit bir həyat, yoxsa təbiət səsləri ilə dolu bir taxta otaq?
Ev tikmək sadəcə daşları üst-üstə yığmaq deyil, insanın öz həyat fəlsəfəsini, dünyaya baxışını və dəyərlərini maddi dünyaya çevirməsidir. Dəmir-betonun sərt sabitliyi ilə taxtanın canlı elastikliyi arasında seçim edərkən, biz yalnız materialı deyil, necə yaşamaq istədiyimizi seçirik. Hər ev, sahibinin ruhunu daşıyan bir hekayədir; ən önəmlisi isə, orada insanın özünü evdə, təhlükəsiz və mənalı hiss etməsidir.