Həyatda qarşıma həm yaxşı, həm də pis insanlar çox çıxıb. Amma son bir ildə əməyimdən sui-istifadə edib onu öz adına çıxaran insanlarla həddindən artıq çox qarşılaşıram. Görünür, yaşadıqlarım hələ də mənə kifayət qədər dərs olmayıb. Çünki eyni vəziyyətin içində təkrar-təkrar özümü tapıram.
Bəlkə də problem insanlara güvənməyimdədir… amma bilirəm ki, dünyada əməyindən sui-istifadə olunan ilk insan mən deyiləm, heç sonuncu da olmayacağam.
Bu bloqumda Marion Mahony Griffindən danışacağam. O, bir çox memarlıq tarixçisi tərəfindən “kölgədə qalmış dahi memar” kimi qiymətləndirilir. Onun işləri bəzi Avropa memarlarına, hətta Le Korbüzyeyə təsir göstərmiş və Kanberra kimi bütöv bir şəhərin memarlıq üslubunun formalaşmasında mühüm rol oynamışdı. Amma şöhrət özünə yox, onun ətrafındakı kişilərə qismət olmuşdu.
1894-cü ildə Marion Massaçusets Texnologiya İnstitutunun memarlıq fakültəsini bitirdi. O, bu universitetin tarixində memarlıq diplomu alan ikinci qadın idi. İllinoys ştatında isə memarlıq fəaliyyəti göstərmək üçün rəsmi lisenziya alan ilk qadın idi.
Əlbəttə, bu faktı bioqrafik bir məlumat kimi oxumaq asandır. Amma Marionun yaşadığı dövrdə memarlıq əksəriyyətin düşüncəsində kişilərə aid peşə idi. Qadının memarlıq təhsili alması belə qeyri-adi göründüyü o dövrdə, peşəkar şəkildə işləməsi və öz adı ilə tanınması isə mümkünsüzə yaxın idi. Marion bütün bunlara baxmayaraq, özünə bu sahədə yer açmağı bacardı. Kouçlar Marionun həyatını yaxşı uğur hekayəsi hesab edər? 🙂
Marion Universiteti bitirdikdən bir il sonra, 1895-ci ildə rəfiqəsinin vasitəçiliyi ilə Çikaqoda Frank Lloyd Wrightın ofisində işləməyə başladı. İlk illərdə əsasən mebel, vitraj və interyer elementlərinin dizaynı ilə məşğul olurdu. Niyəsə qadın memarların bioqrafiyalarını oxuyanda onların mebel dizaynından başladıqlarını görürəm.
Sonralar o, Prairie Məktəbi adlanan və Amerika memarlığında böyük dəyişiklik yaradan yeni istiqamətin inkişafına mühüm töhfə verdi. Xüsusilə memarlıq təsvirləri və layihələrin vizuallaşdırılması sahəsində fərqli üslub yaratmışdı.
Frank Lloyd Wrightın keçmiş əməkdaşlarından biri olan Barry Byrne xatırlayırdı ki, Wright bəzən ofis daxilində əməkdaşlar arasında dizayn müsabiqələri təşkil edirdi və bu müsabiqələrin çoxunu Marion qazanırdı. Lakin Wright onun rəsmlərini özündə saxlayır və sonrakı layihələrində istifadə edirdi. Hətta həmin işlərin müəllifinin “Miss Mahony” olduğunu deyən əməkdaşları cəzalandırırdı da. Wrightın yaradıcılığını sevirdim, Marionu tanıyana qədər… Nə edim, emosianal insanam, məsələyə tərəfsiz yanaşa bilmirəm.
Marionun çəkdiyi rəsmlər Wrightın 1910-cu ildə Almaniyada nəşr olunan məşhur Wasmuth portfoliolarının böyük hissəsini təşkil etdi. Bu iki cildlik nəşr Wrightın Avropada tanınmasına ciddi təsir göstərdi. Portfoliodakı rəsmlər Le Korbüzyenin də daxil olduğu bir çox Avropa modernistinin diqqətini çəkdi. Amma həmin rəsmlərə baxanlar onların əsl müəllifinin kim olduğunu əlbəttə ki bilmirdi.
İllər sonra Marionun işlərindən ibarət sərgi təşkil edən Deborah Wood demişdi ki, insanların Wrightı düşündükdə ağlına gələn məşhur təsvirlərin böyük hissəsini məhz Marion çəkmişdi. Wright isə “sağ ol” demək əvəzinə Marionu özünü təqlid edən biri kimi qələmə verirdi. Həyatda belə insanlar çoxdur.
1909-cu ildə Frank Lloyd Wright qəfil Avropaya getdi. Səbəb isə memarlıq yox, sevgi idi, bunu “sevgi” adlandırmaq da çətindir. Məsələ o idi ki, Wright müştərilərindən birinin həyat yoldaşı ilə “sevgi” münasibəti yaşayırdı. O, gedəndə arxasında qalmaqaldan əlavə yarımçıq layihələr, müştərilər və həll olunmamış xeyli iş də qoydu. Bu işlərin bir hissəsini Marion tamamladı.
Onlardan biri İllinoys ştatının Decatur şəhərindəki üç ev layihəsi idi. Marion həmin layihə üzərində çalışarkən Wrightın keçmiş əməkdaşlarından olan Walter Burley Griffinə müraciət etdi. Bu əməkdaşlıq sonradan onların həyatını tamamilə dəyişəcəkdi. Yaxşı dəyişəcəkdi yoxsa pis onu özünüz oxuyub qiymətləndirin.
Marion və Walterın memarlığa baxışı bir-birinə çox yaxın idi. Hər ikisi təbiəti sevirdi, binaların ətraf mühitə hökm etməsini yox, onunla birlikdə yaşamasını istəyirdi. Və bu düşüncələr ətrafında onlar 1911-ci ildə evləndilər.
Evlilikdən qısa müddət sonra Avstraliyanın yeni paytaxtı Kanberra üçün beynəlxalq memarlıq müsabiqəsi elan edildi. Walter əvvəlcə bu müsabiqədə iştirak etməyə həvəsli olmasa da, Marion onu layihə hazırlamağa razı saldı. Və təəccüblü deyil ki, layihənin ən təsirli hissələrindən biri yenə Marionun hazırladığı təsvirlər oldu.
O, Kanberra üçün on altı böyük vizuallaşdırma çəkdi. Amma Marion Avstraliyada heç vaxt olmamışdı. Buna baxmayaraq, rəsmlərdə Avstraliya landşaftının genişliyi, sərtliyi və təbii quruluşu hiss olunurdu. Binalar dağların, suyun və yaşıllığın içində yerləşirdi. Və layihə qalib gəldi. Amma Marionun adı yenə yox idi.
Lakin, sağ olsun, Walter, Wrightdan fərqli olaraq Marionun töhfəsini inkar etmirdi. Əksinə, müsahibələrindən birində qələbənin özündən daha çox həyat yoldaşına aid olduğunu demişdi. Bu yerdə Walterə rəhmət oxuyaq.
1914-cü ildə Griffinlər Avstraliyaya köçdülər. Marion burada Kanberra layihəsi ilə yanaşı, müxtəlif yaşayış binaları, interyerlər və şəhərsalma layihələri üzərində işləməyə başladı.
Avstraliyada onun töhfə verdiyi ən diqqətçəkən layihələrdən biri Melburndakı Capitol Theatre oldu. Teatrın qeyri-adi həndəsi tavanı bu gün də binanın ən təsirli hissələrindən sayılır.
1935-ci ildə Walterə Hindistandan iş təklifi gəldi. Ona Laknau Universiteti üçün kitabxana layihəsi təklif edilmişdi. Marion bir il sonra onun ardınca Hindistana getdi.
Lakin 1937-ci ildə Walter gözlənilmədən vəfat etdi. Marion həm həyat yoldaşını, həm də illərlə birlikdə çalışdığı yaradıcı tərəfdaşını itirdi. Və bir il sonra o, Çikaqoya qayıtdı. Bura qayıtdıqdan sonra Marion memarlıqla məşğul olmağa davam etdi, mühazirələr oxudu və xatirələrini qələmə almağa başladı.
Marion Mahony Griffin 1961-ci ildə, 90 yaşında vəfat etdi. Həyatının son illərini isə maddi çətinlik içində keçirdi.
Onun ölüm şəhadətnaməsində isə peşəsi “səhvən” dövlət məktəbində müəllim kimi qeyd olunmuşdu.
Bir insan düşünün ki, ABŞ-da lisenziya alan ilk qadın memar olsun, Frank Lloyd Wrightı öz vizual üslubu ilə məşhur etsin, Kanberra kimi bir şəhərin layihəsində əsas rol oynasın, onlarla bina və şəhərsalma işi üzərində çalışsın, amma öləndə belə memarlığı ona yaraşdırmasınlar.
Kölgədə qalan insanların ən böyük faciəsi odur ki, onların əməklərindən istifadə olunur, yaratdıqları başqalarına şöhrət qazandırır. Özləri isə tarixdə kiçik bir qeyd kimi qalırlar.
Marion Mahony Griffin isə kiçik bir qeyd deyildi.


