Hər bir peşə insanın xarakterinə nəsə qatır. Məsələn, fiziklərin əksəriyyətinin fərqli saç düzümü olması ilə bağlı zarafatlar var 🙂 Memarlarda isə bu xüsusiyyət, mükəmməllik axtarışı, hər şeyə tənqidi yanaşmaq və bəzən də heç nəyi tam bəyənməməkdir deyə bilərik.
Yarada bilməyin verdiyi özünəinam, səhvləri tez görmək və onları düzəltmək istəyi, bəzən isə bir-birimizin işinə qarşı həddindən artıq tələbkar olmağımız… Yox, paxıl deyilik. Əksinə, yaxşı iş görəndə ən çox sevinənlərdən biri də elə memarlardır. Amma bəzilərimiz maddiyyatı peşəkarlıqdan üstün tutur. Hətta maddiyyatı bir kənara qoyaq, bəzi işlər sadəcə zövqsüz olur.
Zövqsüzlük demişkən, məşhur bir ifadə var: “Zövqlər və rənglər mübahisə olunmaz.” Düzdür, amma bu fikir memarlıq üçün nə dərəcədə keçərlidir, bilmirəm.
Məsələn, biri mənim zövqümə görə yaxşı geyinməyə bilər. Baxaram, xoşuma gəlməz və yoluma davam edərəm. Amma söhbət şəhərin ortasında ucalan böyük bir binadan gedəndə vəziyyət bir az dəyişir. Çünki o bina təkcə onu layihələndirən memara aid olmur. O, hər gün minlərlə insanın gördüyü, şəhərin görünüşünə təsir edir. Ona görə də düşünürəm ki, memarlıqda “zövq” anlayışı şəxsi məsələ deyil.
Bir binanın şəhərə nə qatdığını və ya ondan nə apardığını isə ən yaxşı gündəlik həyatın içində hiss etmək olur. Elə buna görə də şəhəri piyada kəşf etməyi sevirəm. Layihə şəkilləri və ya renderlər bir binanı tam izah etmir. Onun şəhərlə münasibətini, insanlara necə təsir etdiyini yalnız gündəlik həyatın içində görə bilirsən.
Şəhərimizdə rahatlıqla piyada gəzə biləcəyim və gəzərkən maraqlı binaları müşahidə edə biləcəyim marşrutlar isə çox deyil. Səhv başa düşməyin, yaxşı tarixi binalarımız kifayət qədərdir. Problem binalarda deyil. Problem onlara baxa-baxa rahat gəzə biləcəyim küçələrin azlığındadır. Ya səkinin ortasında işıq dirəyi çıxır qarşına, ya nahamar döşəmə, ya da səkiyə qəfil dırmaşan avtomobil…
Bu səbəbdən əksər hallarda eyni istiqamət üzrə hərəkət etməyə məcbur oluram. Sahil metrosu yaxınlığından yolum az keçmir. Xüsusilə Sahil bağı ətrafındakı binaları hər dəfə oradan keçəndə diqqətlə izləyirəm.
Amma
Etiraf edim ki, orada bir bina var ki Hər dəfə onu görəndə şəhərə yox, yerə baxıram. Utandığım üçün yox, görməmək üçün…

Bəzən istəyirəm texnologiya elə inkişaf etsin ki, bizə sehrli eynəklər versinlər və şəhərdə görmək istəmədiyimiz obyektləri görməyək. Maraqlıdır o eynəyi taxandan sonra müasir tikili adı altında neçə bina görə bilərəm?

Bir şeyi anlaya bilmirəm. Bir bina niyə özündən əvvəlki dövrün binalarını təqlid etməlidir? Axı sən XXI-ci əsrdə tikilmisən.
Yadıma gəlir, bina yeni tikiləndə fasadı indiki qədər yüklənməmişdi. O zaman düşünürdüm ki, zaman keçdikcə şəhərin bir hissəsinə çevrilər və göz öyrəşər. Bu gün həmin küçədən keçəndə diqqətimi başqa istiqamətə yönəltməyə çalışıram. Təəssüf ki, belə ölçüdə bir binanı görməməzlikdən gəlmək o qədər də asan deyil.
Bilirsiniz, bəzən elə layihələr olur ki, tikinti başa çatanda memarın ilkin ideyasından əsər-əlamət qalmır. Ola bilsin ki, burada da vəziyyət belədir. Bəlkə də memarın özü bu binaya baxanda xəcalət çəkir. Amma hətta belə olmasa belə, başqa bir sual qalır: bu qədər iri və iddialı bir binanın ətrafındakı tarixi və alçaqmərtəbəli tikililərin yanında yüksəlməsinə niyə icazə verilib?
Mən şəhərimizdə gəzərkən vəhdət hiss etmirəm. Bilirsiniz, şəhərin siluetinə baxanda ürək kardioqramması yadıma düşür. Bir alçaq bina, yanında qəfil yüksələn nəhəng tikili, sonra yenidən eniş. Fərq ondadır ki, kardioqrammada bu dalğalanmanın səbəbi var, şəhərdə isə onu tapmaq mümkün deyil.
