Skip to content
Home » Louis Kahn və Təzadlar

Louis Kahn və Təzadlar

Yaxşıyla pis, xeyirlə şər, sevgi və nifrət haqqında çox düşünürəm. Amma bu düşüncələr məni heç vaxt bir nəticəyə gətirib çıxarmır. Çünki həyatım boyunca bütün varlığı ilə tamamilə pis və ya tamamilə yaxşı olan bir insanla qarşılaşmamışam. Bəli, mənə qarşı səbəbsiz yerə çox yaxşı davrananlar da olub, tam əksinə, heç bir səbəb olmadan pis münasibət göstərənlər də. Lakin insanları yalnız bizə olan münasibətlərinə görə dəyərləndirmək nə dərəcədə doğrudur? Axı hər kəs kiminsə həyatında qəhrəman, kiminsə həyatında isə mənfi obraz ola bilər. Elə isə insanları həqiqətən onların başqalarına qarşı davranışları ilə mühakimə edə bilərikmi?

Bu məqamda yaradıcılığını çox sevdiyim memarlardan biri olan Louis Kahndan danışmaq istəyirəm. Onun həyatı ilə daha yaxından maraqlanmağa başlayanda mənim üçün qəbul edilməsi çətin olan məqamlarla qarşılaşdım. Louis Kahnın şəxsi həyatı ən az layihələri qədər mürəkkəb imiş. Üç fərqli ailə, üç uşaq, çoxlu yarımçıq qalmış hekayələr və saysız-hesabsız suallar… Açığı, oxuduqlarımın bəzilərini qəbul etmək mənim üçün asan olmadı.

Amma anlayıram ki, burada peşə ilə şəxsiyyəti bir-birindən ayırmaq lazımdır. Onun şəxsi seçimləri ilə razılaşmaya, bəzi qərarlarını doğru hesab etməyə bilərəm. Lakin bunların heç biri onun memarlığa verdiyi töhfələrin dəyərini azaltmır. Bu faktlar mənim onun işlərinə olan heyranlığıma da mane olmur.

Əslində tarixdə bir çox insanlar olub ki, şəxsi həyatlarını nümunə hesab etməsəm də, yaratdıqları əsərlərə heyranam. Və anlayıramki bu həyatda mükəmməl insan yoxdur. Və ya mükəmməl həyat yaşamağa çalışanların hansı bu həyatda iz qoya bilibki?

Banqladeş Milli Assambleya Binası

Əgər Louis Kahnın memarlığa baxışını tək bir layihə ilə ifadə etmək lazım olsaydı, yəqin ki, bu Banqladeş Milli Assambleya Binası olardı. Bu bina müasir memarlığın ən mühüm nümunələrindən biri hesab olunur. Modernist memarlığın əsas prinsipləri olan funksionallıq, sadəlik və formanın funksiyaya tabe olması burada aydın şəkildə öz əksini tapır. Lakin layihə yalnız müasir memarlıq yanaşmasını nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda Banqladeşin tarixi, mədəniyyəti və milli kimliyini özündə əks etdirir.

Louis Kahn və Təzadlar
Banqladeş Milli Assambleya Binası

Dünyanın ən böyük parlament komplekslərindən biri olan bu tikili monumental ölçüləri və özünəməxsus memarlıq dili ilə seçilir. Binanın layihələndirilməsinə 1960-cı illərdə başlanılıb. Banqladeş müstəqillik əldə etdikdən sonra isə bu tikilinin mənəvi əhəmiyyəti daha da artıb. Kompleksin memarlıq həlli məkanın səmərəli təşkilinə xidmət etməklə yanaşı, güclü vizual təsir də yaradır. Fasadlarda istifadə olunan iri həndəsi açılışlar, dərin boşluqlar və işıq-kölgə kontrastları binaya özünəməxsus dinamika qazandırır. Bu elementlər həm təbii işıqlandırmanı təmin edir, həm də memarlıq kompozisiyasının əsas ifadə vasitəsinə çevrilir.

Binanın estetikası, pəncərələrin ənənəvi yerləşdirilmə üsulu əvəzinə, fasad boyunca üçbucaq, kvadrat və dairə formalı həndəsi açılışların yaradılması ilə formalaşdırılmışdır.  Həndəsi formaların üstünlük təşkil etməsi binada işıq quyuları vasitəsilə təbii işıqlandırma və ventilyasiya məqsədinə xidmət edir. Binanın üç tərəfini əhatə edən süni göl isə həm estetik görünüş yaradır, həm də isti iqlimin təsirini azaltmağa kömək edir.

Bu gün də binaya baxanda onun parlament üçün deyil də, bir ideya üçün inşa edildiyini hiss etmək mümkündür. İşığın, suyun və həndəsi formaların yaratdığı bu məkan illər keçsə də öz aktuallığını qoruyur.

İndi isə qayıdaq yazının əvvəlində verdiyim suala: sizcə, bir insanı qiymətləndirərkən onun şəxsiyyəti daha vacibdir, yoxsa cəmiyyətə verdiyi töhfələr?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir