Skip to content
Home » Məscidin fəlsəfəsi və Emre Arolat

Məscidin fəlsəfəsi və Emre Arolat

Problem ondadır ki, mən çox hissiyyatlıyam, yoxsa başqaları çox hissiyyatsızdır? Düşünürəm ki, empatiya insana verilə biləcək ən böyük əzablardan biridir. Amma həmçinin bu xüsusiyyət insanın ətrafındakı detalları daha dərindən görməsinə səbəb olur.

Memar kimliyimlə deyə bilərəm ki fərqli memarlıq həlləri də məhz buna görə hər zaman diqqətimi çəkir. Bu yazıda da fərqli memarlıq yanaşmaları ilə seçilən məscidlərdən söhbət açmaq istəyirəm.

Son illərdə nadir hallarda da olsa, bəzi məscid layihələrində klassik memarlıq yanaşmasından uzaqlaşaraq daha müasir həllərə müraciət edildiyini görürəm.

Lakin, insanların müasir üslubda tikilən məscidləri böyük həvəslə qəbul etdiklərini deyə bilmərəm. Əslində bunun səbəbini anlamaq çətin deyil. Din əsrlər boyu formalaşmış adət-ənənələrə söykənirsə, Allahın evi niyə müasir memarlıq dilində ifadə olunmalıdır ki? Bəli, bir çox insan məhz bu cür düşünür.

Tarixə nəzər saldıqda isə İslam ölkələrində ən göstərişli tikililər adətən iki məqsədə xidmət edirdi, bunlar ya saraylar olurdu ya da məscidlər. Saraylar hakim ailələr üçün inşa olunurdu, məscidlər isə cəmiyyətin bütün təbəqələrinə xidmət edirdi. Kasıb və ya varlı olmasından asılı olmayaraq hər kəs həmin məkanın bir hissəsi idi. Bu mənada məscidlər müəyyən dərəcədə xalqın sarayları hesab oluna bilərdi.

Bunun həm siyasi tərəfi, həm də dinə olan hörmətlə bağlı tərəfi vardı. Axı söhbət Allahın evindən gedirdi. İnsanlar düşünürdülər ki, əgər bir bina Allahın adına inşa edilirsə, o zaman mümkün olan ən yaxşı şəkildə tikilməlidir. Buna görə də ən istedadlı memarlar, nəqqaşlar və sənətkarlar məhz bu işə cəlb olunur, ən incə işləmələr burada tətbiq edilirdi. Divarlar qızıl suyu ilə işlənmiş naxışlarla bəzədilir, hər bir detal üzərində aylarla, bəzən isə illərlə çalışılırdı. Bu, həm dinimizə, həm də Allaha olan hörmətdən irəli gəlir. Bir növ, “ən yaxşısına layiqdir” mesajı verilir və açığı, mən bunu başa düşürəm.

Çünki gündəlik həyatda da buna bənzər davranırıq. Evimizə əziz bir qonaq gələndə onun üçün xüsusi hazırlaşırıq. Süfrəni daha diqqətlə qurur, evimizi daha səliqəli yığışdırırıq. Bunu bizdən kimsə tələb etdiyi üçün deyil, qarşımızdakına verdiyimiz dəyəri göstərmək istədiyimiz üçün edirik. Allahın evlərinə göstərilən diqqətin və qayğının arxasında da oxşar düşüncə dayanır. İnsanlar ibadət məkanının mümkün olan ən gözəl formada inşa edilməsini öz hörmət və ehtiramlarının ifadəsi kimi görürlər.

Tarix boyu insanlar dinə qarşıda bənzər mövqedən yanaşıblar. Ona görə məscidlər inancın memarlıq dili ilə ifadəsi kimi formalaşıb.   Hətta bəzi dövrlərdə bu yanaşma dini çərçivələri aşaraq nümayiş vasitəsinə çevrilib. Ölkələr və hökmdarlar arasında kimin daha böyük, daha möhtəşəm və daha təsirli məscid inşa edəcəyi ilə bağlı rəqabət yaranıb. Beləliklə, məscidlər yalnız mənəvi deyil, eyni zamanda siyasi gücün, iqtisadi imkanların və nüfuzun göstəricisi kimi də çıxış etməyə başlayıb.

Amma…

Günümüzdə bəzi memarlar bu məsələyə fərqli prizmadan yanaşmağa başlayıblar. Kimi müasirlik və yenilik anlayışlarını ön plana çıxararaq dövrümüzün memarlıq dilinə uyğun məscidlər layihələndirir, kimi isə məsələyə daha çox fəlsəfi tərəfdən yanaşır.

Bu gün isə türk memar Emre Arolatın diqqətimi çəkən layihələrindən biri haqqında danışmaq istəyirəm. Onun bir çox maraqlı işi olsa da, İstanbulda layihələndirdiyi “Sancaklar camii” xüsusi olaraq fərqlənir.

Məscidin fəlsəfəsi və Emre Arolat
Sancaklar Camii

Onun fəlsəfəsinə əsasən dinimiz bizə hər zaman sadə olmağı tövsiyə edir. Göstəriş İslamın təşviq etdiyi bir anlayış deyil. O zaman Allahın evini inşa edərkən niyə sadəliyi deyil də göstərişi seçirik?

Onun fəlsəfəsinə görə, dinimiz bizə hər zaman sadəliyi və təvazökarlığı tövsiyə edir. Göstəriş isə İslamın ön plana çıxardığı anlayışlardan deyil. Bəs bu halda, Allahın evini inşa edərkən niyə sadəlikdən çox təmtərağa üstünlük veririk?

Bu düşüncəni o, layihələndirdiyi məsciddə də əks etdirməyə çalışıb. Məscid həcm etibarilə böyük olsa da, burada artıq dekorativ elementlərdən və təmtəraqlı bəzəklərdən istifadə edilməyib. Memarın məqsədi diqqəti memarlıq nümayişindən çox, ibadətin özünə yönəltmək olub. Onun sözləri ilə desək, yaratmaq istədiyi məkan “yaradanla qul arasında mümkün qədər az maneənin olduğu bir yer” idi.

Sancaklar Camii
Sancaklar Camii

Adətən klassik məscidlərə daxil olduqda məkanın miqyası və əzəməti insan üzərində güclü təsir yaradır. Özümüzü daha kiçik, cılız hiss edir, Allahın qüdrətini daha dərindən dərk etməyə çalışırıq. Memarlıqda bu cür təsir yaratmaq üçün müxtəlif psixoloji üsullardan istifadə olunur.

Arolatın layihəsində isə eyni təsir fərqli üsulla əldə edilməyə çalışılıb. Burada əsas vurğu məkanın böyüklüyünə deyil, işığın yaratdığı hisslərə yönəldilib. Məscidin mehrab istiqamətində təbii işıq mənbəyi yerləşir və məhz bu hissədə tavan hündürlüyü digər sahələrə nisbətən daha yüksək tutulub. Nəticədə insanın baxışı və diqqəti təbii şəkildə həmin istiqamətə yönəlir. Məncə, bu Allahın məkana göndərdiyi nur təsəvvürünü yaradır…

Burada mənim ən çox diqqətimi çəkən element minarə oldu. Açığı, onun arxasında dayanan fəlsəfəni hələ tam anlaya bilməmişəm. İlk baxışdan mənə başdaşını xatırladır. Bəlkə də məqsəd elə budur, insana faniliyini, bu dünyada əbədi olmadığını xatırlatmaq.

Ümumiyyətlə, məscidin memarlığına müxtəlif fəlsəfi mənalar yükləyən insanlar çoxdur. Lakin maraqlıdır ki, memarın özü layihənin fəlsəfəsi barədə demək olar ki, heç nə danışmır. Məncə, o binanın tək bir izahının olmasını istəmir və hər kəsə məkanı öz dünyagörüşü və hissləri ilə şərh etmək imkanı verir.

Ən çox diqqətimi çəkən məqamlardan biri də məsciddə qadınlar üçün nəzərdə tutulmuş məkan oldu. Bildiyimiz kimi, ənənəvi məscidlərin bir çoxunda qadınlar üçün ayrılmış hissə adətən arxa tərəfdə yerləşdirilir. Bu layihədə isə həmin məkan yan tərəfdə təşkil olunub. Beləliklə, qadın və kişi ibadət sahələri arasında daha balanslı bir mövqe hissi yaradılıb.

Məni ən çox düşündürən yanaşma məhz bu olmuşdur, çünki fikrimcə dinimizin mahiyyətinə daha yaxındır. Çünki bizi yaradan Allah bizə ədalətli olmağı buyurursa özü ədalətsiz davranmaz. Allah insanın dəyərini cinsiyyətinə görə müəyyənləşdirməz. Problem dinin özündə deyil, onu necə şərh etməyimizdə və ya necə tətbiq etməyimizdə olur.

Açığı, bu məscidi bəyənib-bəyənməməkdən daha çox onun məndə yaratdığı suallar mənim üçün dəyərlidir. Mən hələ də bu sualların hamısına cavab tapa bilməmişəm. Amma bir şeyi bilirəm ki, bu məscid məni düşündürməyi bacardı.

Memarlar üçün
Sancaklar Camiinin 1-ci mərtəbə planı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir