Biz çox vaxt yaşayış yerimizi seçərkən praktik meyarlara əsaslanırıq, bina neçə mərtəbədən ibarətdir, lift varmı, yetəri qədər gün işığı düşürmü, yaxınlıqda market varmı… Amma bir detal var ki, onu nadir hallarda dəyərləndiririk: mənzərə. Gözümüzün hər gün gördüyü dünya, ruhumuzun içində qurduğu səssiz danışığın ən əsas hissəsinə çevrilə bilər.
Maraqlı bir tədqiqat aparılmışdır ki yuxarı mərtəbələrdə yaşayan insanlar, aşağı mərtəbədə yaşayanlarla müqayisədə daha az gəzintiyə çıxırlar. Bu, ilkin baxışda qəribə görünə bilər, axı insanlar hərəkət etməli, gəzməli, nəfəs almalıdır, buna mənəvi olaraq ehtiyyacımız var. Amma burada çox dərin bir səbəb gizlənib: vizual doymuşluq.
Yuxarı mərtəbədə yaşayan insanın mənzərəsinin geniş olmağıdır. Bu sadəcə estetik üstünlük deyil, eyni zamanda psixoloji və neyrobioloji baxımdan ruhi ehtiyacların ödənməsinə səbəb olur. Bu insanlar ruhən gəzintiyə çıxırlar — yerimədən, küçəyə enmədən, sadəcə baxaraq.
Aşağı mərtəbədə isə vizual sahə daralır. Göz qarşısında daha çox beton divarlar, qonşu binanın eyvanı, parklanmamış maşınlar var. Bu, insanda bir narahatlıq, bir sıxılmışlıq hissi yaradır. Onun ruhu hələ də genişliyə can atır. Və buna görə də o insan daha çox gəzmək istəyir, daha çox açıq hava, daha çox boşluq axtarır.
Hündürlük sadəcə fiziki bir məsafə deyil, həm də bir düşüncə qatıdır. Yuxarı mərtəbələrdə yaşayan insanlar bəzən daha çox özünə qapanır, daha az sosiallaşır. Çünki o mənzərə onlara təkliyi gözəl göstərir. Tənhalıq daha zərif görünür, daha sakit, daha dərin. Aşağı mərtəbədə isə hər şey daha canlıdır – səslər, insan axını, həyatın hərarəti. Bu, insanı daha çox hərəkətə, ünsiyyətə və xaricə yönəldir.
Hər birimizin pəncərəsi var. Amma görmək istədiyimiz dünya içimizdə başlayır. Bəzilərimiz onu yuxarı mərtəbədən sakit-sakit seyr edir, bəzilərimiz isə küçələrdə gəzir, parkda nəfəs alır, uzağa getmək ehtiyacı hiss edir. Bəlkə də bu, sadəcə mərtəbə fərqi deyil — bu, ruhumuzun hansı “mərtəbədə” yerləşmək istədiyidir.
Sən neçənci mərtəbədə yaşayırsan?
Pingback: Böyük bina ya Böyük Qardaş? - Memarın Dəftəri