Skip to content

Genetik yaddaş

Doğma yer nədir?

Ata-baba kökünün bir torpağa bağlı olması, yoxsa genetik yaddaşımızın bizi o məkana çəkən görünməz cazibəsi? Bəlkə də “doğmalıq hissi” dediyimiz duyğu, genlərimizdə nəsillər boyu ötürülən “məkan kodu”nun təzahürüdür.

İnsanın davranış və həyat ritminin formalaşmasında genetik irsin rolu böyükdür. Məsələn, bəzi insanlar gecələr daha enerjili olur, səhərlər isə yataqdan qalxmaq istəmir. Onları tez-tez “bioloji saatını pozanlar” adlandırırlar, lakin bu xüsusiyyətin kökləri qədim insan təcrübəsində gizlidir.

Əcdadlarımız ailəsini və qəbiləsini qorumaq üçün gecələr oyaq qalmağa və keşik çəkməyə məcbur olurdular. Bu davranış minillər boyunca təkrarlanaraq, bu gün bəzi insanların genetik strukturunda “gecə oyaqlığı” kimi öz izini saxlamışdır. Deməli, bədənimizin ritmi və davranışlarımızın bir qismi təkcə vərdişlərin deyil, həm də genetik yaddaşın da məhsuludur.

Bu əlaqəni məkan seçərkən də görmək mümkündür. Məsələn, bir otaqda oturacaq seçəndə yalnız rahatlığa deyil, özümüzü nə qədər təhlükəsiz hiss etdiyimizə də fikir veririk. Otağın ortasındakı böyük və rahat kreslo daha cəlbedici görünsə də, çoxumuz divara söykənən stolu seçirik. Çünki arxamızın qorunduğunu hiss etmək bizə rahatlıq verir. Bu davranışın arxasında da genetik mexanizm dayanır: arxasını möhkəm səthə söykəmək, qədim insanın yırtıcılardan qorunmaq üçün seçdiyi təbii instinktdir.

İnsan, ətrafı görə bildiyi və nəzarətdə saxlaya bildiyi yerlərə daha çox meyl edir. Tarix boyu yüksək nöqtələr təpələr, qalalar, qüllələr həm təhlükədən qorunmaq, həm də ətrafı izləmək üçün mühüm rol oynayıb. Bu genetik yaddaş bu gün də bizim davranışlarımızda yaşayır.

Məsələn, bir restoranda və ya kafedə yer seçərkən çox vaxt küncdəki masaya yönəlirik. İçəriyə girənləri seyr edə biləcəyimiz, amma özümüzün çox da diqqət çəkmədiyimiz bir nöqtə axtarırıq. Bu rahatlıq və ya zövq məsələsi deyil, müşahidə etmək və görünməmək istəyidir.

Bu seçim bizə psixoloji olaraq rahatlıq verir. Çünki ovçu və ya ovlanan canlı baxımından yanaşsaq, ətrafı görə bilmək və eyni zamanda təhlükədən gizlənmək böyük üstünlükdür.

Genetik yaddaş
Genetik yaddaş

Ətrafı görə bilmək ehtiyacı isə yalnız məkanın quruluşu ilə məhdudlaşmır. İşıq və rəng də beynimizin məkanı necə qəbul etdiyinə təsir edir.

İnsanlar təbii işığın daxil olduğu məkanlarda özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Qaranlıq və dar yerlər isə instinktiv olaraq beyin tərəfindən “təhlükə siqnalı” kimi qəbul olunur. Bu, qədim zamanlardan gələn bir kodlaşdırmadır: qaranlıq “bilinməyən” deməkdir, bilinməyən isə potensial təhlükə.

Ona görə də uzun müddət pəncərəsiz bir məkanda qalmaq insanın psixikasına təsir edir, sıxıntı və depressiv əhval yaradır. Hətta bəzən memarlıqda bu təbii ehtiyacı kompensasiya etmək üçün pəncərəsiz otaqların divarına pərdə asaraq “pəncərə varmış kimi” vizual illüziya yaradılar.

Rənglərin təsiri də eyni kökdən qidalanır. Məsələn, yaşıl və mavi tonların insana sakitlik verməsi, çox güman ki, əcdadlarımızın təbiətlə uzunmüddətli təmasının nəticəsidir. Min illər boyu insan gözü meşənin yaşılına, səmanın mavisinə alışıb, beyin bu rəngləri təhlükəsiz və tanış kimi qəbul etməyə başlayıb. Bəlkədə elə buna görə dünya əhalisinin 60% ən sevdiyi rəng mavi və yaşıldır. Bizi əhatə edən dizaynlar, interyerlər, hətta reklamlar da bu bioloji mexanizmi çox yaxşı anlayır və rənglərin dili ilə hisslərimizə təsir etməyi bacarırlar.

Deməli, təhlükəsizlik hissimiz yalnız oturduğumuz yerin mövqeyi ilə deyil, ətrafımızı necə gördüyümüz və qəbul etdiyimizlə də bağlıdır. İşıq, rəng, görünüş və məkanın quruluşu birlikdə beynimizə həmin mühitin nə qədər tanış və təhlükəsiz olduğunu hiss etdirir.

Ancaq bu gün vəhşi təbiətdə yaşamırıq və ov etmirik. Buna baxmayaraq, keçmişdə təhlükəsizliyimizi təmin edən həmin davranışlar bu gün də məkan seçimlərimizə təsir edir.

Memarlığın və texnologiyanın bütün inkişafına baxmayaraq, insan hələ də bu təbii impulsların təsiri altındadır. Bu impulslar bizi bəzi məkanlara yaxınlaşdırır, digərlərindən isə uzaqlaşdırır. Halbuki həmin davranışların formalaşmasına səbəb olan təhlükələrin böyük hissəsi artıq mövcud deyil.

Başqa sözlə, təhlükənin özü keçmişdə qalsa da, ona qarşı formalaşmış davranış modeli hələ də bizimlədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir