Skip to content

Kənd Həyatımı, Şəhər Həyatımı?

İbtidai dövürdə dünyanın, yaşayışın necə olduğunu heç təsəvvür etmisiniz? İnsanların hələ daimi yaşayış məskəni qurmadığı, yemək tapmaq üçün daim köç etdiyi, mağaralarda yaşadığı o dövrlərdə yaşamaq istərdiniz? O dövrlərdə bir rayondan digərinə getmək bəlkə də bir həftə çəkirdi. İndi isə maşınlar vasitəsilə bir saata, internet və kameralar vasitəsilə bir neçə millisaniyəyə o məsafələri qət edirik. Bəli, bu gün yaşamaq daha asandır, texnologiya həyatımızı çox asanlaşdırıb.

Lakin bir sual yaranır: Hansı dövr daha yaxşı idi? Bu suala cavab vermək çətindir. Çünki hər iki dövrü yaşamadan ədalətli qərar vermək olmaz. Əslində insan adətən sahib olduqları ilə kifayətlənməyən, daim narazı olan bir varlıqdır. Kənddə yaşayan şəhərə getmək istəyir, şəhərdə yaşayan isə kənd həyatına həsəd aparır. Hər iki tərəfin haqlı arqumentləri var. Şəhər həyatı xaos, səs-küy, ekoloji çirklənmə və hətta insan çirkliliyi deməkdir. Kənd həyatı isə daha çox fiziki zəhmət və qarşılığında daha az qazanc.

Kapitalist sistemin ən böyük psixoloji aldatması isə budur ki, bu sistemdə hər kəs varlı ola bilər, hər kəs yüksələ bilər. İnsanlar bu iluziyaya inanaraq “yüksəlmək” arzusu ilə kəndi tərk edir. Şəhərli isə kəndə yerləşmək arzusunu reallaşdırmağa cəsarət etmir.

Digər tərəfdən isə insan fiziki işi həmişə əziyyətli, əqli işi isə nisbətən asan qəbul edir. Amma bu da bir yanılmadır. Heç kim gecə-gündüz torpaqda işləməyi zehni işdən daha asan qəbul etməz. Halbuki zehni iş görmək üçün də insan illərlə gecələr yuxusuz qalır, imtahanlardan keçir, psixoloji gərginliklə mübarizə aparır.

Bu düşüncələr bizi bir suala gətirir: İnsan üçün həqiqi xoşbəxtlik haradadır? Zaman dəyişir, yaşayış formaları təkmilləşir, amma insanın daxili narahatlığı, daim bir yerlərə çatmaq istəyi dəyişmir. Tarixin ibtidai dövründən tutmuş bu günün yüksək texnologiyalar dövrünədək insan, əslində, eyni sualın cavabını axtarır: “Harada yaşamalıyam? Necə yaşamalıyam ki, özümü tam hiss edim?” Həyatın şəhərdə, ya kənddə, ibtidai dövrdə, ya da müasir dünyada olmasından çox, insanın öz həyatına necə mənalar yüklədiyi vacibdir. Və bu dünya, texnologiyadan, məkandan, dövrdən asılı olmayaraq, ancaq özünü tanıyan, zəhmətin və düşüncənin balansını tapan insanlar üçün həqiqi mənada yaşamalı bir yerə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir